Səlim Müslümov kollegiya iclası keçirdi

img

13-02-2012 [05:56]


Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunda (DSMF) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib. İclasda DSMF sədri Səlim Müslümov vurğulayıb ki, 2011-ci ildə maaşlar, pensiyalar artırılıb. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artıb və bu da sosial siyasətin əsas istiqamətlərindən biridir. ?Azərbaycanda orta pensiyanın səviyyəsi hazırda təqribən 180-190 dollar səviyyəsindədir. Orta maaş 460 dollara yaxındır?. S.Müslümov bildirib ki, DSMF-nin gəlir və xərcləri üzrə proqnozların icrasının təmin olunması, sığorta-pensiya sisteminin inkişaf etdirilməsi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi 2011-ci ildə Fondun fəaliyyətinin əsas istiqamətlərini təşkil edib. İlkin məlumatlara əsasən, 2011-ci ildə Fondun gəlirləri 2119,1 mln. manat olub ki, bu da 2011-ci ilə nisbətən 354 mln. manat və ya 20,1 faiz çoxdur. 2011-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilə nisbətən 10,8 faiz və ya 119,4 mln. manat artaraq 1228,7 mln. manat təşkil edib: ?2011-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,6 faizi və ya 719,4 mln. manatı qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqlarının payına düşür. Həmin təşkilatların ödədikləri məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,5 faiz və ya 79,9 mln. manat artmış, proqnoz 102 faiz icra olunmuşdur. Hesabat dövrü ərzində həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, fiziki şəxslərdən və torpaq mülkiyyətçilərindən daxilolmalar 13,3 faiz artmışdır. Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 509,2 mln. manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilə nisbətən 8,4 faiz və ya 39,5 mln. manat artmışdır?. Fondun sədri nəzərə çatdlrıb ki, daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2011-ci ildə Fondun xərcləri 2118 mln. manat olub. S.Müslümov qeyd edib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı ilkin məlumatlara görə, ilin sonuna 1278,3 min nəfər təşkil edib: ?Gəlirlərin icrası, maliyyə dayanıqlıgının qorunması son nəticədə pensiyaçıların sosial müdafiəsinə xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2011-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunmuşdur. Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, yeni sığorta-pensiya sistemi fəaliyyətə başladıqdan əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya təminatındakı fərqlərin aradan qaldırılması məqsədilə ?Əmək pensiyaları haqqında? Qanuna edilmiş dəyişikliyin tətbiqi nəticəsində 2011-ci ilin iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyalar yenidən hesablanmış və 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılmışdır. Eyni zamanda, 25 il elmi-pedaqoji fəaliyyət göstərərək işləməyən elmlər doktorunun pensiyasına 200 manat, elmlər namizədinin pensiyasına isə 120 manat əlavə edilmişdir. Nəticədə, 2011-ci ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7 faiz artaraq 145,2 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata çatmışdır. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyaları üzrə isə 45 faiz təşkil etmişdir?. S.Müslümov vurğulayıb ki, aparılan islahatlar nəticəsində qurulmuş sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri ?2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı?na uyğun davam etdirilib. Pensiya və müavinət təyinatının avtomatlaşdırılması istiqamətində tədbirlər daha da intensivləşdirilib, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında müəyyən olunmuş qrafikə uyğun olaraq Fond Aparatı ilə yerli orqanlar arasında korporativ şəbəkənin qurulması başa çatdırılıb. Fond sistemində pensiya təyinatının tam avtomatlaşdırılması yolu ilə əməliyyatların vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatının hazırlanması ilə bağlı tədbirlər görülür: ?Fərdi uçot sisteminin tətbiq dairəsinin daha da genişləndirilməsi məqsədilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində davam etdirilən tədbirlər nəticəsində fərdi uçota alınanların sayı ilin əvvəlinə nisbətən 166,4 min nəfər artmışdır. Bununla yanaşı, sığortaedənlərdən 2006-2010-cu illər üçün məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi davam etdirilir. Bunun nəticəsində fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması işi təşkil olunacaqdır ki, hər bir işləyən şəxs öz gələcək pensiya təminatı naminə sosial sığorta haqlarının tam və vaxtında ödənilməsində maraqlı olacaq, beləliklə, inzibati nəzarət daha səmərəli ictimai nəzarətlə əvəzlənəcəkdir. Artıq bu məqsədlə müvafiq proqram təminatı hazırlanaraq sınaqdan keçirilir?. DSMF sədri deyib ki, 2011-ci ildə pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri genişləndirilib. 2012-ci ilin 1 yanvar tarixinə pensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99,0%-nin, şəhərlərdə yaşayan pensiyaçıların 100%-nin, ümumilikdə isə 99,4%-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Bu məqsədlə ümumilikdə 512, o cümlədən kənd və qəsəbələrdə 123 bankomatın istifadəsi təmin edilib. S.Müslümov 2011-ci ildə Azərbaycanda sığorta-pensiya sistemi üzrə davam etdirilən islahatların bir sıra beynəlxalq uğurlarla müşahidə olunduğunu deyib. Azərbaycanda həyata keçirilən sığorta - pensiya islahatlarnın nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi 28 iyun 2011-ci il tarixində Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılmışdır. Bu ilin yanvar ayında DSMF 2011-ci ilin nəticələri üzrə BMT İP-nin illik dərgisində ?Yaxşı və səmərəli idarəetmə? nominasiyasının qalibi elan edilib. Sonra Fondun mərkəzi aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar ediblər. İclasda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş ?2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı? ilə icrası 2011-cu il üçün nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi istiqamətindəki tədbirlərin daha da intensivləşdirilməsi barədə qərarlar qəbul olunub. Bildirilib ki, sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi istiqamətində Dövlət Sosial Müdafiə Fondu orqanları qarşısında mühüm vəzifələr durur. Kollegiya iclasında Fondun yerli orqanlarının 2011-ci ildəki fəaliyyəti ətraflı təhlil edilib və fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilib, vətəndaşların müraciətlərinə baxılması, müraciətlərin operativ cabablandırılması ətraflı müzakirə olunub. Bildirilib ki, dövlət qulluqçularının peşəkarlığının artırılması ilə bağlı DSMF orqanları işçilərinin ixtisas səviyyəsinin təkmilləşdirilməsi kurslarının və ?Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya?nın həyata keçirilməsi ilə bağlı kadrlar üçün tədris proqramları təsdiq edilərək icra olunub. Eyni zamanda bu məqsədlə dövri olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə kurslar təşkil edilib. Məlumat verilib ki, hesabat dövründə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və haqlı tələblərinin həll edilməsi təmin edilib. Müzakirələr zamanı şöbə müdirlərinə əhalinin hər hansı müraciətinin diqqətlə araşdırılması barədə ciddi tapşırıqlar verilib. Bildirilib ki, hər bir şöbə üzrə vətəndaşların ərizə və şikayətlərinə ən qısa müddətdə baxılmalı, müraciətlər diqqətlə araşdırılmalı, şöbələrin rəhbərləri tərəfindən vətəndaşlar məhdudiyyətsiz qəbul olunmalı və problemlərin həlli istiqamətində təcili tədbirlərin görülməsi təmin olunmalıdır. Kollegiyada sığortaolunan və pensiyaçıların yerlərdə daha geniş məlumatlandırılması, bu sahədə fəaliyyətin daha da gücləndirilməsi barədə müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA