Azərbaycan və Dünya Bankı arasında yeni kredit sazizi imzalanıb

img

16-11-2011 [02:47]


Azərbaycan və Dünya Bankı (DB) ölkədə məcburi köçkünlərin həyat şəraitinin və gəlirlərinin yaxşılaşdırılması layihəsinin reallaşdırılması üçün 50 milyon dollar vəsaitin təqdim edilməsi üzrə kredit sazişi imzalayıblar. Sazişi Azərbaycan hökuməti adından baş nazirin müavini Əli Həsənov, Dünya Bankının adından isə ölkə menecerinin səlahiyyətlərini icra edən Səidə Bağırlı imzalayıb. Layihənin məqsədi məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların iqtisadi özünəinam hissinin yüksəldilməsidir. Layihə Dünya Bankının məcburi köçkünlərin dəstəklənməsi üçün icra olunmuş və Azərbaycanda 120 mindən çox məcburi köçkünün yararlandığı 400-dən çox mikrolayihəni əhatə edən əvvəlki uğurlu layihələrin üzərində qurulacaq. Bu layihə icma mikrolayihələrini genişləndirərək, əsasən ictimai binalarda yaşayan məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və əhalinin bu qrupunun gəlirlərinin artırılması üçün davamlı işlə təmin olunmasına xidmət edəcək. Layihə çərçivəsində dəstəklənəcək təxminən 200 mikrolayihədən 120-150 min insanın yararlanacağı gözlənilir. Digər komponent çərçivəsində məcburi köçkünlərin məskunlaşdığı 90-dan artıq ictimai binanın və yataqxananın bərpa və təmiri həyata keçiriləcək ki, bu da 30 minə yaxın məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına yardım edəcək. Layihənin gəlir imkanlarının dəstəklənməsi çərçivəsində 1400-ə yaxın gənc peşə təlimi kurslarını başa vurduqdan sonra öz bizneslərinə başlamaq üçün qrant alacaq. Eyni zamanda 200-ə yaxın icma qrupu müvafiq təlimdən sonra kiçik biznes yaratmaq üçün maliyyə dəstəyi alacaq. Bundan başqa məcburi köçkünlərin gəlirlərinin artırılması fəaliyyəti çərçivəsində biznesə başlamaq və ya mövcud biznesi inkişaf etdirmək üçün 1500-dək mikro kredit veriləcək. Azərbaycanın Dünya Bankına üzv olduğu 1992-ci ildən etibarən Bank ölkəyə 44 layihə üçün təxminən 3,1 milyard ABŞ dolları həcmində kredit ayırmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA