09-04-2013 [11:40]
ölkənin davamlı və tarazlı inkişafını təmin edib[/b]
Müasir Azərbaycan tarixində qazanılmış ən böyük uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycanı inkişaf etdirməyin aydın yollarını göstərib, ən dəqiq taktika və strategiyanı müəyyən edib. Onun rəhbərliyi altında iqtisadı və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan verib.
Uğurlu daxili və xarici siyasət nəticəsində qısa müddətdə respublikada siyasi və makroiqtisadi sabitlik bərpa edilib və bu əlverişli şəraitdə həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan Respublikası bazar iqtisadiyyatının formalaşdırılması və sahibkarlığın inkişafı sahəsində ciddi nəticələrə nail olub. Həyata keçirilən siyasi və iqtisadi tədbirlər nəticəsində ölkənin sosial-iqtisadi inkişafında, əsasən də makroiqtisadi göstəricilərdə ? ÜDM-də, o cümlədən bütün istehsal və xidmət sferalarında, xarici iqtisadi əlaqələrdə, əhalinin məşğulluğunda və büdcəyə vergi mədaxilində özəl sahibkarlığın payı ilbəil yüksəlib. Bu uğurlar heç da asan şəraitdə əldə edilməyib. Ölkədə keçirilən islahatlar zamanı müstəqilliyin ilk dövrlərindəki aşağıdakı amillərin mənfi təsiri nəzərə alınıb:
- islahatların müharibə şəraitində həyata keçirilməsi, torpaqların 20 faizinin işğalı və bunun nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu;
- ölkədə islahatların bir sistemdən onun əksi kimi çıxış edən digər iqtisadi sistemə ? bazar iqtisadiyyatına keçid şəraitində həyata keçirilməsi. Bu isə təkamül yolu ilə səmərəli iqtisadiyyat formalaşdırmış ölkələrdən fərqli olaraq, özünəməxsus problemlər doğurur və radikal addımlar tələb edir.
- 90-cı illərin əvvəllərinədək köklü iqtisadi islahatların keçirilməsinin ləngidilməsi və bunun nəticəsində ölkə iqtisadiyyatının böhran vəziyyətinə gətirilməsi.
Tənəzzül mərhələsi
Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrdə sahibkarlığın inkişafı bir neçə mərhələdən keçib. Bunlardan birincisi 1993-cü ilə qədər olan mərhələdir. Həmin dövrdə iqtisadi islahatların sistem halında, müəyyən ardıcıllıqla və bir-birini tamamlama şərtilə həyata keçirilməsi iqtisadi dirçəlişin təmin edilməsinin mühüm şərti kimi çıxış edirdi. Amma Azərbaycanın müstəqil bir dövlət kimi bərqərar olunmasından sonra hakimiyyətə gələn müxtəlif qüvvələr tərəfindən iqtisadiyyatda köklü dəyişikliklər aparılması üçün heç bir şey edilmədi və nəticədə əhalinin həyat səviyyəsi olduqca aşağı səviyyəyə düşdü. İqtisadi böhrandan əsas çıxış yolu isə dövlət mülkiyyətinin özəlləşdirilməsi idi, ona görə ki, dövlətin iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatların aparılması mümkün deyildi. Halbuki həmin dövrdə sahibkarlığın maddi əsasını formalaşdıran özəlləşdirmə, xüsusilə də qiymətlərin liberallaşdırılmasını qabaqlamalı idi. Lakin bir sıra obyektiv (rubl məkanında olan digər dövlətlərin bu prosesə başlaması) və subyektiv (respublikanın mili valyutaya keçidə vaxtında hazır olmaması, iştisadi sərhədlərin təşəkkülündəki ləngimələr) səbəblər ölkəni iqtisadiyyatda dövlət mülkiyyətinin inhisarı şəraitində qiymətlərin sərbəstləşdirilməsi prosesinə başlamaq məcburiyyəti qarşısında qoydu. Beləliklə də, bazar iqtisadiyyatına keçid üzrə mühüm strateji tədbir -özəlləşdirmə fiskal məqsədlərə münasibətdə arxa plana keçirildi. Yaranmış vəziyyətdə real maliyyə sabitliyinin yalnız istehsal fəaliyyətinin aktivləşdirilməsi və bu əsasda dövriyyədəki pul kütləsinin təminatının artırılması vasitəsilə mümkünlüyü nəzərə alınarsa, həyata keçirilmiş taktiki addımın heç bir real nəticə verməyəcəyi aşkar idi.
Qiymətlərin liberallaşdırılmasından sonra ölkə iqtisadiyyatında yaranmış vəziyyət islahatların özəyini təşkil edən özəlləşdirmə prosesini, bu əsasda sahibkarlığın inkişafı və rəqabət mühitinin formalaşmasını həyati zərurətə çevirdi. 1993-cü ilə kimi həmin proseslərin ləngidilməsi tənəzzülün daha da sürətlənməsinə, iqtisadiyyatın dağılmasına ciddi təsir göstərdi, xeyli vəsait itkisinə səbəb oldu. Beləliklə, özəlləşdirmənin gecikdirilməsi, ölkədə tənəzzülün aradan qaldırılmasını və makro-iqtisadi sabitliyin təmin edilməsini daha da çətinləşdirdi. Bu prosesdən sonra həyata keçirilməli olan tədbirlərin reallaşdığı şəraitdə ölkə, faktiki olaraq, sürətli özəlləşdirmənin həyata keçirilməsi məcburiyyətində qaldı.
İqtisadi sabitlik
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasına istiqamətlənmiş tədbirlər həyata keçirilməyə başlandı. 1993-1996-cı illəri əhatə edən mərhələdə iqtisadi siyasət bazar islahatlarının ardıcıl və sahmanlı şəkildə aparılmasına əsaslanırdı. Onun başlıca istiqamətini dövlət mülkiyyətinin özəlləşdirilməsi, şəxsi və kollektiv sahibkarlıq təşəbbüsünün inkişaf etdirilməsi, istehsalın səmərəsinin yüksəldilməsi təşkil edirdi. Kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri idi. Artıq 1995-ci ildən dövlət əmlakının özəlləşdirilməsinin birinci mərhələsi başa çatdı və II özəlləşdirmə proqramının həyata keçirilməsinə başlanıldı. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlara dövlət maliyə köməyi sistemi formalaşdırıldı, vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atıldı: mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salındı, kiçik sahibkarlıq sübyektlərinin bir hissəsinə vahid vergi tətbiq edildi.
Aqrar sahədə də bir sıra islahatlar həyata keçirildi. "Torpaq islahatı haqqında" qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi məsələlər əksini tapdı. Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları nəticəsində dövlət mülkiyyətində saxlanılan az sayda damazlıq, toxumçuluq və digər bu kimi təsərrüfatlar istisna olmaqla, bütün müəssisələr, o cümlədən sovxoz və kolxozlar ləğv edildi, onların əmlakı təsərrüfat üzvləri arasında ədalətli şəkildə bölüşdürüldü.
Qeyd edək ki, ölkədə aparılan torpaq islahatı nəticəsində 870 832 ailə (3,4 milyon subyekt) torpaq mülkiyyətçisinə çevrildi və 2032 kolxoz və sovxoz ləğv edildi. Həmin vaxt kənddə bazar iqtisadiyyatına xas olan yeni təsərrüfat subyektləri formalaşmağa başladı, yeni mülkiyyətçilər təbəqəsi-fermerlər təşəkkül tapdı. Kənd təsərrüfatı məhsulunun 95 faizdən çoxu özəl bölmədə istehsal olunmağa başladı. Fermerlər torpaq vergisi istisna olmaqla digər vergilərdən 5 il müddətinə (sonradan bu vaxt 2014-cü ilədək uzadıldı) azad edilməsi, büdcəyə olan vergi borclarının silinməsi, onlara yanacağın güzəştli qiymətlərlə satışı, habelə fermer təsərrüfatları üçün kredit resurslarının ayrılması və həyata keçirilən digər tədbirlər aqrar islahatların daha sürətlə aparılmasına imkan yaratdı.
Dövlət- sahibkar münasibətlərinin inkişafı və tənzimlənmənin yeni istiqamətlər üzrə təşkil edilməsi məqsədilə dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirildi. Bu məqsədlə ilk addım kimi 17 iyun 1996-cı il tarixində "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərman imzalanmaqla iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldıldı, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən halların qarşısı alındı, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər keçirildi. Sahibkarlığın təşəkkülü və Heydər Əliyevin həyata keçirdiyi digər uğurlu iqtisadi islahatlar, inkişaf modelinin həyatqabliyyətli və səmərəliliyi 1996-cı ildən etibarən inflyasiyanı kəskin artmasının qarşısını aldı, büdcə kəsiri ÜDM-in 1-2 faizi səviyyəsinə endirildi. 1991-ci ildən başlayaraq 5 il ərzində davam edən iqtisadi tənəzzülə son qoyulmaqla inflyasiya səviyyəsi azalmağa başladı. 1996-ci ildən başlayaraq iqtisadiyyatda canlanma yarandı. Belə ki, 1996-cı ildə ÜDM-in artım sürəti 1,3 faiz, 1997-ci ildə 5,8 faiz təşkil etdi.
Dinamik inkişaf
Sahibkarlığın inkişafındakı növbəti mərhələ 1997-2003-ci illəri əhatə edirdi. Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən su istifadə halları ilə mübarizənin genişləndirilməsi məqsədilə Heydər Əliyev tərəfindən 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman imzalandı. Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi.
İqtisadi və dövlət idarəetmə aparatında aparılan struktur islahatları isə ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlıq sektorunun inkişafına güclü təkan verdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2001-ci il tarixli Frəmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoymuş və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirdi. Bu illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasında sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirildi. 2002-ci ildə sahibkarlığın inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel-may aylarında keçirdiyi görüşləri də diqqəti çəkdi. Bu görüşlərdə sahibkarlığın inkişaf yolları araşdırıldı, inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirildi. Qəbul edilmiş sənədlər və onların icrası ilə bağlı həyata keçirilmiş tədbirləri məhz bu strategiyanın ardıcıl şəkildə reallaşdırılmasının növbəti mərhələsi kimi səciyyələndirildi. Heydər Əliyev sahibkarlığın inkişafı üçün atılmış bu tədbirlərlə kifayətlənmədi. Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş ?Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)? bu istiqamətdə həyata keçirilməli olan dövlət tədbirlərinin sistemliliyinin təmin edilməsində mühüm rol oynayaraq ölkədə sahibkarlığın inkişafına böyük təkan verdi. Kiçik və orta sahibkarlığın (KOS) inkişafının əvvəlki Dövlət Proqramları əsasən ölkədə KOS sektorunun təşəkkülü ilə əlaqədar tədbirləri əhatə edirdisə, hazırkı Dövlət Proqramı artıq təşəkkül tapmış bu sektorda ölkə iqtisadiyyaının potensialının daha da səmərəli reallaşdırılması baxımından struktur dəyişikliklərinin həyata keçirilməsinə, bu bölmənin inkişafının çeşidli mexanizmlərinin yaradılmasına istiqamətləndi. Bundan başqa, "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)" qəbul edildi. "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilərək lisenziyaların müddəti uzadıldı. Heydər Əliyevin liderliyində həyata keçirilən siyasət isə çox tez bir zamanda iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb oldu. Onun rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyllər daha qabarıq şəkildə özünü göstərdi. Ümumi daxili məhsulun həcmi 1997-ci ildə 5,8 faiz, 1998-2003-cü illərdə isə orta hesabla 10 faiz təşkil etdi. Əmək haqqı, pensiyalar, istifadəyə verilən sosial obyektlər artdı. Ölkə iqtisadiyyatında qeyri-dövlət sektorunun xüsusi çəkisi 73 faizi keçdi ki, bu da 1994-cü illə müqayisədə 2,5 dəfə yüksək idi. Əhalinin məşğullugunda bu sektorun payı 70 faiz, büdcə gəlirlərində 40 faizə yaxın idi. Yaradılmış əlverişli sahibkarlıq mühiti ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin ? hüquqi və fiziki şəxslərin sayının dinamik artımını təmin etdi. 65 minə yaxın hüquqi şəxs dövlət qeydiyyatından keçdi. Son 5 ildə hüquqi şəxslərin sayı 1,5 dəfə artdı. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 175 mini keçdi. Sahibkarlıq bölməsində xarici investisiyalı şirkətlərin sayı 1995-ci ilə nisbən təqribən 3,3 dəfə artaraq 3400-ü keçdi. Bazar münasibətlərinin tələblərinə uyğun olaraq ölkə iqtisadiyyatında kiçik sahibkarlığın inkişafı prosesi davam etdi. Orta hesabla əhalinin hər 10 min nəfərinə 59 dövlət qeydiyyatından keçmiş kiçik müəssisə düşdü.
Davamlı inkişaf üçün əsaslı zəmin
Ümummilli liderin ölkədə sahibkarlığın inkişafı istiqamətində oynadığı misilsiz rol yalnız bu göstəricilərin səviyyəsindəki artımla yekunlaşmadı. Həyata keçirilmiş strategiya cəmiyyətin inkişafı üçün çox mühüm olan yenilikləri diktə etdi. Belə ki, Azərbaycan sahibkarının cəmiyyətdəki mövqeyi xeyli möhkəmləndi və bu təbəqə aparıcı qüvvə kimi qəbul edildi. Sahibkarlığın inkişafının mühüm şərtlərindən biri olan infrastrukturun formalaşdırılması sahəsində vacib işlər görülmüş, sahibkarlara zəruri texniki yardım - məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar yaradıldı.
Heydər Əliyevin rəhbəçrliyilə xüsusi mülkiyyət münasibətlərinin inkişafı cəmiyyət üzvlərinin təfəkküründə bazar iqtisadiyyatı münasibətlərinin dönməzliyinə qəti inam yaratdı. Əmək qabiliyyətli hər kəsin yaşayış səviyyəsinin onun bacarıq, istedad, səriştə və zəhmətindən asılı olduğu qaçılmaz həqiqət kimi qəbul edildi. Sahibkarlar təbəqəsi həyata keçirilən islahatların dönməzliyinə təminat verən sosial bazanı formalaşdırıb və möhkəmləndirib. Cəmiyyətdə çoxsaylı mülkiyyətçilər ordusu formalaşmaqla yanaşı, orta təbəqənin xüsusi çəkisinin artması istiqamətində pozitiv meyllər müşahidə olundu. Heydər Əliyevin rəhbərliyi sayəsində Milli iqtisadi inkişaf strategiyası formalaşdı, iqtisadi inkişaf prosesi başladı, sosial ədalət və gəlirlərin ədalətli bölgüsü üzərində effektiv nəzarət mexanizmi yaradıldı.
Onun rəhbərliyi ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyasının aşağıdakı mühüm məqamları nəinki ölkəmizin inkişafında müstəsna rol oynadı, hətta bir model olaraq keçid iqtisadiyyatlı ölkələrin iqtisadi inkişafı baxımından nümunə kimi qəbul edilə bilər:
- Sahibkarlığın inkişafına yönəldilmiş tədbirlərin sistemliliyinin təmini
Sahibkarlığın inkişafı problemlərinin bir-biri ilə əlaqədar olması, onların həllinin müəyyən bir sistemin daxilində reallaşmasını zəruri edir. Belə ki, müəyyən bir istiqamətdə sahibkarların problemlərinin həllinə nail olmaqla ölkədə işgüzar fəaliyyətin əlverişli mühitini təmin etmək mümkün deyil. Dünya iqtisadi təcrübəsi göstərir ki, sahibkarlığın zəruri iqtisadi mühitinin formalaşmasına yönəldilmiş tədbirlərin xüsusi sistem çərçivəsində reallaşması məqsədəuyğundur. Bu qarşıya qoyulmuş strateji məqsədə çatmağı təmin edir.
Bu baxımdan, ölkəmizdə vəziyyəti qənaətbəxş hesab etmək olar. Belə ki, sahibkarlığın inkişafı üzrə qəbul edilmiş Dövlət Proqramları bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin edib. bu tədbirləri vahid strategiyanın həyata keçirilməsinə yönəldib. Sahibkarlığın dövlət müdafiəsinin bu və ya digər variantının seçilməsi ölkənin inkişaf səviyyəsi, hazırkı sosial-iqtisadi şərait, inkişafın müasir mərhələsində qarşıya qoyulmuş vəzifələr və digər amillərin təsiri ilə şərtlənir. Bu amillərin təsiri nəzərə alınaraq, ölkəmizdə sahibkarlığın müdafiəsi və inkişafının dövlət sistemi daxilində əlaqələndirilib, Azərbaycan modeli yaradılıb.
- Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilib. Dövlətin uzunmüddətli iqtisadi siyasətinin başlıca istiqamətləri və prinsipləri əsasında sahibkarlığın inkişafı keyfiyyətcə yeni təsərrüfatçılıq münasibətləri sisteminin formalaşmasına əsaslanır. Göstərilən prinsiplər dövlətin sahibkarlığın inkişafında üzərinə götürdüyü öhdəlikləri və sahib cəmiyyətə münasibətdə məsuliyyətinin əsas müddəalarını formalaşdırıb. Bu meyarlar dövlətin xüsusi mülkiyyətin və şəxsiyyət azadlığının toxunulmazlığının əsas dəyərlərə çevrilməsinə şərait yaradan sosial-iqtisadi mühitin yaradılmasına təminatı, eyni zamanda sahibkarın dövlətə münasibətdə özünün sosial və hüquqi məsuliyyətini dərk edərək onlardan irəli gələn vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur.
-Dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması. Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi bu məqsədlə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkilini zərurətə çevirib. Sahibkarlar artıq mövcud problemlərinin həllində iştirak edir. Bu baxımdan yaradılmış mexanizmlər (Sahibkarlar Şurası İnvestisiyaların Təşviqi və Məsləhət Fondu və s.) dövlət-sahibkar münasibətlərinin sivill müstəvidə inkişafında əhəmiyyətli rol oynamaqdır. Azərbaycan Respublikası Prezidentinin yanında Sahibkarlar Şurasının yaradılması və onun dövlət, ictimai təşkilatlarla qarşılıqlı fəaliyyətinin təmin edilməsi Azərbaycan cəmiyyətinin və dövlətinin mühüm addımı kimi qiymətləndirilməlidir.
Beləliklə, Heydər Əliyevin sahibkarlığın inkişafı modelinin reallaşdırılması Azərbaycan cəmiyyətinin sosial problemlərinin həllində, əhalinin məşğulluğunda və yeni iş yerlərinin açılmasında sahibkarlığın rolunu əhəmiyyətli dərəcədə yüksəltdi, davamlı inkişaf üçün əsaslı zəminin formalaşdı. Bu strateji xətt hazırda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilir. Ölkədə əlverişli biznes və investisiya mühitinin yaradılması, sahibkarlığa dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, iş adamlarının məsləhət-informasiya təminatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Onların nəticəsində Azərbaycanın davamlı və tarazlı inkişafı təmin edilib, sosial məsələlərin köklü həll edilməsi mümkün olub. Bunların nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli və rəqabət qabiliyyətlidir.
Xəyalə Muradova
"İqtisadi İnkişaf Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir"