Füzuli Ələkbərova qarzı 1 milyon dollarlıq iddia

img

05-04-2013 [10:17]


[b]Nazir mənimsəmədə ittiham olundu; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş adamını müflis edib; qurum ?SAF Təchizatçı? MMC-yə əlillərə bina tikmək üçün ayrılan 1,5 milyon manatın 51 faizini zorla geri alıb[/b] Bir müddət öncə Gəncənin və İmişlinin icra başçıları - Elmar Vəliyev və Vilyam Hacıyevin təmir-tikinti, abadlıq işləri adı altında iş adamlarına, hətta öz qardaşlarına belə pul ?atması? üzə çıxmışdı. Bu dəfə isə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun adı iş adamının pulunu mənimsəməkdə hallanır. Amma bir qədər fərqli, həm də heyrətamiz şəkildə. Yəni nazir iş adamını borc qaydasında yox, ?reketlik? təsiri bağışlayan formada müflis edib. Bununla bağlı Salyan rayonunun bir qrup sakini ölkə başçısına müraciət ünvanlayıb. AzNews.az-a daxil olan məlumata görə, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ?SAF Təchizatçı? MMC tərəfindən şəhid və Qarabağ əlilləri üçün Salyan şəhərində inşa olunmuş, 26 may 2011-ci ildə təhvil verilmiş binanın tikintisində iştirak etmiş usta və fəhlələrdir. Onların imzaları ilə təsdiqlədikləri müraciətdə deyilir: ?2 ildir ki, binanın tikilərək təhvil verilməsinə baxmayaraq, ?SAF Təchizatçı" MMC şirkəti bizə ödəməli olduğu 25 000 manat məbləğində olan maaşımızı ödəmir. Şirkətdən bildirirdilər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizə borcunu ödəmədiyindən biz də sizin əməkhaqqınızı verə bilmirik. Sonradan ?SAF Təchizatçı? MMC şirkətinin direktoru Ağasəf Quliyev bizimlə görüşərək əsl həqiqəti söylədi. Belə ki, smetanın dəyəri olan 1,5 milyon manat vəsait doğrudan da ?SAF Təchizatçı? MMC şirkətinin hesabına yatırılıb. Lakin həmin pulun 51 faizinin nağd şəkildə (765 min manat, təxminən 1 milyon (konkret 980 min) dollar) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinə verilməsi şərtilə. Şirkət rəhbəri də vəd etdiyi pulu bankdan götürərək nazirlik rəsmilərinə verib. Beləliklə, binanın tikintisi üçün vəsait 2 dəfə azaldığından şirkət ziyanını fəhlənin əməkhaqqını verməməklə ödəməyə çalışıb. Baş vermiş qanunsuzluqlarla bağlı nümayəndəmiz, iş icraçısı Eldar Quliyev nazirliyin aparat rəhbəri Elnur Kələntərlinin və tikinti işlərinə rəhbərlik edən Kərim Kərimovun qəbulunda da olub. Amma bu görüşlər də ötür-ötür oyunundan o tərəfə getməyib. Odur ki, sizdən bir daha xahiş edirik, halal əməkhaqqımızın ödənilməsinə köməklik edəsiniz. Hörmətlə: 1. Quliyev Eldar Musa oğlu - iş icraçısı, 2. Əzizov Elşad 3. Fətullayev Əli 4. Fətullayev Ramil 5. Səlimov İlqar 6. Babayev Namid 7. Hüseynov Mübariz 03.04. 2013-cü il". *** Bu qədər məbləğin nazirliyin rəhbərinin, birbaşa nazirin özünün məlumatı, xəbəri olmadan mənimsənilməsi mümkünsüz məsələdir. Digər tərəfdən, şirkət rəsmiləri, həmçinin fəhlələr məsələ ilə bağlı nazirlikdə olublarsa, məsələ qurumun aparat rəhbəri səviyyəsində müzakirə edilibsə və yenə də həllini tapmayıbsa, deməli, bu proses nazirin xeyir-duası olmadan həyata keçirilməyib. ?Yeni Müsavat? qəzetinin əməkdaşı nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayaraq məsələyə dair onların da mövqeyini öyrənib. Qurumun mətbuat xidmətindən bildirilib ki, bu problemlə bağlı məlumatlıdırlar: ?Öncə onu bildirək ki, nazirlik ?SAF Təchizatçı" MMC-yə tikinti işləri üçün nəzərdə tutulan məbləğin hamısını onların hesabına köçürüb. Fəhlələrin müraciətində qeyd edilir ki, nazirliyin nümayəndəsi həmin pulun 51 faizini geri alıb. Əgər belə bir fakt varsa, ?nazirlik nümayəndəsi? dedikləri həmin adamın kimliyini konkret bildirsinlər. Ümumi şəkildə, ad çəkmədən belə ittihamlar səsləndirmək tamamilə məntiqsizdir. Digər tərəfdən, həmin fəhlələr məvaciblərinin ödənməməsi ilə bağlı nazirliyə şikayət etmişdilər. Onlar burada dinlənildi. Daha sonra ?SAF Təchizatçı? MMC-nin rəhbəri nazirliyə dəvət olundu və onunla söhbət edildi. Şirkət rəhbəri rəsmi şəkildə ərizə yazaraq bildirdi ki, nazirlik tikinti üçün ayrılan vəsaitin hamısını ödəyib. Fəhlələrə borc yaranması isə şirkətin problemidir. Bununla belə, nazirlik tövsiyə etdi ki, məsələ yoluna qoyulsun. Hətta biz təklif etdik ki, ?SAF Təchizatçı? MMC yenidən nazirliyin tikinti layihələrinə cəlb edilsin, həmin fəhlələr də işə götürülsün, onların əvvəlki borcu da yeni işlər görülərkən hissə-hissə ödənilsin. Bu, təxminən 3-4 gün öncə olub. Görünür, daha sonra fəhlələr səbirsizlik edərək belə bir müraciət yazıblar. Biz onları da başa düşürük, amma problem nazirliyin deyil, ?SAF Təchizatçı? MMC-nindir". Hər bir halda, baş verən hadisə çox ciddi məsələdir, həm də nazirlik səviyyəsində həyata keçirilən korrupsiya əməliyyatının siqnalı ola bilər. Ekspertlər hesab edir ki, bu fakta görə prokurorluq dərhal cinayət işi başlamalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA