İNTELEKTUAL QIŞ YUXUSU və ya AMEA-da “Kollektiv Horizontal Təfəkkür Konfransı”

img

25-02-2026 [22:51]


Kəbutər Hakverdi,

Xüsusi olaraq Mia.az üçün

***

Bu gün Azərbaycan elminin tarixində mühüm hadisə baş verdi. Elmin zirvəsində qərarlaşmış alimlər kollektiv şəkildə dərin meditasiya vəziyyətinə keçərək düşüncə enerjisini qənaət rejiminə aldılar.

Belə anladıq ki, elm ayıq zehniyyət  tələb edir. Lakin Azərbaycan elminin indiki vəziyyətndə oyaq olmaq  artıq lüks sayılır. Çünki ölkənin elm elitası bu gün sübut etdi ki, ən böyük intellektual akt – kollektiv yuxudur.  AMEA-da bu gün ilk dəfə olaraq “Kollektiv Horizontal Təfəkkür Konfransı” keçirildi. Təcrübənin məqsədi sübut etmək idi ki, ideyalar yalnız kollektiv xorultu  vəziyyətdə doğulur.

Akademik Xorultu Harmoniyası

AMEA-nın iclas zalında hökm sürən səssizlik adi sükut deyildi — bu, strateji səviyyəli, planlı və sinxronlaşdırılmış intellektual fasilə idi. Sosial mediada yayılan foto-biabrçılıqdan da görünür ki, söhbət sıradan yorğunluqdan getmir. Bu, “Akademik Horizontal Təfəkkür Modeli”nin ilk praktik tətbiqidir.  

Modelin əsas prinsipi sadədir: beyin ayıq olanda çox şey düşünə bilər, lakin yuxu  vəziyyətdə dövlət miqyaslı ideyalar formalaşır. Zalın ümumi mənzərəsi isə təsadüfi deyildi. Bəziləri bunu yuxu adlandırsa da, ekspertlər bunun kollektiv REM – bədən yatmış. Beyin isə oyaq- mərhələsinə nəzarətli keçid olduğunu vurğulayırlar. Çünki böyük kəşflər, məlum olduğu kimi, ya hamamda –(Evrika qışqıran kişinin adı yadımdan çıxdığı üçün yaza bilmədim hə, xatırladım Arximed), ya da yuxuda doğulur. Beləliklə, ölkənin elmi elitası bu gün sübut etdi ki, düşünmək üçün bəzən gözləri yummaq kifayətdir.

Açıq qalan isə yalnız bir sualdır: görəsən bu qədər dərin təfəkkür zamanı hansı yeni nəzəriyyələr dünyaya gəldi?

ELMİ FACİƏ 

İclas zalından çəkilmiş fotoların yayınlanmasının ardından dərhal reaksiya da gəldi: ayıb imiş, alim adamlarmışlar və daha nə mışlar, müşlər…

Təbii ya uzun illərin elmi yükünü çiyinlərində daşımış konfrans salonlarının ən ön sıralarında oturan beyin mərkəzinin vintləri. Yorulublar.  Lakin məsələ ayrı-ayrı insanların yorğunluğunda deyil. Məsələ mənzərənin yaratdığı simvoldadır. Çünki elm cəmiyyət üçün düşünmənin  rəmzidir. İclas zalında kollektiv yuxu isə istər-istəməz başqa sual doğurur: əgər ayıq qalmalı olan institut yatırsa, o zaman ayıq qalmaq kimin payına düşür? (Zalım uşağı heç olmasa biriniz oyaq qalsaydınız o birisini dürtüb yuxudan oyadardınız.)  Bəlkə də bu görüntü təsadüfi deyil. Bəlkə bu, uzun illər davam edən bürokratik monotonluğun təbii nəticəsidir. Söz çox, hesabat çox, protokol çox — amma fikir yorulub. Bəzən sistem o qədər mexaniki işləyir ki, insan orada iştirak edir, amma düşüncə afsaytta qalır.

Yuxu burada fiziki haldan çox, metaforadır. İdeyaların dövriyyəyə buraxılmadığı, mübahisənin risk sayıldığı, təşəbbüsün ehtiyatla qarşılandığı mühitdə şüur özünü  müdafiə rejiminə keçir. Bədən iclasa qatılır, ruh isə fasiləyə çıxır. Və ən ironik tərəfi budur ki, sosial mediada yayılan görüntü insanları məhz oyatdı. Bəlkə də bu iclasın ən böyük nəticəsi hansısa qərar yox, ictimai reaksiya oldu. Çünki bəzən bir şəkil yüz protokoldan daha çox sual yaradır. Problem alimlərin  yatmasında deyil. Problem odur ki,  heç kim elmə nümunə kimi baxmır komediya kimi qəbul edir.  Nümunə burnunu sallayıb qış yuxusuna gedəndə  cəmiyyət təccüblə müşahidə etməyə məcbur olur.  Elm tribunal deyil. Elm istiqamətdir. İstiqamət isə yatmış vəziyyətdə göstərilmir. Əgər fikir istehsal etməli olan məkan kollektiv sükuta qərq olursa, bu artıq yorğunluq yox, sistemik keyimədir. Keyimənin bir şəkli də yuxudur.  Bəlkə də bu mənzərə ən azı bir həqiqəti açıq göstərdi: bina ayaqdadır, kürsülər yerindədir, mikrofonlar işləyir… amma intellektual dinamika 0. 

Tarixdə xalqları zəif salan  fiziki yoxsulluq olmayıb. Bu zəfliyə səbəb olanlardan ən təhlükəlisi zehni arxayınlıq olub. Çünki insan yatanda özü zərər görür, amma institut yatanda gələcək zərər görür. Sosial mediada yayılan şəkillər bir epoxanın fotokadrı kimi yaddaçlara köçəcək. Bu  mənzərə institusional komanın vizual təsviridir. Çünki fərd yorula bilər, amma institutun yuxuya getməsi artıq sistem problemidir.

Elm susanda cəmiyyət danışır; elm yatanda isə gələcək sükuta qərq olur. Daha  təhlükəlisi də var - sükutun normaya çevrilməsi: ziyalımızın “alim adamlardı ayıbdır” deməsi. Doğurdanmı ayıb imiş. Nə olsun ki, kütləvi şəkildə yuxlayırlar. Maraqlıdır  kimisə oyatmaq mümkün olacaqmı, yoxsa artıq hamımız bu komanın içində öz payımız qədər rahatlaşmışıq?

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA