YAP rayon təşkilatının sabiq sədri hakim qarşısında: "Mən öz pulumu xərcləmişəm"

img

25-02-2026 [11:37]


Respublika Perinatal Mərkəzdə yanğınla bağlı keçirilən prosesdə mərkəzin sabiq direktoru, hadisə ilə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən YAP Sabuunçu rayon təşkilatının sabiq sədri Mehriban Abasquliyeva ötən prosesdə verdiyi ifadəsinin davamında bildirib ki, ondan əvvəlki direktorun vaxtında mərkəzdə xəstələrin müalicə müddəti süni şəkildə uzadılıb.

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyeva söyləyib ki, sözügedən neqativ halların aradan qaldırılması üçün tədbirlər görüb:

"Mərkəzə direktor təyin ediləndən sonra dövlət büdcəsindən artıq vəsait xərclənməsinin qarşısını aldım. Məsələn, mərkəzdə müalicə edilən xəstəyə 10 gün lazım idi, amma bu süni şəkildə 20 günə qədər artırılırdı. Mən təyin ediləndən sonra bu neqativ hallara son qoydum, bir xəstənin müalicə olunduğu müddətə iki xəstəni dövlət hesabına müalicə etmək mümkün idi".

Həmçinin Mehriban Abasquliyeva ifadəsində söyləyib ki, Perinatal Mərkəz TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən maliyyələşdirildiyi üçün büdcə ilə bağlı təkliflər verə bilməyib. O, bu səbəbdən mərkəzdə yararsız halda olan avadanlıqların şəxsi hesabına təmir edildiyini vurğulayıb:

"Mərkəzin qazanxanası yararsız halda idi, şəxsi hesabıma qazanxananı təmir etdirmişəm. Havalandırma sisteminin işləməməsi nəticəsində mərkəzdə karbon qazı artmışdı, bu da xəstələrin səhhətinə pis təsir edirdi. Biz mərkəzin havalandırma və kondisioner sistemini yeniləmişik. Mərkəzə 20 kiloqramlıq paltaryuyan və quruducu alınıb. Həmçinin Perinatal Mərkəzin dam örüyü yararsız vəziyyətdə idi, onu da təmir etdirmişik. Yararsız vəziyyətdə olan generatorları yenilənib. Mərkəzin fəaliyyətini daim təmin etmək üçün mən öz hesabımdan pul xərcləmişəm".

Mehriban Abasquliyevanın sözlərinə görə, onun aylıq əmək haqqı 6 min 549 manat olub, maaşının bir qismini mərkəzdə görülən işlərə xərcləyib:

"Mərkəzin binası istifadəyə verildikdən sonra onun yanğın-siqnalizasiya xidməti işləmirdi. Mərkəzin yanğın-siqnalizasiya sistemini dəyişdirmək üçün 50-60 min manat pul lazım idi. Mərkəzdə yanğın-siqalizasiya sisteminin və avtomatik yanğın söndürmə sisteminin olmaması barədə TƏBİB-ə məlumat vermişdim. TƏBİB-dən mənə bildirmişdilər ki, bu sistemin quraşdırılması üçün külli miqdarda pul lazımdır".

Proses martın 4-də davam edəcək.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA