Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2012-ci il hesabatı

img

04-02-2013 [03:11]


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, bütün sosial məsələlərin vaxtında və yüksək səviyyədə həlli ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2012-ci ildə də məqsədyönlü işlər görülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən MİA-ya daxil olan məlumata görə, 2012-ci ilin yekununa görə, 548 668 nəfər ailə üzvünü əhatə edən 124 217 ailənin hər birinə ayda orta hesabla 114 manat, hər ailə üzvünə 26 manat ünvanlı sosial yardım ödənilir. Ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə 2,8 dəfə artaraq 2012-ci ildə 84 manat təşkil edib. Birdəfəlik ünvanlı yardım-Özünədəstək proqramının icrası 2012-ci ildə də davam etdirilmiş və indiyədək 12 rayonda 271 ailə bu proqrama cəlb edilib. Proqramın cari ildə bütün ölkədə tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, aztəminatlı ailələrin tam aktiv dövlət dəstəyi ilə təmin edilməsi üçün Nazirlik yanında ?Sosial Dəstək Fondu?nun yaradılması ilə bağlı təklif hazırlanmış və 2013-cü ildən Fondun fəaliyyətə başlaması üçün müvafiq işlər aparılacaqdır. 2012-ci ilin yekununa olan məlumata əsasən, ölkə üzrə 403 266 nəfərə aylıq, o cümlədən 90 584 nəfərə birdəfəlik sosial müavinət ödənilir. Görülmüş tədbirlər nəticəsində sosial müavinətlərin orta aylıq məbləği 01 yanvar 2003-cü illə müqayisədə 2,6 dəfə artırılaraq, 50,2 manata çatıb. Eyni zamanda, Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 34 922 nəfərə şəxsin hər birinə ayda orta hesabla 116,9 manat məbləğində olmaqla Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. Son illərdə respublikada əlilliyin artım tempinin qarşısı alınıb. 2012-ci ildə reabilitasiya göstəricisi 3,5 faiz olmaqla, tam reabilitasiya olunanların sayı 6 952 nəfər təşkil edib. Nazirliyin 14 regional bərpa-müalicə müəssisəsində ötən il 10 min nəfərdən artıq əlilə bərpa-müalicə xidməti göstərilib, il ərzində əlillərə 1839 ədəd texniki reabilitasiya vasitəsi, o cümlədən əlil arabaları, eşitmə aparatı və s. verilib. Ümumilikdə, 2003-cü ildən bəri 7 849 əlil arabası əlilliyi olan şəxslərə verilib. 2012-ci il ərzində 83 nəfər əlilin Ukrayna və Bolqarıstanda, 153 nəfər əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi, 1056 nəfər əlilin ölkənin müxtəlif bölgələrində yerləşən istirahət zonalarında istirahəti təşkil edilib. 145 nəfər istedadlı əlilin VIII Respublika yaradıcılıq sərgi-müsabiqəsində iştirakı və onlardan 30 nəfərin mükafatlandırılması, Səhiyyə Nazirliyindəki müvafiq Komissiyanın qərarı əsasında 53 nəfərin ölkə daxilində, 25 nəfərin xarici ölkələrdə müalicəsinə maddi köməklik göstərilməsi təmin edilib. Əlamətdar günlər və ildönümlərlə bağlı olaraq, ümumilikdə 5 mindən çox əlilə birdəfəlik maddi yardımlar, penitensiar müəssisələrdən azadlığa çıxmış 3422 nəfərə maddi və sosial yardımlar verilib, 47 nəfər insan alveri qurbanına, 50 nəfər potensial insan alveri qurbanına tibbi, psixoloji, maddi və digər yardımlar göstərilib. Azərbaycan Prezidentinin 9 yanvar 2013-cü il tarixli Sərəncamı ilə sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər görülməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 (iki) milyon manat vəsait ayrılıb. Bu vəsait ilk növbədə sağlamlıq imkanları məhdud yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası və baxımsızlığının qarşısının alınması sahəsində işlərin görülməsinə, onlara ev şəraitində icma əsaslı sosial xidmətlər göstərilməsinə yönəldiləcəkdir. 2012-ci il ərzində Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli, Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları, ümumilikdə 411 mənzil müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilmişdir. 1997-ci ildən 2012-ci ilin sonuna qədər 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. 1997-ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfəyə yaxın artıb. Belə ki, 1997-ci il ərzində 81 mənzil inşa olunduğu halda, 2010-cu ildə bu rəqəm 715 olub. 2012-ci ildə 325 minik avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə verilib. İndiyədək 3525 nəfər bu təbəqələrdən olan vətəndaş dövlət hesabına minik avtomobili ilə təmin edilib. Müasir dövlət quruculuğunun geniş vüsət aldığı Azərbaycanda sosial müdafiə əhəmiyyətli yeni obyektlərin yaradılması da prioritetlərdən birinə çevrilib. Belə ki, hazırda Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzinin və Sosial Sığınacağın inşası işləri aparılır. Həmçinin Bilgəhdə Qocalar evi əsaslı təmir edilməklə, pansionat üçün 170 yerlik 5 mərtəbəli ikinci korpus tikilir. Ramana Gənc Əlillər evində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, burada əlillərin peşə hazırlığına cəlb olunması üçün müvafiq şərait də yaradılır. 2012-ci ildə Buzovna 9 saylı internat evində təmir və yenidənqurma işləri yekunlaşmışdır. Hazırda Şaqan 3 saylı, Saray 7 saylı, Buzovna 9 saylı internat evlərində müasir tələblərə uyğun şərait vardır. Digər internat və pansionatlarda da müasir tələblərə uyğun şəraitin yaradılması işləri davam etdirilir. 2012-ci il ərzində Dövlət Məşğulluq Xidməti orqanlarına müraciət etmiş 49 326 nəfər müvafiq qaydada qeydiyyata alınmışdır. Onlardan 29 750 nəfər münasib işlə təmin edilmiş, 4 464 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına, 1483 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, 111 956 nəfərə peşəyönümü məsləhəti verilmişdir. Həmçinin 3 286 nəfərə qanunamüvafiq qaydada işsiz statusu, 3619 nəfərə işsizlik müavinəti təyin olunub. Ötən il 57 şəhər və rayonda keçirilən Əmək Yarmarkalarında 5 471 nəfər işsiz vətəndaş münasib işlərlə təmin edilmiş, 455 nəfər peşə hazırlığı kurslarına, 367 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki ?Əmək Birjaları? tərəfindən 4 095 nəfər işsiz vətəndaş müvəqqəti xarakterli işlərlə təmin olunub. Bu sahədə yeni tədbir kimi, xüsusi hazırlanmış nəqliyyat vasitələri ilə Səyyar Əmək Birjaları fəaliyyətə başlayıb. 2012-ci il ərzində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti və müraciətlərin araşdırılması zamanı 17 973 hüquq pozuntusu aşkar edilərək aradan qaldırılması təmin edilib. Ödənilməsi işəgötürənlər tərəfindən gecikdirilmiş 1 087 962 manat əmək haqqının, 72 866 manat zərərə görə ödəncin, 29 624 manat sosial müavinət və kompensasiyanın ödənilməsi təmin edilib, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 161 nəfərin öz işlərinə bərpa edilməsinə nail olunub. Qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması barədə möhtərəm ölkə rəhbərinin verdiyi tapşırığın icrası olaraq, 2012-ci ildə aidiyyatı təşkilatlarla birgə tədbirlər həyata keçirilmiş, respublika üzrə ümumilikdə əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 220 min nəfərlə əmək müqaviləsinin bağlanması təmin edilmişdir. 2012-ci ildə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2011-ci illə müqayisədə 254-dən 212-ə, bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı isə 97-dən 82-ə, xəsarət alanların sayı 211-dən 159-a enib. Ötən il ünvanlı sosial yardım üçün poçt və elektron qaydada alternativ müraciət mexanizmlərinin bütün ölkədə tətbiqi, habelə ünvanlı sosial yardımların ödənişinin elektron imza sertifikatları vasitəsi ilə mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi, Nazirliyin rəsmi internet resursu üzərindən 12 növ üzrə elektron xidmətlərin tətbiqi təmin olunub. Vətəndaşların yaşadıqları bölgələrdə nazirliyin rəhbərliyi səviyyəsində qəbulu və onların öz iştirakı ilə müraciətlərinə obyektiv və ədalətli şəkildə baxılması işləri davam etdirilib və son iki ildə nazirliyin rəhbərliyi səviyyəsində bölgələrdə 950-dən çox vətəndaş qəbul edilməsinə başlanıb. Görülən tədbirlərin müsbət nəticəsi kimi, nazirliyin fəaliyyəti ilə bağlı nazirliyə və digər instansiyalara ünvanlanan şikayət xarakterli müraciətlərin sayı 22 faizdən çox azalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA