Şəhid ailələri, müharibə veteranları və milli qəhrəmanların müavinətləri artırıldı - Fərman

img

28-08-2013 [22:10]


Bu gün prezident şəhid ailələri, müharibə veteranları və milli qəhrəmanların müavinətləri ilə bağlı 3 ayrı-ayrılıqda fərman verib. Mia.az hər üç fərmanı olduğu kimi təqdim edir:

"Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müharibə əlillərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə qərara alıram:

1. "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 110 manat, II qrup müharibə əlillərinə 85 manat, III qrup müharibə əlillərinə 60 manat müəyyən edilsin.

2. "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanının 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada verilsin:

"I qrup müharibə əlillərinə - 110 manat
II qrup müharibə əlillərinə - 85 manat
III qrup müharibə əlillərinə - 60 manat”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli 565 nömrəli Fərmanı ləğv edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

***

 Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı:

Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1000 (bir min) manat müəyyən edilsin.

2. "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının 1-ci hissəsində "3.000.000 (üç milyon)” sözləri "1000 (bir min)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrasının təmin edilməsi ilə əlaqədar lazım olan məsələləri həll etsin.

4. Bu Fərman 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

***

"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılaraq 2013-cü il sentyabrın 1-dən 200 (iki yüz) manat müəyyən edilsin.

2. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının 1-ci hissəsində "165 (yüz altmış beş)” sözləri "200 (iki yüz)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilsin.

İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA