TARİX KİTABSIZ YAŞAMIR...

img

17-01-2022 [12:53]


Xeybər Göyyallı

***

Bütün dövrlərdə Azərbaycanın tərkib hissəsi olmuş Zəngəzur mahalının tarixi çox qədimdir. Zəngəzur qədim insan məskənlərindən sayılır. Bu qədim yaşayış məskəninin tarixi bizim eradan əvvələ gedib çıxır. Bu barədə Azərbaycana səfər etmiş səyyahlar və ərəb tarixçiləri də məlumat vermişlər.

Zəngəzur və onun ayrı-ayrı bölgələri haqqında bu günə qədər xeyli dəyərli tədqiqatlar aparılmış və qiymətli monoqrafiyalar yazılmışdır. Ancaq Zəngəzur torpaqları Azərbaycanın digər əraziləri kimi tarixin müxtəlif dönəmlərində zorla İran və Rusiya dövlətlərinin tərkibinə daxil edildiyindən vaxtilə tətbiq olunmuş idarəetmə ilə bağlı aparılmış rəsmi dövlət sənədləri nəinki adıçəkilən dövlətlərin, hətta həmişə türklərlə düşmən münasibətdə olan erməni arxivlərində məqsədli şəkildə məxfi qrif altında saxlanılır. Bütün bunlara baxmayaraq, ortada olan tarixi fakt və sübutlar Zəngəzurun Azərbaycan türklərinin qədim yaşayış məskəni olduğunu birmənalı şəkildə təsdiqləyir. Belə gerçək tarixi faktları özündə cəmləyən ən önəmli mənbələrdən biri də araşdırmaçı jurnalist, fəlsəfə doktoru Nazir Əhmədlinin araya-ərsəyə gətirdiyi Zəngəzurun kameral təsvirini özündə əks elətdirən ikicildliyidir. Düzdür, müəllif bu kitabları ikicildlik adlandırmayıb və birinci kitabı “Zəngəzur mahalının kameral təsviri”, ikincini “Zəngəzur qəzasının kameral təsviri” adı altında nəşr etdirib. Aydınlıq naminə qeyd edək ki, kameral təsvir ekspedisiya əsasında və yaxud bəlli məkandan əyani formada toplanmış materiallardır. Adıçəkilən bölgədə rəsmi dövlət idarəetməsini həyata keçirən Rusiya hökuməti siyasi-iqtisadi funksiyasını tənzimləmək , xüsusilə vergi toplanmasında vacib mexanizmlərdən sayılan siyahıyaalınmanı kameral təsvirlə-yerlərdə əyani formada reallaşdırmışdır. Tədqiqatçı alimin Zəngəzur qəzasının kameral təsvirini əks etdirən ikicildliyi adıçəkilən qəzanın XIX əsrin iki müxtəlif dövrünü -1832-1833 və 1874-cü illərini əhatə edir. Müəllif “Zəngəzur qəzasının kameral təsviri” kitabına kifayət qədər əhatəli giriş yazmış, bir çox vacib məsələlərə geniş şərhlər vermiş, oxucuların ilk dəfə tanış olduqları bəzi tarixi faktlara aydınlıq gətirmişdir. Kitabda Zəngəzur qəzasının tarixi, onun coğrafi mövqeyi, əhalinin etnik tərkibi, ayrı-ayrı kəndlərdə söhbətgedən dövrlərdə yaşamış əhalinin sayı və s. barədə məlumat verilir.

Zəngəzurun bütün ərazisi 1921-ci ilə qədər Azərbaycanın tərkibində olmuşdur. 1921-ci ildə Çar Rusiyasının varisi olan SSRİ hökuməti Zəngəzurun böyük bir hissəsini, daha doğrusu, altmış faizini həmişə əlaltında saxladıqları haylara verdi. 1917-ci ildə Rusiya imperiyasında inqilabi hərəkat başlayanda ( əslində, I Pyotrun dövründən üzü bəri) hay sürüsü ləyaqət və şərəfini ayaqlar altına ataraq, ruslara yalmanaraq, nəyin hesabına olursa olsun özlərinə dövlət qurmaq istəyirdilər. Qafqazda möhkəmlənməyin yalnız ermənilərin sayəsində mümkün olacağını yaxşı bilən Rusiya imperiyası da ermənilərə hər cür dəstək verirdi. Repressiv dövlət idarəetmə üsuluna malik olan sovet hakimiyyətinin bütün dövrlərində də hay sürüsü öz mərəzlərindən əl çəkmədi, daim Azərbaycana qarşı torpaq iddiaları irəli sürdülər. Onu da tarixi dəlillər birmənalı olaraq təsdiqləyir ki, Azərbaycanın dilbər guşələrindən olan Zəngəzur və Qarabağa erməniləri onların havadarları məqsədli olaraq müxtəlif yerlərdən zorla gətirib yerləşdiriblər. İran və Rusiya imperiyaları Zəngəzur və Qarabağ torpaqları onların tərkibində olduğu vaxtlarda həmin ərazilərə gətirib pərçimlədikləri erməni əhalisinə xüsusi imtiyazlar vermişlər. Aborigen əhalidən fərqli olaraq, bölgə İran və Rusiyanın idarəetməsi altında olduğu dövrlərdə ermənilər bir çox vergilərdən azad olunmuşlar

Zəngəzurda məskunlaşmış erməni əhalisi bütün zamanlarda bölgənin aborigen sakinləri olan Azərbaycan türklərindən (söhbətgedən dövrün tarixi mənbələrində tatar və ya müsəlmanlar yazılırdı) həmişə qat-qat az olmuşlar. Regionda azlıq təşkil edən ermənilərin sayını artırmaq üçün idarəetmə aparatı müxtəlif inzibati-siyasi və sosial rıçaqlardan istifadə edirdi. Geosiyasətini zor gücünə həyata keçirən qüvvələr bu mənfur məqsədlərinə nail olmaq üçün hər vasitəyə əl atırdılar. Ancaq bunu təbii əhali artımı, demoqrafik prinsiplərlə yox, qonşu dövlətlərdə yaşayan ermənilərin bölgəyə köçürülməsi ilə həyata keçirirdilər. Hay qövmünün indi Ermənistan kimi tanınan əraziyə daha çox İrandan köçürüldüyünü bir çox erməni və rus tarixçiləri də etiraf ediblər. Erməni tarixçisi V.Parsamyan Təbriz, Maku, Xoy, Səlmas,Urmiya, Ərdəbil və Marağa əyalətlərindən 1828-ci ilin yazında 50 min erməninin indiki Ermənistana köçürüldüyünü yazmışdır. Bu faktı digər erməni və rus tarixçiləri də təsdiqləmişlər. Regionun demoqrafik vəziyyətini araşdıran rus tədqiqatçısı N.Şavrov yazır:” Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyonu yerli deyildir və onlar bu vilayətə bizim tərəfimizdən köçürülmüşdür”. Onlarla başqa tarixi mənbələr də sübut edir ki, ermənilərin ən son məskunlaşdığı ərazi Zəngəzur torpaqları olmuşdur. Bütün üsullarla bölgədə ermənilərin sayı artırılsa da, yenə də dominantlıq türklərdə olmuşdur. Zəngəzur qəzasında 1874-cü ildə aparılmış kameral təsvirin

ortaya qoyduğu rəsmi statistikaya görə bölgədə 43.851 nəfər Azərbaycan türkü, 39.054 nəfər erməni yaşamışdır. Nazir Əhmədli rus tarixçisi S.P.Zelinskinin həmin dövrə aid demoqrafik vəziyyəti özündə əks etdirən məlumatlarını xüsusi cədvəldə vermişdir. Bu statistikaya görə 1874-cü ildə Zəngəzur mahalında müsəlmanlar (türklər) ailə hesabı ilə 63,36 faiz, adambaşına görə isə 55,31 faiz olmaqla üstünlük təşkil edirdilər. Ermənilərdə isə bu göstərici belə olmuşdur: 36,04 və 44,06 faiz .

Rusiya regionda təsir gücünü artırmaq və ermənilərə dəstək məqsədilə vaxtilə Azərbaycan ərazisinə sürgün etdiyi xristian inanclı əhali qrupunu da məcburən Zəngəzurda məskunlaşdırmışdır.

Nazir Əhmədlinin “Zəngəzur qəzasının kameral təsviri” kitabından öyrənir ki, Rusiya imperiyası 1877-ci ildə vaxtilə Şuşa qəzasının Bolluca kəndində yerləşdirdiyi molokanları məqsədli şəkildə Zəngəzura köçürmüşdür. 18 molokan ailəsi Zəngəzurun Qalyur, 62 molokan ailəsi isə Bazarçay kəndində məskunlaşdırılmışdır. Tarixi mənbələrə istinad edən Nazir Əhmədli molokanların Zəngəzurda yaşadıqları dövrdə öz vicdanları ilə könüllü olaraq atdıqları bir addıma xüsusi dəyər vermiş, onların icma olaraq insan və insanlıq naminə həyata keçirdikləri əməli yüksək qiymətləndirmişdir. Müəllifin rus tarixçisi S.P.Zelinskiyə istinadən yazdığı tarixi faktın oxucuların diqqətini cəlb edəcəyinə əmin olduğumdan həmin diqqətəlayiq faktı epizodik şəkildə olsa da bu məqamda qeyd etmək istərdim. Zəngəzurda məskunlaşan molokanlar bolşeviklər bölgəyə gələndə bir icma kimi könüllü olaraq silahlı dəstələr yaradıb bolşeviklərlə birlikdə Azərbaycan türklərini süngüdən keçirən Nijde Qaraginə qarşı vuruşmuşlar.

Sovetləşmənin ilk illərində Zəngəzuru ermənilərə verən bolşeviklər bölgədə rayonlaşmaya başladı. 1920-ci illərdə Azərbaycan türklərinin əsrlərlə yaşadıqları ərazilərdə Qafan, Gorus və Sisyan , 1929-cu ildə isə Zəngilan və Ordubad torpaqlarının hesabına Meğri (Mığrı) rayonlarını yaratdılar.

İllərlə Zəngəzura sahiblənmək istəyən məkrli və hiyləgər ermənilər öz mənfur məqsədlərinə yalnız Mixail Qorbaçovun dönəmində-1988-ci ildə tam nail oldular. Min illərlə Zəngəzurda məskunlaşmış Azərbaycan türklərini doğma yurdlarından didərgin saldılar.

Mötəbər tarixi mənbə və rəsmi arxiv sənədlərinə istinadən yazılmış “Zəngəzur qəzasının kameral təsviri” kitabı özündə bir çox qiymətli tarixi fakt və sübutları cəmləyir. Kitab toponimlərin-illərlə bölgədə mövcud olmuş türk kəndlərinin adlarının və regionda yaşamış nəsillərin şəcərəsinin öyrənilməsi və bərpası üçün olduqca dəyərli bir tarixi mənbədir. Şəcərə demişkən, bu məqamda kitabda verilmiş bir neçə qiymətli tarixi faktı da diqqətə çatdırmağı vacib sayıram. Kitabda əslən Zəngəzur qəzasından olan Azərbaycanın məşhur şəxsiyyətlərinin nəsil şəcərəsi haqqında da məlumat verilmişdir. Oxucular kitabdan Azərbaycan Respublikasının Prezidentləri Heydər Əliyev və Əbülfəz Elçibəy, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanov, Xalq qəhrəmanı Qaçaq Nəbi, Xalq şairi Məmməd Araz və Xalq yazıçısı Əli Vəliyevin nəsil şəcərəsi ilə ətraflı tanış ola bilərlər. Əslən Zəngəzur mahalından olan digər şəxslərin də öz nəsil ağaclarını bərpa etmələri üçün haqqında söhbət açdığımız kitab mötəbər mənbə sayılır.

Etibarlı tarixi mənbələr əsasında yazılmış kitabın səciyyəvi cəhətlərindən biri də min illərlə bölgədə yaşamış türk tayfaları barədə ensiklopedik məlumatın verilməsidir. Müəllif əhalinin yekcins olduğunu xüsusi vurğulasa da, bir sıra türk tayfalarının öz mövcudluqlarını qoruyub saxladıqlarını da qeyd etmişdir.

Tədqiqatçı həmin dövrdə bölgədə öz mövcudluqlarını qoruyub saxlayan bir neçə türk tayfasının adlarını da sıralamışdır:

1.Sofulu tayfası 19 qışlaqda yaşayırdı, onlardan 4-ü Cəbrayıl qəzasında, 5-i Sisyan mahalında, qalanları isə Qafan mahalının müxtəlif yerlərində məskunlaşmışdır.

2.Dərzili tayfası Qafan mahalının müxtəlif yerlərində yerləşən 11 qışlaqda ,

3.Sarallı tayfası Qafan mahalındakı 13 qışlaqda,

4.Puşanlı tayfası Qafan və Meğri mahallarındakı 7 qışlaqda,

5.Gığılı tayfası Qafan mahalının Gığı dərəsində yerləşən 4 qışlaqda,

6.Xocamusaxlı tayfası Sisyan mahalının 1, Qafan mahalının 2 qışlağında,

7. Baharlı tayfası Basut (Bəsit) çayın yaxınlığında yerləşən 3 qışlaqda yaşayırdılar.

Adları qeyd edilən türk tayfaları ayrı-ayrı kəndlərdə yaşasalar da, ümumi siyahıyaalınmada icma şəklində qeyd olunmuşlar.

Tarix sözü bir məfhum kimi daha çox keçmişlə assosiasiya olunur, özündə keçmişi ehtiva edir. Ancaq tarix kitabları gələcək nəsil üçün yazılır.

Onu da unutmayaq ki, tarix yaz ilə (qrafika), kitabla yaşayır. Bu kontekstdən çıxış etsək, əminliklə deyə bilərik ki, fəlsəfə doktoru Nazir Əhmədlinin “Zəngəzur qəzasının kameral təsviri” kitabı gələcək nəsillər üçün yazılıb. Göyçə, Dərələyəz, İrəvan mahalı kimi, Zəngəzurun da qədim Azərbaycan torpağı olduğunu unutmamalıyıq. Bu gün həmin torpaqlara gedə bilməsək də, zamanın axarında, tarixi şəraitin dəyişəcəyində ədalətin bərpa olunacağına inanmalıyıq.

Görkəmli şairimiz demişkən,”axı dünya fırlanır”...

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR