Pulların saxtalazdırılmasına qarzı tədbirlər gücləndirilir

img

02-11-2011 [06:35]


Azərbaycanın dövlət qurumları milli pul nişanlarının saxtalaşdırılmasına qarşı tədbirlərin gücləndirilməsinə dair protokol imzalayıb. AMB-dən verilən məlumata görə, görüşdə Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev bildirib ki, Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaradıb. Belə bir şəraitdə Azərbaycan manatının saxtalaşdırılması üzrə potensial risklər də artır. Bu isə öz növbəsində pul nişanlarının saxtalaşdırılmasına qarşı müvafiq tədbirlərin gücləndirilməsini və bu sahədə müvafiq dövlət orqanları arasında koordinasiyanın genişləndirilməsini tələb edir. Baş direktor bildirib ki, bu istiqamətdə Mərkəzi Bank tərəfindən görülən tədbirlər çərçivəsində potensial risklərin daha effektiv idarə edilməsi üçün müvafiq struktur yaradılıb və onun fəaliyyəti təmin edilir. Eyni zamanda A.Vəliyev son zamanlar müəyyən məhsullar üzərində müxtəlif nominallı əsginasların imitasiyalarının geniş miqyasda yayılması faktlarının aşkar edilməsi və bununla əlaqədar əhali tərəfindən Mərkəzi Banka, o cümlədən digər dövlət qurumlarına çoxsaylı müraciətlərin daxil olmasını vurğulayıb. Bununla əlaqədar, DİN, Vergilər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri də çıxış edərək bu kimi halların əhalidə narazılıq yaratdığını və imitasiya olunmuş əsginaslar vasitəsilə müəyyən fırıldaqçılıq hallarının qeydə alındığını bildiriblər. DİN əməkdaşının verdiyi məlumata əsasən, Mərkəzi Bankla aparılan son danışıqlar nəticəsində hüquq-mühafizə orqanları tərəfindən üzərində pul nişanlarının imitasiya olunduğu müxtəlif növ məhsulların ölkəyə idxalı dayandırılıb və onların pərakəndə satış müəssisələrindən geri yığılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb. Müzakirənin sonunda aidiyyəti dövlət qurumları arasında pul nişanlarının saxtalaşdırılmasına qarşı koordinasiyanın gücləndirilməsi, eləcə də pul nişanlarının imitasiyasının məhdudlaşdırılması və onun reproduksiyası ilə bağlı müvafiq qanunvericilik bazasının yaradılması barədə qərar qəbul olunub. Bununla yanaşı dövlət qurumları ilə Mərkəzi Bank arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüşün sonunda müvafiq protokol imzalanıb. Bundan başqa, əhalinin, eləcə də bir sıra dövlət və kommersiya qurumlarının əməkdaşlarının milli pul vahidinin mühafizə elementlərinə dair maarifləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi də nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA