ANACAN, DOSTUM EVLƏNİR... - II hissə

img

22-04-2023 [13:24]


Qalib ARİF

(“Gənclik hekayələri” silsiləsindən)

***

Avtomobil qəzasını vecinə də almayan Nurəli ürək “qəzası”nı çox ağır keçirdi, xeyli müddət özünə gələ bilmədi. Bizə də gəlmirdi, mən də qəsdən getmirdim, “Amur məsələləri”ndə ondan xeyli təcrübəli idim, “özünə gəlsin” deyirdim. Amma arabir zəng edirdim, gah deyirdi “lomkada”yam, gah deyirdi “dumka”dayam... Nəhayət... Bir dəfə axşam özü zəng etdi ki, gəl, evdə təkəm, “vodkada”yam...

Yeri gəlmişkən, Nurəli yaşlı valideyinlərin tək övladı idi, atası Nurməmməd kişi dənizçi idi, gəmidə mexanik işləyirdi. Anası da növbəli işə gedirdi, ona görə Nurəli evdə çox vaxt tək idi. Bu dəfə də gördüm ki, qonaq otağında oturub, qabağında bir litr “Stoliçni” araq, bir qazan da “domaşni” küftə-bozbaş. Dedim “sənin başın xarab olub”, dedi “indi bilirsən, dünəndən...” Oturduq, yaman oturduq, gecə səhərə kimi vurduq... Yaxşı ki, Nurəlinin bir yeşik çex pivəsi vardı, canımızı qurtardı... Arada ayılanda dedim “bəlkə Aidaya zəng edək?”, dedi “ayıbdır, ölmək ölməkdir, yalvarmaq nə deməkdir?!”

Qərəz, aradan bir-iki ay keçdi, Nurəli “lomka”dan da, “dumka”dan da çıxdı. Adam adam kimi yaşamağa başladı. Günlərin bir günü zəng etdi ki, “dur gəl, təzə xəbər var”, dedim “yenə “vodkada”san?!” Dedi “bu dəfə, deyəsən, sənin başın xarab olub, mən alkaş zadam?!”. Durub getdim, evləri bizə yaxın idi. Gördüm, bu dəfə də evdə təkdir, kefi də kökdür. Məni gülə-gülə qarşıladı, dedi “təbrik edə bilərsən, dostun evlənir...” Əlini sıxdım, qucaqlyıb üzündən öpdüm, dedim “qız kimdir?!” Dedi “tələsirik, yolda deyərəm, bilərsən, öz kəççimizdir”...

Qərəz, Nurəlinin qırmızı “Jiqulisi”nə mindik, bu dəfə “Əzizbəyov” metrosuna getdik. Qız Sabunçu xəstəxanasında “medsestra” işləyirdi, bir azdan metroya gəlməli idi. Biz də onu ötürməli, yəni götürüb Zirəyə getməli idik. Demə, bir dəfə Nurəli ata-anasını Zirəyə aparanda, kənddə maşını yoldan çıxarıb, “yamaya” salıb. Doğrudur, salamatçılıq olub, amma anası bərk qorxub, bayılıb. Adamlar qaçıb qonşudan “medsestra” gətiriblər. Qızın əli yüngül olub, arvada bir iynə vuran kimi özünə gəlib. Bu, Nurməmməd kişinin xoşuna gəlib, deyib “qız, kimin qızısan?” Qız deyib bəs “Məmmədhəsən kişinin”. Nurməmməd kişi də deyib ki, “Ala, gör a, Məmmədhəsən mənim dostumdur”. Vəssalam, şüttamam, bir molla, bir kəlləqənd, 100 manat da pul... Amma pul barədə bir az sonra...

Deməli, maşını metronun qabağında saxlamışdıq, özümüz düşüb avtobus dayanacağı tərəfdə dayanmışdıq. O vaxtlar Bakının kəndlərindən gələn avtobuslar yolun sağında, metronun qabağında dayanırdı, işdən gələn adamlar düşüb metroya axışırdı. Hər dəfə bir qəşəng qız görəndə qımışırdım, Nurəlidən soruşurdum “budur?”, deyirdi “yox”. Beləliklə, Bakının bütün qəşəng qızları gəlib keçdi, amma Məmmədhəsən kişinin qızı gəlmədi... Nəhayət... Nurəli dedi ki, “qız gəlir”... Qarşıdan arıq, uzun, qara bir subyekt gəlirdi. Elə bil üçlük taxta idi, dalı-qabağı bilinmirdi. Saçları olmasaydı, kişi, ya arvad olduğunu da bilmək olmazdı... Seyrək, qara saçları vardı, külək dağıdırdı... İnanın Allaha, saqqalı da olsaydı, elə bilərdim ki, “Nəsibənin kuklası”dır. Nə isə, salam verdik, aldı, maşına yaxınlaşdıq, dəvət gözləmədi, arxa qapını açıb oturdu. Mən naqdaun vəziyyətinə düşmüşdüm, danışa bilmirdim, Nurəli maşın sürürdü.

Maşında qız dil boğaza qoymurdu, amma mən çox şeyi başa düşmürdüm. Həm zirəlilər kimi kəkələyirdi, həm də anadangəlmə pəltək idi. Başa düşdüyüm qədər, Sabunçu xəstəxanasından, hər gün “aperasya” edən, “paçka” ilə aldığı qırmızı onluqları sayan hansısa professordan danışırdı, xəstə sahiblərinin “medsestra”nı da unutmadıqlarını, cibinə beşdən, ondan basdıqlarını ləzzətlə vurğulayırdı. Sonra professordan maqnitafon kasetlərinə qəfil keçid etdi, dedi “Nuyəli, sənçün 4 yaponiski kasset götüzdürmüşəm”. Sumkasını açdı, 4 kompakt kaset çıxarıb irəli uzatdı. Nurəli maşın sürürdü, kasetləri mən aldım. O vaxtlar biri mağazada 5 manata satılan adi “Soni” kasetləri idi. Mən dinmədim, Nurəli soruşdu ki, “biri neçə eliyir?”, qız dedi “özün biliysən, döydü 100 manat”. Nurəli adəti üzrə dinmədi, svetaforda cakitcə pulu çıxartdı, verdi. Mən heyrətlə "atanşik"i seyr edirdim...

Biz qızı Zirədə evlərinə qoyub geri qayıtdıq. Doğrudur, qardaşları evə dəvət etdilər, amma mən dedim tələsirəm. Məqsədim vardı, Univermaq bağlanınca “Avrora”ya çatmaq istəyirdim. Yolda Nurəli söhbət açmaq istədi, “qızın 5 qərdeşı, 5 bacısi var, adama arxadılar” dedi, “Aida kimi “medsestra”dır, sünnət də eləyə bilir... Aida kimi qara qızdır, oxşayır...” Amma mən reaksiya vermirdim, yalan danışmaq, dostumu aldatmaq istəmirdim. Həm də artıq nakaut vəziyyətində idim. Hardasa saat yeddinin yarısında “Avrora” metrosuna çatdıq. Univermağın qabağında Nurəliyə dedim, “saxla, işim var”. Bir yerdə maşından düşdük, Univermağa girdik. Qəsdən kasetlər satılan şöbəyə yaxınlaşdım, qiymətini soruşdum. “Soni” və “Panasonik” 5 manat, ən yaxşısı “TDK” 6 manat idi. Nurəli bir az avam adam idi, amma axmaq deyildi...

Nə isə, Nurəli qara qızı aldı, həyətlərində “palatka” toyu çaldırdı. Bəndəniz də ZAQS-da qolçəkən, toyda pulyazan oldu. Biz dostlar toyda iş başında, “lomka”da olsaq da, toydan sonra bəyi yola saldıq, yeriniz məlum, palatkada oturub səhərə kimi “vodka”da qalduq. Şəkillərimiz də hələ qalır, gənclik illərini yada salır. Amma təzə ailə qalmadı, dağıldı. Bir neçə il bir yerdə yaşadılar, uşaqları olmadı, boşanası oldular. İşləri məhkəmədə, mənzil davasında olanda, Nurəli axmaqlıq edir, tək maşına minir, Zirəyə gedir. Qızın qardaşları da bilən kimi hücum çəkirlər, Nurəlini vəhşi kimi döyürlər. Doğrudur, Nurəli möhkəm oğlan idi, amma Brusli deyildi, 5 nəfərə cavab verə bilməzdi... Qonşular güclə onu qardaşların əlindən alırlar, “Təcili yardım” çağırırlar. Bu müddətdə qara qız da əlinə bir balta alır, qırmızı “Jiquli”nin bütün şüşələrini sındırır, amma xoşbəxtlikdən korpus salamat qalır. Zirədə də milisə getmək, şikayət etmək “za padlo” sayılır...

Bu hadisələrdən hardasa 10 ildən çox keçdi, atam mökəm xəstə idi, qan təzyiqi kəllə-çarxa qalxmışdı. “Təcili yardım” çağırdım, təcili gəldilər. Həkimlə gələn “medsestra” mənim əski dostum Aida xanım idi. Dəyişmişdi, kökəlmişdi, amma həmən gözəl idi. Atam bu halda olmasaydı, görüşümüzə sevinərdim, anamla, yoldaşımla tanış edərdim. Amma kişini huşsuz halda xərəyə qoyub maşına apardıq. Yolda Aida danışdı, dərdini açdı: “Mən axmaqlıq etdim, sənin sözünə əməl etmədim, o vaxt Nurəliyə getmədim. Sonra ailə qura bilmədim, elə bil üstümdə qarğış vardı, istəyən vardı, amma alınmadı. Tək qaldım...” Mən də Nurəlinin qəmli taleyindən danışdım. Hər ehtimala qarşı mobil telefonunumu verdim, onunkini aldım. Aidanın rəngi xoşuma gəlmirdi, qara qız elə bil ağarmışdı...

Atam xeyli müddət xəstə yatdı, amma ayağa qalxmadı, qan təzyiqi onu apardı. Başım bir az açılanda Aidanı axtardım, zəng etdim, götürmədi. Narahat oldum, yolumu “Təcili yardım” stansiyasından saldım. Aidanı soruşdum, dedilər “sağ nə gəzir, dünyasını dəyişib, artıq bir ildir”. Dedim “axı, bu, cavan adam idi, buna belə nə oldu?!” “Qan xəstəliyi...” dedilər, sualıma cavab verdilər. “Qara qızın dərdi varmış, buna görə rəngi ağarıbmış” fikirləşdim. Sonra Nurəlini görəndə fikir verdim, bunun da rəngi elə bil ağarmışdı. Aidanın faciəsini dedim, “sənin də rəngin ağarıb, həkimə get” məsləhəti verdim. Gözləri yaşardı, sakitcə kənara çəkilib ağladı... Heç 1 il çəkmədi, getdi... Yenə qan xəstəliyi...

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR