Qaranlıqdan aydınlığa doğuşun mübarək, Ağdam! - Vüqar Rəhimzadə yazır

img

16-03-2021 [18:07]


Yerlə-yeksan edilmiş «Ruhlar şəhəri» erməni vəhşiliyinin əyani sübutudur

***

Martın 13-də möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bir qrup media və qeyri-hökumət təşkilatlarının rəhbərləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin başçılığı ilə işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etdilər.

Heyətin tərkibində, həmçinin ölkədəki bütün televiziya, agentlik, əksər sayt və qəzet rəhbərləri, həmçinin blogerlər, ictimai və sosial media fəalları təmsil olunurdular.

Səfər zamanı bir daha hiss etdik ki, 27 il erməni işğalı altında olan torpaqlarımızı azad görmək, onun bütün dərdlərə dərman olan saf havasını duymaq, hər parçası bir tarix olan daşına, kəsəyinə əl vurmaq, illərdir vəhşi ermənilər tərəfindən yerlə-yeksan edilən tarixi, dini abidələrimizi ziyarət etmək və sair anları yaşamaq nə qədər çətin olsa da böyük xoşbəxtlikdir. Bu sevinci bizə yaşadan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bu əminliyi ifadə edirdi ki, gün gələcək bütün işğal altında olan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq. Həmin gün gəldi. Azərbaycan Ordusu xalqımızın vaxtilə itirilmiş qürurunu özünə qaytardı, 30 ilə yaxın dövrün acısına, nisgilinə son qoydu, torpaqlarımızı tarixi sahibinə qaytardı. Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə ardıcıl səfərləri, hər səfərində diplomatik korpus nümayəndələrini, yerli və xarici jurnalistləri bu torpaqları ziyarət etməyə çağırması erməni vəhşiliyinin ağır nəticələrini gözlə görüb dünyaya çatdırmaq mesajıdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev bu yaxınlarda yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da bu

məqamı etiraf etdi ki, sonuncu dəfə nə vaxt mətbuat konfransı təşkil etdiyi heç xatirində deyil. Bildirdi ki, hər bir işin öz vaxtı var. Sənin vermək istədiyin bir mesaj və səni dinləyəcək bir auditoriya varmı? Əgər bütün bunlar varsa, deməli, mətbuat konfransı keçirməyə dəyər. Məhz fevralın 26-da belə bir məqam gəldi. Dövlətimizin başçısı həmin mətbuat konfransında işğaldan azad edilmiş torpaqlarımızda erməni vandallarının törətdikləri vəhşilikləri, 30 ilə yaxın müddətdə necə düşmən ilə üz-üzə dayandığımızın mesajını bir daha bütün dünyaya ünvanladı.

Səfər zamanı hər şeyi gözlərimizlə görüb bir daha əmin olduq ki, yerlə-yeksan edilən, xarici həmkarlarımızın «Ruhlar şəhəri» adlandırdıqları Ağdam erməni vəhşiliyinin əyani sübutudur. Bir vaxtlar Ağdam tarixi, mədəni və dini abidələri ilə məşhur olan canlı bir şəhər idi. İndi bu şəhərdən əsər-əlamət qalmayıb, tamamilə dağıdılmış bir vəziyyətdədir.

Ağdamın bugününü 27 il bundan öncəki vəziyyəti ilə müqayisə etdikdə sanki adını özündə ehtiva etdiyi mənada da yaşanan dəyişiklik diqqətdən kənarda qalmır. Ağdam adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələrə görə, "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Bu versiyaya görə, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir. XVIII əsrin birinci yarısında Qarabağ xanlığının banisi Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdi. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdi. Bu mənada, "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Ürək ağrısı ilə qeyd etməliyəm ki, 27 il işğal altında qaldığı dövrdə ermənilərin burada törətdikləri vəhşiliklər artıq nurlanmış şəhəri sanki qaranlıq, ruhlar şəhərinə çevirmişdir. 2008-ci ildə «Lonely Planet» jurnalı Ağdamı "Qafqazın Xirosiması" adlandırıb. 2010-cu ildə «Əl- Cəzirə»nin internet nəşri Ağdamı "Ruhlar şəhəri" siyahısına salıb.

Bu səfər hər kəs kimi, məndə də sevinclə kədərin bir araya gəldiyi an idi. Ermənilərin torpaqlarımızda törətdikləri vəhşilikləri, tarixi, dini abidələrimizi yerlə-yeksan etmələrini, bir zamanlar öz milli arxitekturası ilə seçilən, necə deyərlər, topdağıtmaz evlərdən əsər-əlamətin qalmadığını gördükcə dəhşətə gəlirdim. Əyani şəkildə o müqəddəs torpaqları ziyarət edərək bir daha əmin olurdum ki, ermənilərin törətdikləri vandalizm aktlarını yaxından izləməklə televiziya reportajlarında dağıdılmış, viran qoyulmuş o əraziləri görmək fərqli hisslərdir. Həmin dağıntılar bir daha onu göstərirdi ki, biz ötən 30 ildə hansı vəhşi vandallarla üz-üzə qalmışıq. Qoy, Azərbaycanın haqlı davasına kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bir daha görsünlər ki, mənfur erməni qəsbkarları torpaqlarımızı işğal edərkən bütün infrastrukturu dağıdıb, Ağdam və digər şəhərlərimizi tamamilə yerlə-yeksan ediblər. Burada bir dənə də olsun salamat binanın qalmaması səfərin bütün iştirakçıları kimi, məni də dəhşətə gətirirdi. Cənab İlham Əliyev işğaldan azad edilmiş torpaqlara səfəri zamanı erməni vəhşiliklərinin izlərini ürək ağrısı ilə izləyərkən haqlı olaraq bu fikri böyük qətiyyətlə söyləyir ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, erməni faşizmini, erməni vəhşiliyini məhv etmişik.

Ermənilərin bu ərazilərdə tarixi, dini abidələrimizi, yaşayış evlərini dağıtmalarından bu qənaəti də əldə edirik ki, onlar bir daha bizim bu torpaqlara qayıtmayacağımızı düşünürdülər. Amma unudurdular ki, torpaq öz sahibinin əlində olanda canlanır, özünü rahat və xoşbəxt hiss edir, daha məhsuldar olur, bolluq rəmzinə çevrilir. «Ruhlar şəhəri»nin xarabazarlığa çevrilmiş qalıqlarına baxarkən açıq-aydın hiss etmək olur ki, vəhşi toplum olan ermənilər törətdikləri qeyri-insani əməllərlə bu torpaqların onlara aid olmadığını nümayiş etdiriblər. Xislətlərini, azərbaycanlılara və türklərə qarşı nifrətlərini sanki bu daşları, qayaları, bütün tikililəri dağıtmaqla ifadə ediblər. Erməni vandallarının ürəyində bu düşmənçilik toxumları həmişə olub. Şuşada Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstlərini gülləbaran etmək üçün gərək adamın ürəyində nə qədər nifrət, nə qədər düşmənçilik hissi olsun, özü də kimə? O xalqa ki, sənə burada yer verib. Sən burada yuva salmısan. Sənin üçün yad olan torpağa, Qarabağa köçürülmüsən. Azərbaycan xalqı sənə

burada qucaq açıb, çörək verib. «Çox sağ ol» deyib burada azərbaycanlılarla birgə yaşamaq əvəzinə, onun torpaqlarını özününküləşdirmək niyyətinə düşmüsən, işğalın davam etdiyi illər ərzində burada daşı daş üstündə qalmağa qoymamısan. Nəinki Azərbaycan xalqına, onun şəhərlərinə, kəndlərinə, hətta Allahın yaratdığı təbiətə də qənim kəsilmisən.

Məlumdur ki, 10 noyabr üçtərəfli razılaşmasına uyğun olaraq Kəlbəcər, Ağdam və Laçın nəzərdə tutulan tarixlərdə geri qaytarılmalı idi. Ermənilərin bu müddət ərzində həmin ərazilərimizdə törətdikləri vəhşiliklər ölçüyəgəlməz idi. Evləri, ağacları yandırır, ekoloji terror törədirdilər. Məscidlərimizi dağıdır, dinimizi təhqir edirdilər. 27 ildə Ağdam, sözün əsl mənasında, xarabalığa çevrilməsinə qarşı sanki üsyan etdi, azadlığa qovuşacağı günü səbrsizliklə gözlədi. Necə ki, öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız torpaqlarına qayıtmağın həsrətini yaşayırdılar, eləcə də bu ərazilər sahiblərinin gələcəyi, bu torpaqlara yeni nəfəsin veriləcəyi günü gözləyirdilər. Sanki daşlar, qayalar, xırdalanmış daş parçaları da dil açıb bu gəlişimizdən sevinirdilər. Çünki bu torpaqlara ayaq basan, ən əsası onun üzərində ehtiyatla, sanki qəlbinə toxunmamaq üçün sakit gəzən öz doğma sakinidir. Möhtərəm Prezidentimiz İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza səfəri zamanı bu fikirləri səbəbsiz yerə söyləmirdi ki, gün də çıxır, hava da öz sevincini büruzə verir, ona görə ki, bu torpaqlara sahibləri gəlib.

Səfər proqramına uyğun olaraq Ağdam rayonunun Baş Qərvənd kəndində dəmir yolu ətrafında minatəmizləmə prosesi və partlayışın nümayişi ilə tanış olduq. İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz yeni dövrün - Böyük Qayıdış proqramının icrasına başlandığı mərhələnin əsasını qoydu. Bu prosesin ilk mərhələsi ərazilərimizin minalardan təmizlənməsidir. Səfər çərçivəsində bu sahədə görülən işlər barədə məlumat verildi. Bu fakt da məlumdur ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsi bu prosesin həyata keçirilməsində geçikmələrə səbəb olur. Eyni zamanda, mülki əhalinin minaya düşməsi kimi hallar baş verir. Bu baxımdan icazə lövhələrinin

olmadığı ərazilərə daxil olmaq qadağandır və biz də bu tələblərə ciddi surətdə əməl edirdik.

Proqrama uyğun olaraq tanışlıq üçün nəzərdə tutulan məkanlarda olarkən üzləşdiyimiz xarabalıq hər birimizi dəşhətə gətirirdi. 27 il əvvəl şəhərdən çıxarkən evlər, dövlət binaları, mədəniyyət obyektləri sağ-salamat, əşya ilə dolu olduğu halda işğaldan sonrakı acı mənzərənin qalıqlarını ürək ağrısı ilə izləyərkən ermənilərin və onların işğalçılıq siyasətlərinə, vəhşi əməllərinə haqq qazandıranların ünvanına deməyə söz tapmırsan. Bir zamanlar öz gözəlliyi, abadlığı ilə Azərbaycanın başqa bölgələrinə nümunə göstərilən Ağdamda sanki heç vaxt yol olmayıb. Bütün dağıntılar yolları, cığırları tanınmaz edib. Amma diqqət çəkən məqam odur ki, bu torpaqlarımıza yad olduqları üçün onun hər bir daşından xəbərsiz olan erməni vandallarından fərqli olaraq, soydaşlarımız bu ərazilərə ayaq basarlarsa, evlərinin yerləşdiyi küçəni asanlıqla tapa bilərlər. Budur, torpağın əsl sahibi olmaq! Bizimlə birlikdə səfərdə olan ağdamlı həmkarlarımız da vaxtilə salamat qoyub, hətta qapısına qıfıl vuraraq açarlarını özləri ilə götürdükləri evlərin yerini asanlıqla bildirir, bu dağıntılara baxmayaraq torpaqlarımıza sahib olduğumuz üçün qürur hissi keçirirdilər. Soydaşlarımız qapılara qıfıl vuraraq açarları özləri ilə götürərkən, həyətdə gəzən toyuq-cücələrə yem verib isti yuvalarına yerləşdirərkən, bütün hallarda yenə də geri qayıdacaqlarına əmin idilər. Elə də oldu…

Səfər proqramına uyğun olaraq Ağdamın 1868-ci ildə tikilmiş və tarixi abidə sayılan Cümə məscidində olduq. Məscidin sadəcə bir tikili kimi daşı daş üstündədir, bəzi yerlərdə gümbəzi dağılıb, divar üzlükləri tökülüb, döşəməsi sökülüb.

Uzundərədəki II Şəhidlər xiyabanında isə Milli Qəhrəman Allahverdi Bağırovun dağıdılmış və Ağdam işğaldan azad edildikdən sonra bərpa olunmuş məzarı ilə yanaşı, bir neçə məzar qalıb. Qalan digər məzarların ermənilər tərəfindən barbarlara xas üsullarla, necə deyərlər, altı üstünə çevrilmiş, burada dəfn olunmuş insanların cəsədləri çıxarılıb məhv edilmiş, sadəcə qəbirlərin yerində çuxurlar qalmışdı. Rəşadətli

Azərbaycan Ordusu bura ayaq basan kimi məzarların baş daşı yerinə Azərbaycan bayrağının fonunda tanıtım lövhələri qoyulmuşdur.

Səfər zamanı, həmçinin Ağdam Dövlət Dram Teatrının, Qarabağ xanlarının abidələr kompleksinin, Ağdamın "Qarabağ" futbol klubunun "İmarət" stadionunun qalıqlarını ziyarət etdik. Bu məkanlarda da erməni vandalizminin izləri ilə qarşılaşdıq. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Ağdam məscidi də ermənilər tərəfindən dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

Dağıdılan digər tarixi abidə isə keçmiş SSRİ məkanında yeganə olan məşhur Ağdam Çörək Muzeyidir. Tarixə nəzər salsaq görərik ki, muzey ilk dəfə 25 noyabr 1983-cü ildə ziyarətçilərini qəbul edib. Muzeydə 2800-ə yaxın eksponat olub. Bu muzey Azərbaycan hökuməti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Hazırda həmin muzeyin yerləşdiyi küçə belə yerlə-yeksan edilib.

Şahbulaq qalası ilə tanışlıq səfərimizin ən yaddaqalan məqamlarından biri oldu. Məlumat verildi ki, mənfur düşmən Azərbaycanın bu tarixi abidəsini belə özününküləşdirməyə çalışıb, lakin öz çirkin niyyətinə nail ola bilməyib.

Ümumiyyətlə, Ağdam səfəri ilə bağlı təəssüratlarımı sözlə ifadə etməkdə çətinlik çəkirəm. Hesab edirəm ki, 27 il düşmən tapdağı altında qalan bu ərazilərimiz bu gün dil açsaydı dünyaya çox ciddi mesajlarını ünvanlayardı. Özgə torpağına göz dikib, havadarlarının dəstəyi ilə bu ərazilərə sahiblənmək sevdasına düşən ermənilər çox yaxşı bilirdilər ki, gec-tez bu torpaqlarımız öz əzəli sahibinə qayıdacaq. Azərbaycan işğalçı dövlətə və ona havadarlıq edənlərə dərs verəcək və verdi. Ermənistan diz çökdü. İşğalçılar Azərbaycan xalqının səbrinin tükənməz olmadığının şahidi oldular. Dövlətimizin başçısı İlham Əliyev müsahibələrində hər zaman qeyd etdiyi kimi, Dağlıq Qarabağ məsələsi milli qürur

məsələsidir. Münaqişənin hərbi-siyasi yolla həlli xalqımızın başını uca etdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev dünyanın ən güclü lideri, Müzəffər Sərkərdəsi, Azərbaycan xalqı məğrur xalq, Azərbaycan Ordusu ən güclü ordudur. Dövlətimizin başçısı İlham Əliyev Ağdama səfəri zamanı «Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız» söyləyərək bu fikirləri də bildirmişdir ki, bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır: «Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.»

Bəli, Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, bu gün həmin istəklər reallığa çevrildi. Qələbəmizi dəmir yumruq hesabına qazandıq, düşməni iti qovan kimi qovduq, bu gün öz torpağımızdayıq. Qısa zamanda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad edilmiş torpaqlarımız, o cümlədən Ağdam cənnətməkana çevriləcək. Növbəti səfərimizdə bu ərazilərimizi 27 il bundan əvvəlkindən də gözəl, müasir səviyyədə görəcək, yeni nəfəs verilən torpaqlarımız Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz töhfəsini verəcək.

Vüqar Rəhimzadə,

«İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist

Bakı-Ağdam-Bakı

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR