ARDNF-in aktivləri 33,3 faiz artıb

img

25-07-2011 [05:18]


Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 7827,2 milyon manat, büdcə xərcləri isə 2593,1 milyon manat təşkil edib. ARDNF-in mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, 2011-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7692,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7518,1 milyon manat, Şahdəniz-I fazası üzrə qiymət fərqindən daxilolmalar 101,7 milyon manat, Heydər Əliyev adına Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividendlərdən 66,8 milyon manat, tranzit gəlirləri 3,8 milyon manat, akrhesabı ödənişlər 1,2 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,6 milyon manat təşkil edib. Ötən 6 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 135,0 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 482,4 milyon manat təşkil edib. Hesabat dövrü ərzində Neft Fondunun 2011-ci il büdcəsinin icrası çərçivəsində 2461,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 47,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 64,1 milyon manat və 2,3 milyon manat vəsait ayrılıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 4,6 milyon manat vəsait ayrılıb. 9,3 milyon manat "Bakı-Tiflis-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilib. 2011-ci ilin ilk altı ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 4,6 milyon manat olub. 2011-ci il iyulun 1-ə Fondun aktivləri 2011-ci ilin əvvəlinə (22 766,8 milyon ABŞ dolları) nisbətən 33,3 faiz artaraq 30 357,5 milyon ABŞ dollarına bərabər olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA