Gəncədə kompensasiya davası

img

26-06-2012 [05:24]


Gəncə şəhərinin Nizami rayonu Atatürk prospekti 264 və 266 ünvanında yaşayan 22 ailə ilə Gəncə şəhər İcra Hakimiyyəti arasında gərginlik davam edir. Sözügedən ünvanda yaşayan və qeydiyyatda olan Gəncə sakinləri Sədaqət Əliyeva, Ziyafət Məlikova, Vüqar Məmmədov, Dəmir Nəzərov, Namiq Tanrıverdiyev, Yeganə Bəşirova, İlqar Məmmədov, Nailə Məlikova, Səfurə Bəşirova, Kübra Cəfərova adlı sakinlər yaşadıqları binanın icra hakimiyyətindən təklif olunan şərtlərlə sökülməsinə razı olmadıqlarını bildirirlər. Onların bir qismi hazırda yaşadıqları ərazidən uzaq olmayan adekvat mənzillərə köçürülmələrini, bir qismi isə kompensasiya tələb edirlər. Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini İlham Əliyev ?Yeni Müsavat?a açıqlamasında sözügedən binaların yerində 6-8 ay müddətinə 50 mənzildən ibarət bina tikiləcəyini, sakinlərin isə həmin binalarda əvvəlki mənzillərinin sahəsinə uyğun mənzillə təmin ediləcəklərini bildirmişdi. İ.Əliyev həmçinin qeyd etmişdi ki, tikinti müddətində kirayə evlərə köçürülən 22 ailənin kirayə haqını isə icra hakimiyyəti ödəyəcək. İ.Əliyev sözügedən binalarda yaşayan ailələrin 3-ünün xaricdə yaşadığını, 8 nəfərin isə mənzilini başqa şəxslərə kirayə verdiyini demişdi. Sakinlər müxbirimizə bildirdilər ki, icra hakimiyyəti ?Yeni Müsavat?a yanlış məlumat verilib. Belə ki, həmin binalarda qeydiyyatda olan ailələrdən biri Almaniyada yaşayır, 8 yox, 2 ailə isə mənzilini başqa şəxslərə kirayə verib. Sakinlər əməkdaşımızla söhbətində bildirdilər ki, analoji köçürmə halları Gəncə şəhərinin digər ərazilərində də olub. Lakin, icra hakimiyyəti üç aydan sonra kirayə haqlarını ödəməkdən imtina edib. Binanın sakinlərindən olan Sədaqət Əliyeva ?Yeni Müsavat?a açıqlamasında bildirdi ki, yaşayış ola-ola binalara gələn elektrik xətlərini kəsməyə başlayıblar: ?Bizi evləri sökülən digər sakinlər kimi aldadacaqlar?. S.Əliyeva bildirdi ki, bina sakinlərinin büdcə təşkilatlarında çalışan ailə üzvlərini sıxışdırmağa başlayıblar: ?Aramızda həkim, müəllim, bank işçiləri var. Onlara xəbərdarlıq ediblər ki, binanı tərk etməsələr, iş yerlərindən qovulacaqlar. Bizi uşaqlarımızın cibinə narkotik atmaqla hədələyirlər. Ölkə başçısının sərəncamı var ki, evləri sökülən vətəndaşlar narazı salınmamalıdır. Prezidenti biz seçmişik. İcra hakimi prezident deyil. Biz haqqımızı tələb edirik?. Sakinlər bildirdilər ki, icra hakimiyyəti onların təklifləri ilə razılaşmır. Sakinlər bildirdilər ki, binanın sökülməsi və sakinlərin köçürülməsi işi ilə bağlı sözügedən ünvanda olan icra hakimiyyətinin işçiləri onları nalayiq söyüşlərlə təhqir ediblər. Bu səbəbdən də ötən gün tərəflər arasında insident yaşanıb. Qeyd edək ki, narazı sakinlər iyunun 23-ü ?22 ailə bayıra atılır, bizə kömək edin!? və ?Kompensasiyalarımızı ödəyin!? şüarları ilə etiraz aksiyası keçiriblər. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA