Azərbaycanda növbəti bahalazma olacaq

img

04-03-2012 [05:18]


[b]Vahid Əhmədov: "Hökumətin səylərinə baxmayaraq, 2012-ci ildə inflyasiyanı birrəqəmli qoruyub saxlamaq mümkün olmayacaq" [/b] Ötən ilin sonlarında verilən iqtisadi proqnozlar özünü doğrultmaqdadır. Belə ki, ölkədə müşahidə olunan qiymət artımı hələ də yüksələn xətt üzrə inkişaf edir. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da ?ovruz bayramı ərəfəsində ölkəmizdə növbəti bahalaşmanın olacağını proqnozlaşdırır. - Azərbaycanda qiymət artımı ötən il olduğu kimi, bu il də davam edəcək. Mümkündür ki, qarşıdan gələn bayram ərəfəsində də qiymətlər qalxsın. Monitorinqlər zamanı qiymətlərin tənzimlənməsi mümkündür, ancaq bütün hallarda bayramqabağı bahalaşma olacaq. Bu məsələdə obyektiv olmasa da, subyektiv səbəblər olur. Yəni, bəzi adamlar yaranmış fürsətdən istifadə edərək, bazarlarda qiymətləri qaldırırlar. - Bu artımın həcmi təxminən nə qədər ola bilər? - Ümumi bir söz demək istəmirəm. Dəqiq bir rəqəm də söyləmək olduqca çətindir. Hər halda artım olacaq və həm meyvə-tərəvəz, həm də digər məhsullar bahalaşacaq. Bildiyiniz kimi, bu il meyvə istehsalı ilə əlaqədar ciddi problemlər yarandı. Bu mənada, əsasən meyvə-tərəvəzin qiymətində artım gözlənilir. Bu artım təxminən 10-15 faiz arasında olacaq. - Beynəlxalq Valyuta Fondu da, bir sıra iqtisadçı-ekspertlər də 2012-ci ildə Azərbaycanda inflyasiyanın ümumi həcminin yüksələcəyini bildirirlər... - Mən də razıyam ki, bu il Azərbaycanda inflyasiya olacaq. Bilirsiniz ki, bu saat dünyada çox ciddi proseslər gedir. Qlobal maliyyə böhranı davam edir, Avropada vəziyyət həddindən artıq gərgindir. Yunanıstanda, İtaliyada, bir sıra Avropa ölkələrində qlobal maliyyə böhranının yaratdığı problemlər pik nöqtəsinə çatıb, həddən artıq böyük dövlət borcları yaranıb. Azərbaycan da bu ölkələrlə ticarət əlaqələri quran dövlətlərdəndir, ordan müəyyən məhsullar idxal olunur. Bu da Azərbaycana idxal olunan məhsullarla yanaşı, inflyasiyanı da gətirəcək. Mənə elə gəlir ki, bütün bunların nəticəsində Azərbaycanda inflyasiyanın həcmi artacaq. Yəni, hökumətin səylərinə baxmayaraq, 2012-ci ildə inflyasiyanı birrəqəmli qoruyub saxlamaq mümkün olmayacaq. - Qlobal maliyyə böhranının təsirləri məlumdur. Bəs ölkədəki subyektiv amillər qiymət atrımına hansı təsiri göstərəcək? - Ölkə daxilində də problemlər var, onlar da həll olunmalıdır. Rəqabət Məcəlləsini Milli Məclisin müzakirəsinə salmışıq, yaxın müddətdə qəbul etməliyik. Bu gün Azərbaycanda inhisarçılıq problemi var. İnhisarçılığın aradan qaldırılması, bazarlarda azad rəqabətin yaradılması üçün ciddi addımlar atılmalıdır. Yəni, bahalaşmanın yaranmasında obyektiv və subyektiv səbəblər var. - Əgər illərdir inhisarçılıq, bazarlarda rəqabət mühitinin olmaması davam edirsə, deməli, hökumətin fəaliyyəti yetərli deyil? - Burada yalnız hökumətdən, onun fəaliyyətsizliyindən danışmaq düzgün deyil. Çünki bazarı tənzimləmək həddən artıq çətindir. Dünyada böhran yaranıb, dünya səviyyəsində ərzaq qıtlığı var, müharibə ocaqları həddindən artıq çoxdur, qarşıdurmalar böyüyür. Bütün bunlar da bu və ya digər formada iqtisadiyyata təsir edir. Subyektiv səbəblər var və onların həlli üçün hökumət əlindən gələni etməlidir. Onu da deyim ki, qiymət artımı ilə bağlı ciddi problem yaranmaması üçün dövlətin ehtiyatı olmalıdır ki, zamanı gələndə ondan istifadə eləsin. Son zamanlar taxılla, meyvə-tərəvəzlə bağlı anbarlar tikilib istifadəyə verilir. Eləcə də, çörəyin qiymətinin qalxmaması üçün bazara əlavə taxıl buraxmaq olar ki, qıtlıqla bağlı qiymət artımı olmasın. Yəqin ki, zamanı gəldikcə hökumət də lazımi addımları atacaq. - Vahid müəllim, son dövrlər İran ətrafında yaranan gərginlik, Azərbaycan-İran müsaibətlərindəki son proseslər iqtisadi cəhətdən də müəyyən problemlər vəd edir. Bu barədə nə düşünürsünüz? - Öncə İranla Azərbaycan arasında olan münasibətlərin siyasi tərəfinə toxunmaq istərdim. Təbii ki, bu münasibətlərin gərginləşməsi nə İrana, nə də bizə lazım deyil. Ancaq çox təəssüflər olsun ki, iki ölkə arasındakı münasibətləri gərginləşdirirlər. İran qonşu dövlətdir, orda 30 milyon azərbaycanlı yaşayır, iqtisadi əlaqələrimiz yüksək səviyyədədir, biz onlardan, onlar da bizdən mal alırlar. Münasibətləri gərginləşdirmək istəyən insanlar başa düşməlidirlər ki, yüksək səviyyədə iqtisadi əlaqələr qurulan ölkə ilə hansısa münaqişədə olmaq bizə yaxşı mənada heç nə verməyəcək, əksinə, itiriləcək şeylər olacaq. İki dövlətin arasında böyük ticarət dövriyyəsi var və bunu qoruyub saxlamaq lazımdır. Əlbəttə, vəziyyəti gərginləşdirəndə iqtisadiyyata da təsir göstərir, müəyyən kontraktlar qüvvədən düşə bilər. Sözsüz ki, İran tərəfdə də müəyyən problemlər var, onlar Azərbaycanı müəyyən proseslərə təhrik edirlər. Amma unutmaq lazım deyil ki, Azərbayacan 90-cı illərin əvvəlindəki dövlət deyil. İndi Azərbaycan Avropa ilə ticarət ələqələri qurub, beynəlxalq arenada nüfuzu var, BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, "Eurovision" bu il Bakıda keçirilir. Azərbaycan inkişaf edir, ola bilər ki, bu da bəzi dövlətlərin xoşuna gəlməsin və buna görə də aranı qarışdırsınlar. - Bəzi ekspertlər isə İran ətrafında yaranan gərginliyi nəzərə alaraq, iddia edirlər ki, regionun təhlükəsiz məkana çevrilməsi investisiya qoyuluşunun məhdudlaşdırılmasına səbəb olacaq. Siz nə düşünürsünüz? - Mən inanmıram ki, proseslər o dərəcəyə gəlib çatsın. Amma hər halda Azərbaycan iqtisadiyyatı üçün müəyyən problemlər yaradıla bilər. İran bizim qonşu dövlətdir, onlarla iqtisadi əlaqələrimiz var, yaranan hər hansı gərginlik bizə də sirayət edəcək. Ancaq biz çalışmalayıq ki, iqtisadi münasibətlərimizə zərər dəyməməsi üçün digər əlaqələrimiz də normal olsun. İnvestisiya yatırımlarına gəlincə, onu deyim ki, 7-8 il bundan öncəyə qədər Azərbaycanda ümumi investisiyanın 70 faizi xarici investisiya olurdu, amma indi əksinədir, daxili investisiya 70-75 faizdir. Yəni, bizim xarici investisiyalara elə də ciddi ehtiyacımız yoxdur. Azərbaycanın 40 milyard dollar ehtiyatı var, istənilən vaxt investisiya qoya bilər. Hətta son illər xarici dövlətlərə investisiya qoyur. Yəni, bu sahədə elə də ciddi problem yoxdur. Burada məsələnin siyasi tərəfi əsasdır. - Bu gün İranla Azərbaycan arasında ticarət əlaqələri quran, iqtisadi mübadilələr aparanlar var. Hər hansısa bir ciddi problem yaranarsa, hökumət hansı önləyici, yaxud kompensasiya xarakterli tədbirlər görməlidir? - Adətən ticarət münasibətlərində olanlar fikizi şəxslərdir. Onlar dövlətlərarası, yaxud hökumət səviyyəsində müqavilələrlə işləmirlər. Dövlət səviyyəsində bağlanan müqavilələrdə də bütün fors-majorlar göstərilir ki, hansı prinsip əsasında işləyəcəklər. Ancaq mən inanmıram ki, ticarət əlaqələrində hansısa ciddi problem yaransın. Yəqin ki, müəyyən danışıqlar gedəcək, həm İran, həm Azərbaycan tərəfi ortaq məxrəcə gələcək. - Vahid müəllim, mətbuatda məlumatlar dolaşır ki, hökumət 2013-cü il dövlət büdcəsində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, mənzil məsələləri və sovet dönəmindən qalmış əmanətlərin qaytarılması üçün ayırmalar nəzərdə tutacaq. Bunu real sayırsınızmı? - Bunun üçün həmişə iqtisadi əsas var. Mənzillər, ipoteka kreditləri, əmanətlərin qaytarılması, sosial investisiya qoyuluşu ilə əlaqədar problem yoxdur. Amma daxildə inflyasiyanı artırmamaq üçün bu məsələlərə ehtiyatla yanaşırlar. Siz fikir verin, qlobal maliyyə böhranı zamanı elə bir ölkə olmadı ki, orda milli valyuta məzənnədən düşməsin. Ancaq Azərbaycanda buna imkan verilmədi. - Axı, manatın məzənnəsinin saxlanılması da bizə ucuz başa gəlmədi? - Razıyam. Hökumət manatın məzənnəsinin aşağı düşməsinə imkan vemədi, 3 milyard dollara yaxın vəsait xərcləndi, valyuta bazarına əlavə vəsait buraxıldı və s. Bu çox önəmli məsələdir, ona görə də Azərbaycan dövləti lazım gələndə bu istiqamətdə addımlar atır. Bizim imkanlarımız var ki, siz qeyd elədiyiniz problemlərin hamısını həll edək. Bu ayırmaları 2013-cü ildə də, hətta bir qismini 2012-ci ildə də eləmək olar. Əsas maliyyə deyil, əsas odur ki, siyasi qərar verilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA