Iqtisadçılar nazirin yalanını çıxardı

img

04-08-2013 [19:47]


Maliyyə Nazirliyində 2013-cü büdcə ilinin ilk altı ayının yekunlarına, 2014-cü ilin dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin hazırlanması işlərinin gedişinə, o cümlədən qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.  

Kollegiyada çıxış edən Maliyyə naziri Samir Şərifov bildirib ki, cari ilin 6 ayında Azərbaycan iqtisadiyyatı bir daha makroiqtisadi dayanıqlıq və yüksək artım potensialı nümayiş etdirib, iqtisadiyyatımızın qeyri-neft sektoru ötən dövr ərzində 10,9 faiz səviyyəsində artıb, bu artım bütövlükdə ölkə iqtisadiyyatı üzrə 5 faizlik artımı təmin edib. Maliyyə nazirinin sözlərindən belə başa düşülür ki, 2003-2012-ci illərdə ölkə üzrə ümumi daxili məhsulun nominal həcmi 7,6 dəfə artıb, ayrı-ayrı illərdə real artım 34,5 faizədək yüksəlib. Məlumata görə, bazar iqtisadiyyatı prinsiplərinə əməl edilməsi, iqtisadiyyatın liberallaşdırılması və qeyri-neft sektorunun inkişafının stimullaşdırılması nəticəsində ümumi daxili məhsulun strukturunda özəl sektorun xüsusi çəkisi 73,3 faizdən 83,5 faizə qalxıb: "Ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 100 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulub. Son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 13 dəfə, adambaşına dü-şən xərci isə 11,6 dəfə artıb. Dövlət büdcəsinin xərcləri 14,1 dəfə artaraq 1,2 mlrd. manatdan 17,4 milyard manata çatıb, xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 32,3 faiz təşkil etməklə 15 faiz yüksəlib. 10 ildə ölkə əhalisinin gəlirləri nominal ifadədə 29 mlrd. manat və yaxud 6,1 dəfə artaraq 2012-ci ildə 34,7 mlrd. manat olub". 

Ancaq bəzi ekspertlər Maliyyə nazirinin ölkə iqtisadiyyatındakı artımla bağlı açıqladığı statistik rəqəmlərin həqiqəti əks etdirmədiyini bildirirlər.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyib ki, bu günə kimi hökumətin açıqladığı iqtisadiyyatın inkişafını göstərən statistika reallığa uyğun deyil: "Ümumi daxili məhsulun komponentlərindən biri investisiyadır. İkincisi, dövlət xərcləri, üçüncüsü, istehlak xərcləri, dördüncüsü isə xarici idxaldır. Xarici investisiya ötən ay əvvəlki dövrlərə nisbətən azalıb. İstehlak xərcləri ilə bağlı konkret məlumatım yoxdur, amma dövlət xərcləri artıb. Xarici idxalı hesablamaq üçün gərək, əlimizdə real rəqəmlər olsun. Bizim İqtisadi Tədqiqatlar Mərkəzinin apardığı araşdırma zamanı məlum olub ki, hökumətin elan etdiyi statistika gerçəkliyi əks etdirmir. Biz başqa ölkələrin Azərbaycana göndərdiyi malın həcmi ilə Azərbaycanın rəsmi idxal mallarını əks etdi-rən rəqəmləri müqayisə edəndə gördük ki, 2003-2009-cu illər ərzində 10,6 milyard dollarıq fərq ortaya çıxır. Yəni, həmin o gizlədilən idxal nəzərə alınsaydı, iqtisadi inkişaf tempinin aşağı düşməsinə gətirib çıxarmalıydı. Bizdə isə idxalı az göstərirlər, halbuki çoxdur. Az olanda orda alınan məbləğ böyük olur və bu da süni şişirtmə ilə nəticələnir. Nəzərə alsaq ki, Azərbaycanda eyni vəziyyət davam edir, idxalın göstərilən həcmi gerçək deyil, bu baxımdan, qeyd olunan iqtisadi artım tempi şübhə yaradır". 

"Güzəran" Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Qadir İbrahimli isə deyib ki, hökumət hər zaman rəqəmləri şirirtməklə imitasiya etməyə çalışır: "Ən yaxşı halda demək olar ki, Azərbay-canda qeyri-neft sektoru yerində sayır. Hazırda bütün sahələr inhisardadır, ona görə də heç bir inkişaf ola bilməz. Neftdən böyük gəlirlər əldə olunur, həm bunun hesabına iqtisadiyyatın eyiblərini örtür, həm də qeyri-neft sektorunun inkişafını göstərmək üçün rəqəmlər uydururlar. Əslində isə heç bir inkişaf yoxdur". 

Maliyyə nazirinin 2003-2012-ci illərdə ölkə üzrə ümumi daxili məhsulun nominal həcminin 7,6 dəfə artdı-ğını bildirməsinə gəlincə, Q.İbrahimli söyləyib ki, burda da şişirtmələr var: "Əgər ümumi daxili məhsulun həcmində hansısa artım varsa, bu da neftin hesabınadır. Neft hasilatında azalma olsa, ölkənin bütün makroiqtisadiyyatı alt-üst olacaq. Neftdən kənarda hansısa bir pozitiv addım atılmayıb ki, onu əsas gətirərək iqtisadi inkişafdan danışsınlar".

Nazirliyin hesabatında həm də qeyd olunur ki, 2013-cü ilin ilk 6 ayında bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşaası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin ahəngdar maliyyələşdirilməsinə nail olunub. Sosial sahəyə ayrılan vəsaitlərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən artımla icra edilib, əmanətlər üzrə fərdi birdəfəlik ödəmələrin həyata keçirilməsi, yararsız və qəzalı vəziyyətdə olan, müasir tələblərə cavab verməyən təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sosial təyinatlı müəssisələrin bərpası, yenidən qurulması və onlar üçün yeni yaşayış evlərinin inşaasına dövlət və icmal büdcələrdən vəsait ayrılıb. 

Q.İbadoğlu isə deyir ki, müəyyən sahələrdə artım olsa da, bu, insanların sosial-iqtisadi vəziyyətinə təsir edəcək səviyyədə deyil: "Tikintidə dövlət xərcləmələri hesabına infrastrukturun yeniləşməsi siyasəti davam etdirilir, nəqliyyatda da artım var. Maliyyə Nazirliyinin hesabatında iqtisadiyyatımızın qeyri-neft sektorunun ötən dövr ərzində 10,9 faiz səviyyəsində artmasını göstərməsi də məhz bunların hesabınadır. Yəni, burada qeyri-neft sektorunun inkişafından söhbət gedə bilməz".

Qadir İbrahimli isə bildirib ki, bu ilin birinci altı ayında ölkədə hər hansı irəliləyişdən danışmağa əsas yoxdur. Onun fikrincə, Maliyyə naziri 2013-cü ilin ilk 6 ayında bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin həyata keçirilməsindəki uğurların əldə olunmasını deməsi həqiqəti əks etdirmir: "Əksinə, problemlər çoxalıb. Əhalinin gəlirlərində elə də ciddi artım yoxdur, cüzi artımlar olsa da, bu, inflyasiyanın yeminə çevrilib. Daşınmaz əmlakdan tutmuş, ərzaq məhsullarına kimi hər şeyin qiyməti artmaqda davam edir. Bu baxımdan, ölkə əhalisinin ümumi güzəranında, gəlirlərində hansısa pozitiv dəyişikliklərin olduğunu demək yersizdir. Məsələ ondadır ki, zaman keçdikcə vəziyyət daha da ağırlaşır, bazarlarda ən kiçik seqmentlər belə inhisarın təsirinə düşür. Azad rəqabətin olmadığı bir şəraitdə isə, hansısa pozitiv nəticələrdən danışmaq mümkün deyil". 

Onu da nəzərə çatdıraq ki, Nazirlər Kabinetinin son iclasında ölkə başçısı qarşıdakı aylarda əmək haqlarının, pensiya və müavinətlərin artacağını bildirib. Bu artımın seçkiöncəsi gerçəkləşməsi isə bunun siyasi addım olduğunu düşünməyə əsas verir. 

Q.İbadoğlu da düşünür ki, hökumət seçkiöncəsi, seçki ilinə xas olan bəzi addımlar atacaq, pensiya və müavinətlər, əmək haqları qaldırılacaq: "Təbii ki, bu addımların effekti qısamüddətli olacaq. Əgər pensiyanı, əməkhaqqını qaldırırlarsa, eyni zamanda, müəyyən sosial layihələr həyata keçirilirsə, hansı məqsədlə həyata keçirilməsindən asılı olmayaraq, son nəticədə müəyyən effekti də olur. Amma bu, davamlı olmayacaqsa, müntəzəm xarakter daşımayacaqsa, onda orta və uzunmüddətli dövrdə ciddi nəticələrdən danışmağa dəymir. Bunun mənfi tərəfləri də var. Çünki əməkhaqqı və pensiyaların artımı bir tərəfdən qiymətlərin bahaşalmasına stimul verir, digər tərəfdən isə əhalinin gəlirlərinin artımını şərtləndirir. Ancaq bu kimi addımlar mövsümi xarakter daşıdığı üçün müsbət gözləntilərə ümid etmək yersizdir". 

Q.İbrahimli isə deyir ki, növbəti artımlar seçki kampaniyasına hesablanır: "Adətən seçki olmayan dövrdə hakimiyyət nümayəndələri bildirirlər ki, əmək haqlarının qaldırılmasına ehtiyac yoxdur, çünki inflyasiya yaranır. Seçki ilində isə artımın vacib olduğunu əsaslandırmağa çalışırlar. Ancaq 10-15 faiz artımı da ciddi artım kimi qəbul eləmək lazım deyil. Çox güman ki, həmin artımlar da inflyasiyanın yeminə çevriləcək. Ölkədə anti-iflyasiya sistemi işləmədiyinə görə, həmin vəsaitlər də insanlara hər hansı bir xeyir gətirməyəcək. O baxımdan, hesab edirəm ki, əməkhaqqı və pensiyaların artırılması hansısa pozitiv dəyişikliyə səbəb olmayacaq". 

reytinqinfo.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA