Gömruk Komitəsindən səfirlərə zikayət olundu: "Gömrükçülərin bu cür allahsızlığı ..."

img

24-04-2013 [04:12]


Sabah Xəzər rayonu məhkəməsində hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə Hacıqabul sakini, sahibkar Hacı Tərlan Quliyevin işi üzrə məhkəmə prosesi davam etdiriləcək. T.Quliyev qarşılaşdığı şər-böhtanla bağlı prezident İlham Əliyevə, Türkiyə, ABŞ, Almaniya, Fransa, Rusiya, Norveçin ölkəmizdəki səfirlərinə, Milli Məclisin Deputatı Mehriban Əliyevaya, baş prokurora, Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərova, milli təhlükəsizlik naziri Eldar Mahmudova, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə, Ali Məhkəməsinin sədri Ramiz Rzayevə Xəzər rayonu məhkəməsinin sədri İlqar Qaralova açıq məktub yazıb. Surəti redaksiyamıza göndərilən məktubda deyilir: - Hörmətli prezident. 8 fevral 2012-ci ildə H.Əliyev adına beynəlxalq hava limanının gömrük rəisi Sadiq Abduyevin orada keçirdiyi xüsusi reyd nəticəsində gömrük işçiləri tərəfindən şərlənərək saxlandım. Aeroportun təhqiqat rəisi Sadiqov Müşfiq Cəllad oğlu məndən 2000 dollar istədi. Sizə inanaraq, verdiyiniz korrupsiyayla bağlı sərəncama görə rüşvət verməkdən imtina etdim. Bunun əvəzində Müşfiq Sadiqov qərəzli mövqe tutaraq heç bir araşdırma aparmadan həmin gün gecə yarısı məni Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə göndərdi. Əməlimdə heç bir cinayət tərkibi olmasa da, barəmdə cinayət işi başlayıb üzümə öz əməkdaşlarından ibarət yalançı şahidlər saxladılar. Həmin cinayət işi Cinayət Prosessual Məcəllə ayaqlar altına atılaraq tapdanmaqla sona çatdırıldı. Vəsatətlərim, etirazlarım nəzərə alınmadı. Hazırda iş Xəzər Məhkəməsinə göndərilib. 2 aprel 2013-ci ildə məhkəmə prosesində hakim mənə yaşadığım Hacıqabul rayonunun kriminal yer olduğunu xatırlatdı. Dövlət ittihamçı Rizvan Şəmmətov isə dedi ki, mən Dubaya pul qazanmaq üçün getdiyim kimi gömrükçülər də işə pul qazanmaq üçün gəlirlər. Gömrükçülərin üzümə yük boşaldan fəhlə kimi yalandan durmalarına da prokuror haqq qazandırdı?. Şikayət müəllifi yazır ki, məhkəmədə üzləşdiyi haqsızlığından sonra hava limanına gedib və orada dəhşətli mənzərənin şahidi olub: ?Müstəntiq Elnur Qurbanovun tərtib etdiyi protokolda hal şahidi qismində göstərdiyi və məhkəmədə özlərini hava limanında yük boşaldan fəhlə kimi təqdim edən hambalların gömrüyün zabitləri olduğunun şahidi oldum. Bu mənzərəni məcburiyyət qarşısında qalıb bir neçə epizodda çəkib şəkilləri sizə göndərirəm. Araşdırma zamanı məlum oldu ki, mənim üzümə duran hal şahidi qismində yük boşaldan fəhlə Şirinov Sadiq Muğan oğlu və Yusifov İlham Vaqif oğlu hava limanında baş gömrük idarəsinin əməliyyatçılarıdır. Mənim əşyalarımı orada qaçaqmalçılığın işçisi Şahin yoxlamışdı. Müstəntiq isə ittiham aktında göstərib ki, Şahin həmin gün o növbədə olmayıb. Hava limanının gömrük rəisi Sadiq Abduyevin istintaqa və onun müavini Azər Məmmədovun məhkəməyə göndərdiyi məktubda göstərilir ki, Hüseyinli Şahin Şadman oğlu 2008-ci ildən Gəncə Hava limanına ezam olub və orada xidməti vəzifəsini yerinə yetirir. Şahin isə məhkəməyə gəlib həmin gün Heydər Əliyev adına Hava limanında məni baş idarəyə apardığını təsdiq edir. Bu necə istintaqdır? Bu necə məhkəmədir? Şəkildə göstərilən qara kostyumlu oğlan gömrükdə əməliyyatçı işləyən, lakin məhkəmədə hava limanının gömrük rəisinin göstərişi ilə yük boşaldan fəhlə kimi mənim üzümə duran Şirinov Sadiq Muğan oğludur. Əsl fəhlələrin də şəklin sizə göndərirəm?. Məktub müəllifi prezidentə müraciətlə yazır: ?Əgər Şirinov Sadiq Muğan oğlu bu cür gözəl təm-taraqla hava limanında yük boşaldan fəhlə kimi çalışırsa, onda mən öz sahibkarlıq fəaliyyətimi dayandırıb onunla bərabər fəhlə işləməyə hazıram. Gömrükçülərin bu cür allahsızlığı və məhkəmənin bütün bunlara göz yumması bizim dövlətimizə olan inamı sarsıldır. Sadiq Abduyev və onun rəhbərlik etdiyi allahsız komandası orada bütün insani keyfiyyətlərdən uzaq olan iyrənc əməlləri həyata keçirir. Onun kimiləri nə vətən sevgisi, nə də ölkə qanunları maraqlandırmır, onun kimilərini ancaq pul düşündürür?. Qeyd edək ki, T.Quliyev bu il fevralın 8-də, saat 10:05 reysi ilə Bakıdan Dubaya uçmaq istəyib. Lakin onu saxlayıb Hava Limanında Baş Gömrük İdarəsinin qaçaqmalçılıqla mübarizə şöbəsinə aparıblar. Orada ondan ölkədən apardığı pula görə 2 min dollar rüşvət istəyiblər. Tələb olunan məbləği vermədiyinə görə xarici pasportu və 16 min 927 dollar pulu gömrükçülər tərəfindən götürülüb. 10 ay sonra xarici pasportu qaytarılsa da, pulu bu günə kimi qaytarılmayıb(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA