08-04-2013 [11:02]
Aprelin 5-də Milli Məclisin plenar iclasında cari məsələlər müzakirə olunmayıb və Hesablama Palatasının sədri Heydər Əsədov parlamentə hesabat verib. H.Əsədov hesabatında bildirib ki, əgər 2011-ci ildə 46 nəzarət tədbiri həyata keçirilmişdisə, ötən il onların sayı 68-ə çatıb. Palata sədri qeyd edib ki, nöqsanların əksəriyyəti cinayət xarakterli deyil. Onun sözlərinə görə, bunlar mühasiblərin qeyri-peşəkarlığından, kimlərinsə düzgün göstəriş verməməsindən asılı olub.
H.Əsədov nəzərə çatdırıb ki, sosial vəsaitlərdən sui-istifadə halları artıb. Mühasib-maliyyəçilər qadınlar olan yerdə belə halların daha da çox olduğunu vurğulayan sədr deyib ki, bunların səbəbləri əsasən bəzi yerlərdə maliyyə işlərinə kifayət qədər diqqət yetirilməməsi, maliyyə xidmətinin peşəkar kadrlarla təmin olunmaması və s. bağlıdır. Bu nöqsanların yaranmasına səbəb kimi qanundakı boşluqlar, normativ sənədlərin çatışmazlığı, bir sıra subyektlərdə köhnə SSRİ dövründən qalma sənədlərdən istifadə edilməsi göstərilib.
Xarakterik nöqsanlardan danışan H.Əsədov həm də bildirib ki, bir çox büdcə təşkilatlarında artıq ştatlar aşkarlanıb və görülən tədbirlər nəticəsində 550 ştat ləğv edilib, 220 qrup bağlanıb: "1 milyon 100 mindən artıq mal mədaxil olunaraq inşa edilib. Əsas, fondların mədaxil edilməməsi, uçota alınmamasıdır. Hesablama Palatasının tədbirləri nəticəsində təsərrüfat təşkilatlarda 88,8 milyon manatlıq vəsait uçota alınıb, 4 milyon 366 min manat dövlət büdcəsinə nəql edilib, 144 min manat məbləğində sosial müdafiə xərcləri DSMF-yə köçürülüb. Hüquq-mühafizə orqanlarına göndərişlərdən başqa, təsərrüfat subyektlərində cəza tədbirləri də görülüb: 44 adam işdən çıxarılıb, onlardan 13-ü vəzifəli şəxs, 3-ü müavindir. Daha 44 nəfərə şiddətli töhmət, 92 nəfərə töhmət elan olunub".
[b]Hesablama Palatasının fəaliyyətində problemlər var[/b]
İqtisadi Tədqiqatlar Məkrəzinin (İTM) rəhbəri, tanınmış iqtisadçı Qubad İbadoğlu "Reytinq"ə deyib ki, Hesablama Palatasının hesabatını həm mövcud qanunvericilik, həm də Palatanın özünün malik olduğu səlahiyyətlər çərçivəsində normal dəyərləndirmək mümkündür. Buna baxmayaraq, ekspert, Hesablama Palatasının fəaliyyətində müəyyən problemlərin olduğunu da vurğulayıb: "Azərbaycanda Hesablama Palatasının, onun üzvlərinin müstəqilliyinin zəruri səviyyəsi Konstitusiyada təsbit olunmayıb. Əslində, bu, çox vacib məqamlardan biridir. Çünki Lima bəyannaməsi var ki, ali audit qrumlarının birgə təşkil etdiyi sənəddir. Orda qeyd olunur ki, ali audit qurumlarının müstəqilliyi Konstitusiyada və qanunlarda təsbit edilməlidir. Bizdə isə Hesablama Palatasının yaradılması ilə bağlı yarım cümlə var, amma bu qurumun müstəqilliyi ilə bağlı məqam yer almayıb. Bu gün Hesablama Palatası Azərbaycanda planlı şəkildə maliyyə-büdcə ekspertizası və auditor yoxlamalar aparır. Əslində isə, Hesablama Palatasının audit istiqamətində yolxamalarını genişləndirmək vacibdir. Bura strateji, operativ audit formaları da daxil edilməlidir. Çünki bəzən elə hallar ortaya çıxır ki, Hesablama Palatasına onunla bağlı Milli Məclis sədrinin qərarı verilməlidir. Bu məqam Hesablama Palatasının plandankənar audit yoxlamaları aparması imkanlarını məhdudlaşdırır. Ancaq bəzi ölkələrdə Hesablama Palatası mətbuatda çıxan məlumatları götürüb, onunla əlaqədar yoxlamalar aparır və nəticə ilə bağlı ictimaiyyətə məlumat verir".
[b]Palatanın seçim proseduru dəyişməlidir[/b]
Q.İbadoğlunun fikrincə, Hesablama Palatası sədrinin, onun müavinlərinin, auditorların seçim prosedurları, fəaliyyətləri təkmilləşməlidir. Onun sözlərinə görə, bir sıra ölkələrdə Hesablama Palatasına üzvlüyə namizədlərin yarısını hakimiyyət, yarısını isə müxalifət təqdim edir və parlament də onları təsdiqləyir: "Məsələn, Rusiyada Hesablama Palatasının auditorlarının üçünü prezident, üçünü Duma, üçünü də Federasiya Şurası təqdim edir. Yəni, müxtəlif yanaşmalar var. Azərbaycanda isə Hesablama Palatası yalnız hakimiyyətin istəyi və iradəsi ilə formalaşır. Digər tərəfdən isə, Hesablama Palatasının fəaliyyətində şəffaflığın artırılmasına ehtiyac var. Onun apardığı yoxlamalarla bağlı məlumatların yalnız parlamentdə hesabat zamanı əldə edilməsi də doğru deyil. Bu qurumun həm maliyyə-büdcə ekspertizası, həm də audit yoxlamalarının nəticələri operativ olaraq dərc edilməlidir. Bəzi ölkələrdə illik hesabatlar, aylıq jurnallar, dövrü mətbuat üçün açıqlamalar şəklində məlumat verirlər. Azərbaycanda isə bunu etmirlər. Yalnız parlamentdə hesabat zamanı bilirik ki, yoxlamalar nəticəsində milyon manatlarla mənimsəmələr aşkarlanıb".
[b]Korrupsiya obyektiv araşdırmanı əngəlləyir[/b]
İTM rəhbəri sözügedən qurumun fəaliyyətindəki narahatedici məqamlardan birinə də toxunub. Onun sözlərinə görə, Hesablama Palatasının aşkarladığı mənimsələrin hüquqi müstəvidə araşdırılmasında, ona yol verənlərin cəzalandırılmasında problemlər var: "Düzdür, bu, Hesablama Palatasının səlahiyyətində olan məsələ deyil. Amma təəssüflər olsun ki, hüquq-mühafizə orqanlarındakı korrupsiya obyektiv araşdırmaya imkan vermir. Bununla da Hesablama Palatasının fəaliyyətinin təsiri azalır. Yəni, bu qurum yoxlamalar zamanı 10 milyon yox, lap 100 milyon manat mənimsəmə halları da aşkara çıxarsa, cəzasızlıq davam edəcək. Ona görə də hesab edirəm ki, Hesablama Palatasının siyasi iradəsinin olması vacib məsələdir. Əgər bu qurumun müstəqilliyi olsa, ölkədəki büdcə oğurluğunun qarşısını ala bilər. Çox təəssüf ki, bu gün Azərbaycanda büdcə oğurluğunun qarşısının alınmasında çox ciddi problemlər var. Hesablama Palatası isə bəzən ona verilən səlahiyyətlərdən də istifadə edə bilmir".
[b]Hesablama Palatası fondlara hesabat vermir[/b]
Q.İbadoğlu qeyd edib ki, Hesablama Palatası yalnız Sosial Müdafiə Fonduna deyil, həm də büdcədənkənar fond kimi ?eft Fonduna rəy verməlidir. Ancaq Palatanın buna hüquqi əsası olsa da, indiyə qədər büdcədənkənar fond kimi Dövlət ?eft Fonduna rəy verməyib. Müsahibimiz bunun da daha çox siyasi məsələ olduğunu düşünür.
Bir məqamı da vurğulamaq lazımdır ki, Hesablama Palatası büdcə vəsaitlərinin ən çox ayrıldığı nazirliklərə, daha dəqiqi, infrastruktur layihələrini icra edən, milyardlarla büdcə vəsaitlərini xərcləyən qurumlarda ciddi yoxlamalar aparmaq imkanından məhrum olur. Bu qurumun belə bir imkanı olsa da, ya dərindən yoxlama apara bilmir, ya da böyük məbləğdə mənimsəmə hallarını üzə çıxarmaq iqtidarında deyil. Q.İbadoğlunun fikrincə, elə sahələr var ki, Hesablama Palatası orada yoxlama aparmaq istəmir. Çünki müəyyən siyasi baryerləri keçə bilmirlər. Elə sahələr də olur ki, yoxlama aparmaq istəsələr də, onları ora buraxmırlar: "Baxmayaraq, qanunda qeyd olunur ki, Hesablama Palatasının sorğuları dövlət qurumları tərəfindən qeyd-şərtsiz cavablandırılmalıdır, ancaq bu qurumun müəyyən nazirliklərdən sorğu almaq imkanı olmur. Bu da Hesablama Palatasının həm hüquqi, həm də siyasi baxımdan səlahiyyətlərinin tam təsbit olunmaması ilə bağlıdır. Ona görə də bu qurum imkanı çatan sahələrdə və çərçivədə fəaliyyət göstərmək məcburiyyətində qalır".
[b]İdarəetməyə nəzarət edəcək yeni şura yaradılır[/b]
Qeyd edək ki, Azərbaycanda idaretməyə nəzarət edəcək yeni qurumun yaradıldığı bildirilir. Məlumata görə, Prezident yanında İctimai Şura adlanacaq bu qurum idaretməyə nəzarəti həyata keçirməklə yanaşı, bu sahədəki vəziyyətlə bağlı Prezident üçün hesabat hazırlayacaq. Bu quruma QHT təmsilçilərinin, deputatların, müstəqil ekspertlərin, ayrı-ayrı sahələr üzrə mütəxəssislərin, əsasən də gənc kadrların cəlb olunacağı deyilir. Artıq bu qurumun Əsasnaməsinin hazırlanması üçün müvafiq strukturlara tapşırıq da verilib. Bundan başqa, bütün icra hakimiyyətlərində də İctimai Şura yaradılacaq. İTM rəhbəri deyir ki, əgər vətəndaş cəmiyyətinin, ekspertlərin, parlament nümayəndələrinin və aşağıların rəyini nəzərə almaqla, bir qurum formalaşarsa, ondan nəsə gözləmək mümkündür, Eyni zamanda, onların roluna və salahiyyətlərinə də baxmaq lazımdır: "Yox, əgər bu qurum da əvvəlki kimi icra hakimiyyətindən, necə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi ?azirliyində, Ədliyyə, Təhsil və digər qurumlarda yaradılan İctimai Şura kimi olcaqsa, yuxarıdan formalaşdırılacaqsa, təbii ki, bundan nəsə gözləməyə dəyməz. Bu şəkildə formalaşan qurum isə imitasiya xarakteri daşıya bilər. Ancaq bu qurumun normal səlahiyyətləri, funksiyaları, müstəqilliyi olarsa, bu institutun formalaşması vətəndaş cəmiyyətinin, ekspert şəbəkəsinin rəyi əsasında yaradılarsa, müsbət nəticə əldə etmək olar" (reytinqinfo.az)