22-01-2012 [04:46]
Cümşüd Nuriyev: "Əgər hökumətin tərkibində hər hansı dəyişiklik olmursa, eyni şəxs 10-15 il nazir postunda oturursa, onda ölkədə nə iqtisadi, nə sosial, nə də siyasi irəliləyiş ola bilməz"
Prezidentin sərəncamı ilə bir sıra dövlət srukturlarında çalışanların əmək haqları, o cümlədən pensiya və müavinətlərin artırılmasından sonra ölkədə qiymət artımı yüksələn xətt üzrə inkişaf etməkdədir. Hətta Dövlət Statistika Komitəsi də öz hesabatında bir sıra kənd təsərrüfatı məhsullarının qiymətlərində artımın olduğunu etiraf edir. Kənd təsərrüfatı nazirinin keçmiş müavini, siyasət elmləri doktoru Cümşüd Nuriyev isə ölkənin bütün sahələrində ciddi problemlərin olduğunu deyir:
- Azərbaycanda bazar iqtisadiyyatı olduğu üçün qiymətləri tələb və təklifin nisbəti tənzimləyir. Amma hökumətin də iqtisadi rıçaqları var ki, onlardan istifadə etməklə qiymətləri tənzimləmək mümkündür. Bunun üçün Nazirlər Kabineti nəzdində Tarif Şurası fəaliyyət göstərir. Əslində hər ay daxili bazar araşdırılmalı, monitorinqin nəticələri müzakirə olunmalı və ona uyğun addımlar atılmalıdır. Əgər daxili bazarda hansısa mala ehtiyac yaranıbsa və onun qiymətinin bahalaşdırılması meyli varsa, həmin malın bolluğunu təşkil etmək lazımdır. Yaxud da mal çoxdursa, izafilik yaranmasın deyə, müvafiq tədbirlər görülməlidir. Bunun üçün bir neçə mexanizm var - paratarif və antitarif tədbirləri.
Birincisi, qiyməti yuxarı qaldırmaqla onların ölkəyə gətirilməsinin qarşısı alınır.
Antitarif tədbirlərində isə lisenziyalar, kvotaların verilməsi və digər metodlardır.
Bundan başqa, dövlətin tarif tədbirləri də var ki, onlardan istifadə etmək olar. Mövcud qanunvericiliyə görə, bütün vergi dərəcələrini və gömrük rüsumlarını Nazirlər Kabineti müəyyən edir. Əgər hökumət daxili bazarda qiymət artımının qarşısını almaq istəyirsə, rüsumların növlərindən istifadə etməklə nəzarəti həyata keçirə bilər.
- Əgər bu mümkündürsə, onda hökumət nəyə görə bu istiqamətdə lazımi addımlar atmır?
- Çox təəssüf ki, bizdə hökumətin adı var, özü yoxdur. Olmayan hökumətdən də nəsə gözləmək yersizdir. Düzü, mən bu cür fikirlərin səslənməsini də artıq hesab edirəm. Azərbaycanda bu işləri bilən kifayət qədər peşəkar adamlar var, amma onların əksəriyyəti kənardadır. Fikirlərini də ancaq media vasitəsi ilə bildirirlər. Hökumət isə ağıllı fikirləri nəzərə almaq qabiliyyətində deyil.
Təəssüf ki, Azərbaycanda qiymətlərin tənzimlənməsi həyata keçirilmir. Bütün kənd təsərrüfatı məhsulları bazarlarda alverçilərin əlindədir. Yəni, dövlət nə ərzaq bazarına nəzarət edə bilir, nə də market və supermarket obyektlərinə girə bilir. Ona görə də ölkədə hər hansı bir əməkhaqqı artımı olanda bundan istifadə edərək, qiymətləri bahalaşdırırlar. Belə bir mühitin yaranması isə hökumətin yarıtmaz fəaliyyəti ilə bağlıdır.
- Ötən ilin sonlarında metroda və bir sıra kommunal xidmətlər sahəsində qiymətlər qaldırıldı. Sonra əmək haqları, pensiya və müavinətlər 10 faiz artırıldı. Bunun ardınca isə əksər məhsulların qiyməti daha çox artdı. Hökumət kompensasiya edilmiş sistem qura bilməzmi ki, əməkhaqqı artımı ilə qiymət artımı arasında mütənasiblik olsun?
- Metroda gediş haqlarının qaldırılmasının əmək haqlarına aidiyyatı yoxdur, çünki ondan qabaq qalxıb. Əməkhaqqı artımının həcminin böyük olmaması isə, təbii ki, müsbət hadisə deyil. Ancaq sərbəst bazarda nağd pul kütləsinin artması da böyük problemlər yarada bilər. Yəni, ən azı inflyasiya sürətlənər, daxili bazarda qiymətlər nəzarətdən çıxar, yerli sahibkarların istehsal etdiyi mala tələbat azalar və xarici mallara tələbatın artması ölkənin iqtisadiyyatına ciddi ziyan vura bilər.
Əslində hökumətin konsepsiyası olmalıdır. O konsepsiyanın tərkib hissələrindən biri də əmək haqlarının artması ilə əlaqədar olaraq qiymətlərin artmasına nəzarət mexanizminin tətbiqidir. Biz də olanı deyirik, amma təklifimizə əhəmiyyət vermirlər. Hətta mən deyərdim ki, hökumət bu düşüncə ilə, bu idarəetmə ilə ölkəni uçuruma aparır. Eyni zamanda, hökumət öz fəaliyyətsizliyi ilə birmənalı şəkildə iqtidarın əleyhinə işləyir.
- Sahibkarlıq fəaliyyətinə müdaxilə ilə bağlı da müəyyən problemlər var. Bu müdaxilələr nəticəsində yüzlərlə kiçik sahibkarlıq müəssisələri qapadılıb. Hətta deyilənə görə, 2011-ci ildə təkcə Gəncə şəhərində 800-dən çox VÖİN qapadılıb...
- Sahibkarlığın qorunması və inkişafı ilə bağlı Azərbaycanda kifayət qədər qanunlar qəbul edilib. Onların işlənmə mexanizminin həyata keçirilməməsi nə Milli Məclis, nə də prezidentlə bağlıdır. Bu mexanizmi hökumət həyata keçirməlidir, hüquq-mühafizə orqanları da icrasına nəzarət etməlidir.
Azərbaycanda sahibkarlıq daha çox dövlət məmurlarının əlində olduğu üçün kənarda çox az adam qalır. Onlar da vergilər və digər ödənişlərə cəlb olunurlar. Bu da, təbii ki, narazılığa səbəb olur. Amma onu da deyim ki, bəzi sahibkarlar daha çox qazanmaq üçün elə kampaniya aparırlar ki, guya onlara işləmək imkanı verilmir.
- Statistika Komitəsinin 2011-ci il hesabatında bildirilir ki, ötən il Azərbaycandan başqa ölkəyə iş arxasınca gedənlərin sayı azalıb. Belə çıxır ki, ölkədə işsizlik problemi həll olunub?
- Mən, Statistika Komitəsinin hesabatlarını ciddi qəbul eləmirəm. Uzun müddətdir ki, onların hesabatları ilə hər hansı təhlil və analiz aparmıram. Çünki bu hesabatların əksəriyyəti qeyri-professional hazırlanıb və heç bir ciddi əsasa söykənmir.
Statistika Komitəsi sevinməsin ki, ötən il Rusiyaya iş dalınca gedən olmayıb, çünki getməyə adam qalmayıb. Dünyanın hər yerində əmək miqrantları var və onlar beynəlxalq hüquqla tənzimlənir. Əgər Azərbaycana əmək miqrantları gəlirsə, burdan gediş yoxdursa, bunun özü də nonsensdir.
- Bu ilin mayında "Eurovision" musiqi yarışması Azərbaycanda keçiriləcək. Bu tədbir Azərbaycana nə verəcək və hansı müsbət iqtisadi təsirləri ola bilər?
- Mənfi tərəfini götürsək, yalnız o ola bilər ki, bu müsabiqəni keçirənlər daha çox homoseksuallardır, onların Azərbaycana gəlib-getməsindən sonra mənəvi problemlər yaratmaları mümkündür.
Amma iqtisadi və mədəni baxımından müsbət tərəfi daha çoxdur. Avropada ermənilərin lobbiçilik fəaliyyəti güclü olduğuna görə, bizə barbar kimi baxırlar. Bu, Azərbaycan üçün bir şansdır ki, özünü mədəni bir ölkə kimi dünyada tanıda biləcək.
Bu tədbir çərçivəsində bura dünyanın bir çox ölkələrindən adamların gələcəyi gözlənilir. Bu da Azərbaycana nağd və qeyri-nağd pul axını deməkdir.
İkincisi, Azərbaycan mədəniyyət abidələrinin, əl işlərinin dünyaya çıxmasına, eyni zamanda, ölkədə xırda sahibkarlığın sürətlə inkişafına şərait yaradır.
Üçüncüsü, bu tədbirdən sonra Azərbaycanda turizm bir iqtisadi sahə kimi güclənəcək. Yəni, Azərbaycan dünyaya yeni turizm ölkəsi kimi təqdim olunacaq. Qeyri-neft sektoruna qoyulan sərmayə özünü doğruldacaq. Sözsüz ki, çatışmazlıqlar da var. Məsələn, Bakı merinin bizi "Eurovision"da təmsil eləməsini qeyri-adi hadisə kimi qəbul edirəm.
- Cümşüd müəllim, ölkə başçısı bu günlərdə Nazirlər Kabinetinin iclasında korrupsiyaya qarşı mübarizənin davamlı olacağını bəyan etdi. Amma korrupsiyaya qarşı mübarizə 2011-ci ilin əvvəlindən başlasa da, ciddi nəticəsi yoxdur. Bu barədə nə deyə bilərsiniz?
- 2006-cı ildə korrupsiya ilə bağlı dövlət proqramı qəbul olunub və onun icrası hüquq-mühafizə orqanlarına tapşırılıb. Baş prokuror özü də etiraf elədi ki, korrupsiyaya qarşı mübarizəyə birinci özümüzdən başlamaq lazımdır.
Korrupsiyaya qarşı mübarizə ona görə effektli sayılmır ki, Azərbaycanda "böyük kalibrli" rüşvətxorlar qalıb, "kiçik buynuzlu" məmurları tuturlar. Təbii ki, aşağıdakı məmurlar da tutulmalıdırlar, çünki onlar yığıb yuxarıya ötürürlər. Amma aşağıları tutub, ondan sonra dayanmaq, yuxarı çıxmamaq, sözsüz ki, narazılıq yaradacaq.
Hamı çox gözəl bilir ki, Azərbaycanın böyük məbləğdə xarici borcu var. Bu pullar da ölkədə bir neçə sahəyə yönəlib. Amma miyardların yönəldiyi pullar ortada yoxdur. Yollar çəkilir, bir müddətə dağılır, körpülər tikilir, az keçməmiş çökür, kanalizasiya sistemi yaman gündədir, amma ən çox pul qoyulan sahələr də elə əsasən bunlardır.
Aqrar sektora da çox vəsait qoyulub, amma ortada müsbət nəticə yoxdur. Bütün bu maxinasiyların, mənimsəmələrin arxasında dayananlara isə dəymirlər. Kiçik məmuru tuturlar, amma milyardları göyə sovuran, dövlət vəsaitini talayan, dövlətin imkanları hesabına ailə biznesini inkişaf etdirən nazirlərə dəyən yoxdur. Təbii ki, burda haqsızlıq var. Hesab edirəm ki, bu barədə susmaq olmaz. "Böyük qurdlar"ı kənarda qoyub, arxasız məmurları tutmaqla korrupsiyaya son qoymaq olmaz!
- "Böyük qurdlar" kimlərdir ki, bu barədə danışanda heç kim ad çəkmək istəmir?
- Artıq mənim də ad çəkəsi halım yoxdur. "Böyük qurdlar"ın kim olduğunu hər kəs bilir. Məncə, jurnalistlər araşdırma aparmalıdırlar ki, Azərbaycanda hansı sahəyə dövlət böyük sərmayə qoyub və o sahə bu günə qədər özünü doğrultmayıb. Kiminsə adını çəkməyim nəyisə dəyişsə, ad çəkərəm. Amma bilirəm ki, onlardan kiminsə adını çəkəndə vəzifəsində daha çox qalmasına xidmət etmiş oluruq. Neçə dəfə ad çəkmişəm, qəzeti aparıb yuxarı dairələrdə deyirlər ki, mən sədaqətliyəm deyə müxalifət mənə hücum edir. Mən də həmin şəxslərə bu xoşbəxtliyi bəxş eləmək istəmirəm.
- Son dövrlər ən çox pul infrastruktur layihələrinə, yol, körpü tikintisinə xərclənir. Bu pulları xərcləmək səlahiyyəti olan nəqliyyat naziri Ziya Məmmədovu nəzərdə tutursunuz?
- (Tələsik) Mən heç nə demirəm, onu sən deyirsən. Bəli, üç-dörd sahəyə pul xərclənir, bu sahəyə də çox pul ayırırlar. Amma mən kimin böyük pullar mənimsədiyini demirəm. Araşdırın, özünüz tapın. Ya da cəmiyyətin özü analiz edib, bir qənaətə gəlsin.
- Ötən ilin əvvəlində elə bizim qəzetə müsahibənizdə bildirmişdiniz ki, 2011-ci ildə ciddi kadr islahatları aparılacaq. Amma il başa çatsa da, hər hansı dəyişiklik olmadı...
- Mən siyasi mühiti araşdıran insan kimi proqnozumu vermişdim. Amma mənə sübut elədilər ki, sənin verdiyin proqnoz heç nəyə yaramır, bir də bu məsələlərə qarışma! Mən də onların "ağıllı" təklifini qəbul edib, daha proqnoz vermirəm. Yəni, 2012-ci ildə kadr islahatlarının aparılıb-aparılmayacağı barədə bir söz demək istəmirəm.
- Proqnoz verməyin, amma deyin, biz də bilək ki, əsasən hansı sahələrdə islahatlar aparılmalıdır?
- Bircə məsələni diqqətinizə çatdırım. Amerika dünyanın hegemon dövləti olmaqdan ötəri ötən əsrin sonlarında düzgün kadr seçiminin hesabına milyardlar qazandı. ABŞ düzgün kadr seçiminə görə ildə 50-60 milyard əlavə gəlir götürür. Eyni ilə də Yaponiyada düzgün kadr seçimi bütün problemləri həll edir. Dünyanın əksər ölkələrində, bəyənmədiyimiz Qazaxıstanda belə, hökumət üzvlərinin iki ildən artıq fəaliyyəti olmur.
Məmur məsuliyyət hiss eləməli və bu müddət ərzində yaxşı işləməlidir ki, vəzifəsində qalır. Əgər hökumətin tərkibində hər hansı dəyişiklik olmursa, eyni şəxs 10-15 il nazir postunda oturursa, ölkədə nə iqtisadi, nə sosial, nə də siyasi irəliləyiş ola bilməz. Ona görə də Azərbaycanın bütün sahələrində kadr islahatları aparılmalı, hökumət üzvləri birmənalı şəkidə istefaya göndərilməli və Nazirlər Kabineti yenidən formalaşdırılmalıdır. Amma mən konkret ad çəkmək istəmirəm, çünki o dəqiqə özüm bir tərəfə, hətta ailə üzvlərimə də təzyiqlər edirlər, işlərinə əngəllər törədirlər. Ona görə də ümumi danışmaqla kifayətlənirəm.
Zaur ƏHMƏD
#252;bariz#601; iqtidar#601;