Fərhad Əliyevin daha bir obyekti satıza çıxarıldı; Sabiq nazir müflisləzdirilir

img

13-04-2013 [12:17]


Əmlak Məsələləri Dövlət Komitəsi 2012-ci ildə investisiya müsabiqələri yolu ilə 4 açıq səhmdar cəmiyyətini (ASC) özəlləşdirib. Bu sıraya 2003-cü ildə özəlləşdirilən ?Azərelektroterm? ASC də daxildir - komitə birinci özəlləşmənin nəticələrini ləğv edərək müəssisəni təkrar satışa çıxarıb. ?Azərbaycan Mehmanxanası?, ?Azərkabel?, ?Polad İdman Klubu? ?Azərelektroterm? ASC investisiya proqramlarının nəticələrinə uyğun olaraq yeni investorların mülkiyyətinə keçib. Ancaq maraqlıdır ki, investisiya müsabiqəsi yolu ilə özəlləşən müəssisələr sonradan profilini dəyişir, ya da fəaliyyətini dayandırır. Məsələn, ?Azərelektroterm? ASC artıq fəaliyyət göstərmir. O da maraqlıdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi ağır və yüngül sənaye üçün metal konstruksiya istehsal edən ?Azerelektroterm?i eyni yolla iki dəfə özəlləşdirib. İlk dəfə onu Azərbaycan-Türkiyə birgə müəssisəsi olan A & D (təsisçilər: ?Milan Group? - 50 faiz və ?Azpetrol? - 50 faiz) 2003-cü ilin sonunda özəlləşdirib. Bu müəssisə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyevə məxsus idi. A & D şirkəti 12 ayda müəssisəyə 9,8 milyon manat investisiya qoymaq öhdəliyi götürüb. Əmlak Məsələləri Dövlət Komitəsinin auditi göstərib ki, müqavilə müddətində buraya cəmi 1,3 milyon manat investisiya yatırılıb. Buna baxmayaraq, komitə 2005-ci ildə şirkətə ?Azərelektroterm?in səhmlərinə sahiblik şəhadətnaməsi verib. Ancaq F.Əliyev və qardaşı R.Əliyevin həbsindən dərhal sonra məhkəmə qaydasında özəlləşdirmənin nəticələri ləğv edilib. Maraqlıdır ki, ASC-yə sahiblik şəhadətnaməsini Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov özü imzalayıb - ?Azərelektroterm?in səhmlərinə sahiblik şəhadətnaməsi verilərkən K.Həsənov İqtisadi İnkişaf Nazirliyinin özəlləşdirmə departamentinin rəhbəri idi. Az sonra departament nazirliyin tabeçiliyindən çıxarıldı və K.Həsənovun rəhbərliyi ilə müstəqil quruma çevrildi. K.Həsənovun müstəqil qurumun rəhbəri kimi ilk göstərişlərindən biri investisiya müsabiqəsi yolu ilə özəlləşən ?Azərelektroterm? ASC-nin yenidən dövlət mülkiyyətinə qaytarılması ilə bağlı məhkəmə iddiasının hazırlanması oldu. Növbəti dəfə ?Azərelektroterm? 2007-ci ildə investisiya müsabiqəsinə çıxarılıb. Ancaq qanuna zidd olaraq, müsabiqənin nəticələri açıqlanmayıb. Ona görə buranı kimin özəlləşdirdiyi və götürdüyü öhdəliklər bəlli deyil. Məsələyə aydınlıq gətirmək üçün ?Turan? agentliyi ?Azərelektroterm? ASC-nin rəhbərliyinə sorğu ilə müraciət edib. Sorğuya cavab olaraq bildirilib ki, ?Azərelektroterm? təsərrüfat subyekti deyil. Müəssisənin ərazisində iki şirkət (?Texmaş? və ?TMT?) fəaliyyət göstərir. İkinci müsabiqə ərəfəsində Əmlak Məsələləri Dövlət Komitəsi ASC-nin aktivlərini yenidən strukturlaşdırıb. İkinci müsabiqə zamanı investorlara səhmlərin 98,7 faizi yox, 97,24 faizi satılıb. Nizamnamə kapitalı 3 milyon 760 min manatdan 1 milyon 771 min manata endirilib. Bununla yanaşı, ASC-yə məxsus torpaq sahəsi də 3 dəfə azaldılıb - ?Azərelektroterm?ə məxsus torpaq sahəsi 35,1 hektardan 12,3 hektara qədər azaldılıb. Böyük ehtimalla ASC-yə məxsus torpaq sahələri fiziki şəxslərə satılıb. Bu, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşlarına məxsus obyektlərin onlardan alınaraq yenidən satışa çıxarılması ilə bağlı ilk fakt deyil. Ötən il sabiq nazirə məxsus ?Bakı Yoltikintiservis? ASC-nin səhmlərinin 94,7 faizi (923 min 855 ədəd, nizamnamə kapitalı 975 min 475 manat), ?Daş Salahlı Bentonit? ASC-nin səhmlərinin 90,1 faizi (137 min 884 ədəd, nizamnamə kapitalı 152 min 912 manat); ?Azinşaat Sənaye? ASC-nin səhmlərinin 98,3 faizi (115 min 463 ədəd, nizamnamə kapitalı 117 min 437 manat) təkrar satışa çıxarılaraq satılmışdı. Sabiq nazir Fərhad Əliyev və ?Azpetrol?un keçmiş sahibi Rafiq Əliyev 2005-ci il oktyabrın 19-da ?dövlət çevrilişinə cəhd? ittihamı ilə həbs ediliblər. Sonradan bu ittihamlar təsdiqini tapmadığından F.Əliyev qanunsuz özəlləşdirmə və korrupsiyada, R.Əliyev isə vergidən yayınmaqda və qaçaqmalçılıqda təqsirli bilinərək müvafiq olaraq 10 və 9 il azadlıqdan məhrum ediliblər. Eyni zamanda ?Azpetrol?un sabiq işçisi İbrahim Məmmədovun (prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun həmkəndlisi və qohumu - red.) iddiası əsasında yerli iqtisad məhkəməsi şirkətdə Rafiq Əliyevin və hollandiyalı investorların təsisçilik hüququnun əllərindən alınması barədə qərar qəbul edib. R.Əliyev təsisçilik hüququnun bərpası üçün Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmişdi. Ancaq sonradan ictimaiyyətə bəlli olmayan səbəblərdən ?Azpetrol? şirkətində təsisçilik hüquqlarının bərpası ilə bağlı Avropa Məhkəməsinə yolladıqları şikayəti geri götürdülər. Görünür, Əliyev qardaşlarının əmlakının sona qədər müsadirə edilməsi ilə bağlı qeyri-rəsmi qərar var və qərarın icrası bu günə qədər davam edir. Həbsdə olan qardaşların isə buna müqavimət göstərmək həvəsi yoxdur(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA