İcra Hakimiyyətində tender müəmması: şirkət rəhbəri qalib elan olunduğu layihədən 3 gün sonra niyə imtina edib?
25-05-2020 [18:28]
Azərbaycanda yerli icra hakimiyyətlərinin keçirdikləri tenderlərin həm icra başçıları, həm də bu tenderləri məlum yollarla qazanan şirkətlər üçün “yağlı tikə” olduğu heç kimə sirr deyil. Adətən elə həmin başçılara yaxın, yaxud da digər iri məmur-oliqarxlara aid olan şirkətlərə verilən bu tenderlərin büdcə vəsaitlərinin talanması üçün ən populyar vasitə olduğunu müstəqil ekspertlər və mətbuat dəfələrlə qeyd edib. İcra başçılarının və Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxslərinin həbsilə bağlı keçirilən əməliyyatlar da sübut etdi ki, məhz tenderlər, dövlət satınalmaları məmurların korrupsiya gəlirlərinin əsas hissəslərindən birini təşkil edən vasitələrdir.
“AzPolitika.info” xəbər verir ki, İsmayıllı rayonunda Azərbaycanın “tender tarixində” bəlkə də tayı-bərabəri olmayan hadisə baş verib. Belə ki, İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən şəhərdaxili avtomobil yollarının əsaslı təmiri məqsədilə keçirilən tenderin qalibi olan “İsmayıllı Tikinti-27” ASC qazandığı işi reallaşdırmaqdan imtina edib və müqavilənin ləğv olunmasını istəyib.
İcra hakmiyyətindən verilən məlumata görə, podratçı təşkilatla 05 may 2020-ci il tarixli 01/2020 nömrəli satınalma müqaviləsi imzalanıb, lakin “İsmayıllı Tikinti-27” ASC-nin sədri 08 may 2020-ci il tarixli 62 nömrəli məktubla RİH başçısına müraciət ünvanlayaraq səhhətində yaranmış problemlərlə əlaqədar müqavilə şərtlərini yerinə yetirə bilməyəcəyini bildirərək müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edilməsini xahiş edib.
Rəsmi məlumatda deyilir: “Qeyd olunanları nəzərə alaraq, RİH başçısının 22 may 2020-ci il tarixli 68 nömrəli sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyəti və “İsmayıllı Tikinti-27” ASC arasında bağlanmış müqaviləyə xitam verilmişdir”. Məlumatda müqavilənin dəyəri göstərilməsə də, söhbətin 1 milyon manat civarında, bəlkə də daha böyük məbləğdən getdiyini ehtimal etmək olar.
Adətən belə tenderlər istənilən tikinti şirkəti üçün “göydəndüşmə”dir. Və indiyə qədər icra hakimiyyətləri bu cür şirkətlərlə əlbir olaraq, tender adı altında büdcə vəsaitlərini talan etmək üçün əllərindən gələni ediblər. Lakin bütün bunların fonunda İsmayıllının sabiq icra başçısı Mirdamət Seyidovun dövründə bütün iri məbləğli tenderlərin əvəzedilməz qaliblərindən olan bir şirkətin birdən-birə qazandığı tenderdən imtina etməsi kifayət qədər şübhəli görünür. Sual yaranır ki, nədən mayın 5-də tenderi qazanıb, müqavilə imzalayan “İsmayıllı Tikinti-27” ASC cəmi 3 gün sonra tenderdən imtina edib? 3 gün ərzində nə baş verib? Əlbəttə ki, rəsmi məlumatda göstərilən səbəb, yəni şirkət rəhbərinin səhhətində yaranmış problemlərlə əlaqədar müqavilədən imtina etməsi, yumşaq desək, inandırıcı görünmür. 3 gün ərzində bir şəxsin səhhətində hansı kəskin dəyişiklik baş verə bilər ki, milyonluq layihədən imtina etsin?
Yeri gəlmişkən qeyd edək ki, 2018-ci ildə həmin bu şirkət və onun rəsmi sahibi barədə qalmaqallı hadisə baş vermişdi. Belə ki, həmin vaxt İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş şikayət əsasında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Araşdırma zamanı F.Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün iyulun 14-də İsmayıllı Rayon Prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən A.Əliyevdən almasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağla Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. 25 iyul 2018-ci ildə Faiq Quliyev prokurorluq orqanlarından xaric edilib, rayon prokuroru Ülvi Abbasov vəzifədən azad olunub. Sonradan 9 il müddətinə azadlıqdan məhrum edilən Ülvi Abbasovun barəsində çıxarılan hökm “möcüzəli şəkildə” dəyişdirilərək, 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza ilə əvəz edilib və o, azadlığa buraxılıb. F. Quliyevin cəzası isə 8 ildən 6 ilə endirilib.
Bununla yanaşı, həmin şirkət 2018-ci ilin dekabrında İsmayıllıda 48 mənzilli yaşayış binasının tikinti işlərinin satınalınmasına dair 3 milyon manatlıq tender qazanıb. Ümumiyyətlə, mətbuatda bu şirkətin Mirdamət Seyidova və iri məmur-oliqarxların tikinti biznesinə yaxın şirkət olduğuna dair iddialar yer alıb. Mətbuatda həmçinin qeyd olunur ki, Nizami Ələkbərovun İsmayıllıya başçılıq etdiyi vaxtlarda əksər dövlət sifarişlərini icra edən, ənənəvi «tender qalibi» kimi tanınan, eyni zamanda sabiq icra başçısının oğlu Vüqar Ələkbərovun şirkəti olaraq bilinən «VAFİ-Region» MMC şirkətinin yerini, başçı dəyişən kimi, «İsmayıllı Tikinti – 27» ASC tutub. Bundan sonra həmin şirkət icra hakimiyyətinin bir çox iri tenderlərinin qalibi olub. Yəni bir növ, hər yeni icra başçısının öz “favorit şirkəti” olub.
Məlum olduğu kimi, bu ilin mart ayında İsmayıllıya yeni icra başçısı təyin olunub. Belə görünür ki, sözügedən şirkət əvvəlki mövqeyini itirib və yeni başçı ilə işləmək hansı səbəbdənsə «İsmayıllı Tikinti – 27» ASC üçün uyğun olmayıb. Ancaq ən doğrusunu təbii ki, İsmayıllının yeni icra başçısı və sözügedən şirkətin gerçək sahibi daha yaxşı bilir...
İqtisadiyyat Şöbəsi
“AzPolitika.info”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi