Milli Məclis cəzaları sərtləşdirdi

img

29-10-2013 [13:57]


Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cəzalar sərtləşdirilib. Məcəlləyə edilən dəyişikliyə görə, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycanın ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir (əvvəl xəbərdarlıq edilərək 15-40 manatadək cərimə nəzərdə tutulurdu). Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə isə fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.

Digər dəyişikiyə görə, mədəni və təbii irsin, o cümlədən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə ediləcək. Eyni zamanda yuxarıda qeyd olunan xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Dəyişiklikdə edilən qeydə uyğun olaraq bu maddələrdə göstərilən əməllər Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA