KTN büdcə vəsaitlərini hava sovurur

img

10-07-2013 [15:44]


Vahid Məhərrəmli deyir ki, kənd təsərrüfatının inkişafı üçün monstr bir quruma çevrilən «Aqrolizinq» ləğv olunmalı və rəqabətli mühit formalaşdırılmalıdır


Xəbər verildiyi kimi, bir neçə gün öncə prezident İlham Əliyev kənd təsərrüfatına vəsait ayrılması ilə bağlı sərəncam imzalayıb. Prezidentin sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında olub.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsi, ərzaq məhsulları istehsalının artırılması, istehlakda idxaldan asılılığın azaldılması üçün aqrar sahəyə dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi öz aktuallığını saxlamaqdadır. İri taxılçılıq təsərrüfatlarının yaradılması, ehtiyatda olan torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi, eyni zamanda istismarda olan taxılyığan kombaynların əksəriyyətinin mənəvi və fiziki cəhətdən köhnəlməsi əlavə taxılyığan kombaynların alınmasını zəruri edir. Bunu əsas tutaraq qərara alınıb ki, Taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının bu il taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılsın.

Sərəncamda o da qeyd olunur ki, Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Ancaq ayrılan vəsaitin kənd təsərrüfatında hər hansı bir dirçəlişə səbəb olmayacağını düşünənlər çoxdur. İqtisadi tədqiqatlar mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov məsələylə bağlı fikirlərini bizimlə bölüşərkən deyib ki, birincisi, bu maliyyə vəsaitinin ayrılmasına ehtiyac yox idi. Onun sözlərinə görə, Azərbaycan bu sahəni ekstensiv yolla inkişaf etdirə bilməyəcəyik: «Sərəncəamda nəzərdə tutulduğu kimi, həmin vəsaitə 150 kombayn alına bilər. 150 kombayn isə bu qədər sahəni biçməyə bəs eləmir. Əslində, bir milyon hektardan artıq sahəni azaltmağa ehtiyac var. Taxıl sahələrinin həcmini 400 min hektara endirmək lazımdır. Əks halda, biz aqrotexniki qaydalara əməl edə bilməyəcəyik. Bizdə 1 milyon 600 min hektar əkin sahəsi var, onun ən çox halda 14 hissəsi taxıl sahəsinin altına verilməlidir ki, 4 ildən bir növbəli əkin sistemi ilə həmin sahədə taxıl əkini həyata keçirilsin. 15 milyon manatla 150 kombayn almaq olar. Hazırda 1740 kombaynımız var, 150 kombaynın artması işə elə də müsbət təsir eləməyəcək. Yəni, 1 milyon hektar ərazini biçmək üçün bizim 4 min kombayna ehtiyacımız var. Biz də isə onun yarısı yoxdur. Ona görə də hesab edirəm ki, seçilmiş yol yanlışdır. Sahəni genişləndirəndə daha çox texnikaya, anbara və digər avadanlıqlara ehtiyac olacaq. Bu ehtiyacları da davamlı şəkildə ödəmək mümkün olmayacaq».

V.Məhərəmlinin sözlərinə görə, daha az sahədə taxıl əkib, daha çox məhsul almaq ən optimal variantdır. «Biz indii intensiv yola keçməliyik. Bu kombaynların hər birinin dəyəri 100 min avrodur. Özü də bunlar 10 il müddətinə istifadə olunacaq. Belə çıxır ki, kombaynın qiymətini nəzərə alanda, deməli bir ildə on min manat xərc təkcə onun qiymətinə getmiş olur. Axı, bu kombaynla 10 min manatlıq iş görülmür. Üstəlik də o qədər də gəlir gətirmir. Orda istifadə olunan yanacaq var, kombaynyorun haqqı var, amartizasiya xərci var. Bütün bunları hesablayanda o rəqəm çox yüksək alınır. Bu, fermerlərə də sərf eləmir. Biz bir hektardan 20 sentner məhsul götürürük. Bütün bunları nəzərpə alanda hazırkı tədbirlər sərf eləmir. Ona görə də əlavə kombaynlar almaq yox, sahənin həcmini azaldıb intensiv yolla daha yaxşı məhsul əldə etməyə çalışmaq lazımdır. Belə olan halda az kombaynla da yüksək məhsuldarlıq əldə etmək olar», - deyə ekspert bildirib.

Müsahibimiz onu da vurğulayıb ki, əgər intensiv yol deyil, hazırkı siyasəti davam etdirmək büdcə vəsaitlərinin havaya sovurmaq kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, elə yol tutulmalıdır ki, az sahədən çox və keyfiyyətli məhsul götürək: «Bunun üçün bizdə olan kombaynlar yetərlidir. Hazırda əlimizdə olan kombaynlarla 400-500 min hektar taxıl biçinini həyata keçirə bilərik. Sadəcə olaraq, işi düzgün qurmaq lazımdır. Biz həmin 400-500 min hektar sahənin hər hektarından 60-70 sentnerə yaxın taxıl götürə bilərik ki, bu da ölkənin taxıl məhsullarına olan tələbatını tamailə ödəyər. Ancaq təəssüf ki, hökumət də, Kənd Təsərrüfatı Nazirliyi fərqli və səmərəsiz yolu tutub».

V.Məhərrəmov Kənd Təsərrüfatı Nazirliyinin büdcədən ayrılan vəsaitlərlə davranışına, xərclənməsi prosesinə də toxunub. Ekspert deyib ki, burada vəsaitlərin xərclənməsində şəffaflıqla bağlı çoc ciddi problemlər var: «Təəssüflər olsun ki, tenderlərdə iştirak edn şirkətlərin əksəriyyətinin çox qaranlıq keçmişi var. Ayrılan vəsaitinin səmərəliliyinə gəldikdə isə bu sahə də ciddi problemlər var. Baxın, vəsait ayrılıb ki, gübrə gətirilsin, amma biz o gübrədən səmərəli istifadə edə bilmirik. Yəni, gübrələr çox az, kefiyyətsiz, bəzi hallarda isə müddəti keçmiş olur. Son zamanlar ölkəyə cins mal-qara gətirilir. Həmin mal-qaranın ölüm faizi yükzə olur, məhsuldarlığı aşağı olur. Bundan əlavə, idxal olunan toxum materialının keyfiyyəti aşığıdır, ona görə də məhsuldarlığın səviyyəsi aşa olur. Pesdisidlər idxal olunur ki, orda da ciddi problemlər var, şikayətlər gəlir. Bütün bunlar onu deməyə əsas verir ki, Aqrolizinq ləğv olunmalıdır. Ümumiyyətlə, bu sahədə məşğul olan insanlara güzəştli kreditlər verilməlidir, ilk mərhələdə yardım edilməlidir. Bazarda rəqabət mühiti yaradılmalıdır ki, daha keyfiyyətli kənd təsərrüfatı məhsulu istehsalı üçün avadanlıqlar, gübrə, toxum materialları, pestisid və texnika gətirilsin. Ölkədə normal şərait yaradılmalıdır. Bunun üçün ayrı-ayrı fiziki şəxslərə şərait yaratmaq lazımdır ki, rəqabətli mühit olsun. Yoxsa Aqrolizinq kimi monstr qurub yaradıb, ondan asılı vəziyyətdə qalmaq düzgün deyil. Bunlar artıq inhisarçılara çevriliblər, qiymət diqtə edirlər. Gətirdikləri avadanlıqlar, texnika, kənd təsərrüfatı materialları da həm dəyəri yüksəkdir, həm də keyfiyyəti aşağıdır. Nə qədər ki, bu vəziyyət davam edəcək, kənd təsərrüfatında hansısa irəliləyişlərə nail olmaq mümkün olmayacaq».

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA