Azərbaycanda dolların məzənnəsi kəskin azala bilər

img

29-07-2011 [06:41]


Amerika iqtisadiyyatında defolt və dolların məzənnəsinin aşağı düşməsi təhlükəsi brijalarda gərginlik yaradıb. Belə ki, investorların öz pullarını daha etibarlı aktivlərə yatırmaq cəhdləri qızılın qiymətini bahalaşdırıb. Prosesin davamlı olacağı təqdirdə hansı nəticələrin yarana biləcəyi isə hələlik müzakirə obyekti olaraq qalır. Xüsusilə, dollardan imtinanın pul-kredit siyasətindəki tənzimləmədə ABŞ valyutasına üstünlük verən dünya ölkələrinə təsirləri bir sıra sualların yaranmasına səbəb olub. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayilov hesab edir ki, dolların ucuzlaşması Azərbaycan manatının məzənnəsinə təsir edə bilər. Çünki Mərkəzi Bank manatın məzənnəsini dollara əsasən müəyyən edir: ?Əsas təsirlərdən biri manatın məzənnəsinin daha da yüksəlməsidir. Nəticədə manatın alıcılıq qabiliyyəti arta və tələb inflyasiyası baş verə bilər. Nəzərə çatdırım ki, tələb inflyasiyası tələbin təklifdən çox olduğu və təklifin tələbi ödəyə bilmədiyi zaman yaranır. Manatın məzənnəsinin həddən artıq yüksəlməsi onun alıcılıq qabiliyyətini artırdığından əhali daha çox məhsul və xidmətlər əldə etmək istəyir. Tələb çoxalanda isə məhsulların qiyməti qalxır, inflyasiya yaranır. Mümkündür ki, ölkədəki inhisarlaşma səbəbindən tələb inflyasiyasının təsirləri minimum olsun ?. Ekspert digər təhlükə kimi əhalinin və investorların öz pullarını tələsik manata çevirməsini görür: ?Adətən böhran zamanı əhali xarici valyutada yerləşdirdiyi əmanətlərini banklardan çəkib manata çevirmək istəyir. Bu da dolların məzənnəsinin daha da ucuzlaşmasına, manatın isə möhkəmlənməsinə şərait yaradır. Mərkəzi Bankın 2011-ci ilin I rübünün yekunları üzrə maliyyə sabitliyi icmalına əsasən Azərbaycan banklarındakı əmanətlərin cəmi 46,1%-ni milli valyutadakı əmanətlər təşkil edir. Hansıki bu Azərbaycan iqtisadiyyatında dollarlaşmanın yüksək olaraq qalması və ABŞ-da baş verən defoltun Azərbaycan manatına təsirinin təhlükəli olması deməkdir?. X.Mikayılova görə, manatın məzənnəsi bank sektoru üçün ciddi nəticələrə gətirib çıxara bilər: ?Manata həddən artıq böyük tələb yaranarsa Mərkəzi Bank tələbi qarşılaya bilməyəcək. Hətta qarşılasa belə, bu, sonda manat artıqlığına səbəb olmaqla inflyasiya təhlükəsi yaradacaq. Hazırda Mərkəzi Bank prosesin qarşısını bazara müdaxilə etməklə alır. Belə ki, 2011-ci ilin I rübündə bank valyuta bazarında 156,6 mln. ABŞ dolları həcmində xalis alış həyata keçirib?. Ekspert hesab edir ki, belə pul siyasətinin davam etdirilməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının tükənməsinə səbəb ola bilər: ?Mərkəzi Bank manatın məzənnəsinin süni surətdə yüksəlməsinin qarşısını alaraq, milli valyutanın məzənnəsini təkcə dollara əsasən deyil, həmçinin avro və qızıla münasibətdə tənzimləməlidir. Bu siyasət dolların məzənnəsinin ani enişinin manata təsirlərini azaltmış olar?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA