Zəlzələ qurbanlarına 20 milyon manat ayrıldı

img

08-05-2012 [06:56]


Zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün 2012-ci il dövlət büdcəsinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrılıb. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib. Mayın 7-də yerli vaxtla saat 9.40 radələrindən başlayaraq Zaqatalada 4 yeraltı təkan baş verib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, birinci zəlzələ rayon mərkəzindən 17 kilometr cənub-qərbdə, yerin 10-12 kilometr dərinliyində olub, ikinci və üçüncü təkan saat 10.38-də və 10.40-da 4,5 və 4,3 bal gücündə qeydə alınıb, dördüncü təkan isə saat 19.15-də Zaqataladan 14 kilometr cənub-şərqdə 12 ballıq cədvəl üzrə 6 bal gücündə baş verib. Yeraltı təkanlar Zaqatala rayonundan başqa, Balakən, Şəki, Qax və digər ərazilərdə də hiss olunub, müəyyən dağıntılar baş verib. Zəlzələ nəticəsində insanlar arasında tələfat olmayıb. Lakin tikililərə ziyan dəyməsi, fərdi evlərin uçması və inzibati binalarda çatların əmələ gəlməsi barədə məlumatlar daxil olub Təbii fəlakətlə əlaqədar Prezident İlham Əliyevin tapşırığı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılığı ilə qəza-xilasetmə qüvvələri dərhal zəlzələ zonasına yollanıb, vəziyyətlə yerində tanış olublar. İlkin baxışlar nəticəsində dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsinə, xüsusən evləri ciddi ziyan çəkmiş sakinlər üçün çadırların qurulmasına və dəymiş ziyanın nəticələrinin aradan qaldırılmasına başlanılıb. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumata görə, ölkənin şimal-qərb bölgəsində baş verən təbii fəlakət nəticəsində 524 tikili uçub, 2235 tikili isə qəzalı vəziyyətə düşüb. Hazırda nazirliyin əməkdaşları zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Xatırladaq ki, hadisə bölgəsində olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov təmir-bərpa işləri ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, artıq tikinti şirkətləri də ciddi işə başlayıb: ?Bu gün burada iştirak edən tikinti şirkətləri hansı kəndlərdə işləyəcəklərinin bölgüsünü aparmışlar. Artıq böyük həcmdə tikinti materialları yola salınmışdır. Tikinti şirkətləri maksimum qısa müddətdə tikinti işlərinə başlayacaqlar. Biz maksimum çalışırıq ki, bütün ailələri çadırlarla təmin edək ki, həmin evlərin tikilməsi zamanı ailələr çöldə, bayırda qalmasınlar" Fəlakətin çox qısa zamanda aradan qaldırılacağına, insanların gözəl evlərdə yaşayacaqlarına əminliyini ifadə edən Kəmaləddin Heydərov, eyni zamanda, regionda yaşayan insanlardan ev tikərkən diqqətli olmağa, tikinti norma və qaydalarına əməl etməyə, təcrübədə sınaqdan keçmiş tikinti materiallarından istifadə etməyə, ərazimizin seysmik zonada yerləşdiyi üçün işlərini ehtiyatlı tutmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA