Azərbaycanda çörək bahalaza bilər

img

12-07-2011 [05:23]


Nazirlər Kabineti ?Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən (ƏDV) azad olunan malların siyahısı haqqında? qərarını dəyişib. Hökumətin yeni qərarına əsasən, iyulun 10-dan etibarən ölkəyə gətirilən taxıl və un yenidən ƏDV-yə cəlb olunur. Qeyd edək ki, Nazirlər Kabinetinin 3 dekabr 2010-cu il tarixli qərarı ilə ölkəyə gətirilən buğda və un avqustun 1-dək ƏDV-dən azad edilmişdi. Hazırda isə İqtisadi İnkişaf, Maliyyə, Kənd Təsərrüfatı və Fövqəladə Hallar Nazirliklərinin rəylərin nəzərə alaraq bu müddət iyulun 10-na qədər azaldılıb. Yəni bundan sonra xaricdən gətirilən buğda və undan (?Buğda və meslin? və ?Buğda unu və ya buğda-çovdar unu?) 18%-lik ƏDV tutulacaq. Məlumat üçün bildirək ki, taxıl və unun ƏDV-dən azad edilməsi xaricdən bu məhsulların gətirilməsini kəskin artırmışdı. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin ilk 5 ayında ölkəyə buğda idxalı ötən ilin eyni dövrünə nisbətən 50%, un idxalı isə 74 dəfə artıb. Yeni qərardan sonra xaricdən idxal edilən taxıl məhsullarının azalması gözlənilir. ?ƏDV-nin tətbiqi payız aylarında ölkədə taxılın daha da bahalaşmasına gətirib çıxaracaq? İqtisadçı-ekspert Vüqar Bayramov idxal olunan taxıl məhsullarına əlavə dəyər vergisinin tətbiq edilməsinin qiymətlərə təsir edəcəyini bildirir: ?Taxıl məhsullarına əlavə dəyər vergisinin tətbiqi ilə bağlı hökümət tərəfindən qərarların mütəmadi dəyişməsi bu sahədə konkret strategiyanın olmamasını göstərir. Çünki ölkəyə idxal olunan taxıl məhsullarından dövlət büdcəsinə daxil olan vergilərin dəyərlə ifadəsi kifayət qədər kiçikdir.Yəni büdcə gəlirlərinin 0,0001 faizini belə təşkil etmir. Belə halda taxıl məhsullarına əlavə dəyər vergisinin tətbiqi dövlət büdcəsinin imkanlarının yaxşılaşdırılması kimi qiymətləndirilə biməz?. V.Bayramovun sözlərinə görə, ƏDV-nin tətbiqi arzuolunan deyil: ?Azərbaycanda əvvəlki ilə nisbətən taxıl istehsalının aşağı düşəcəyi proqnozlaşdırılır. Bu şəraitdə əlavə dəyər vergisinin tətbiqi taxil məhsullarının qiymətini artıracaq.Əslində Nazirlər Kabineti ölkəyə gətirilən taxıl məhsullarına güzəşt müddətinin tətbiqi ilə bağlı yox,onların bütövlükdə əlavə dəyər vergisindən azad edilməsi istiqamətində qərar qəbul etməlidir?. ƏDV-nin tətbiqi taxıl mövsümü başa çatdıqdan sonra- payız aylarında ölkədə taxılın daha da bahalaşmasına gətirib çıxaracaq: ? Praktiki əlavə dəyər vergisinin tətbiqi çörək istehsalına təsir edəcək. Hələlik çörəyin qiymətində artımlar olmasa da çörəyin qiymətində gizli inflyasiya baş verəcək. Çörək məhsullarının çəkisinin azaldılacaq. Sonrakı mərhələdə isə çörəyin qiymətinin yüksəldilməsi ehtimalları istisna edilmir?. Göründüyü kimi iqtisadçı-ekspert bədbin proqnoz verir. Bu proqnozun özünü doğruldub-doğrultmayacağını isə zaman göstərəcək. Necə deyərlər payızda taxıl tədarükü başa çatacaq. Bu zaman isə ?cücəni payızda sayarlar? deyimi lap yerinə düşəcək. Bu il ötənilkindən 400 min ton çox taxıl tədarük ediləcək Kənd Təsərrüfatı Nazirliyindən isə ölkəyə gətirilən taxılın ƏDV-yə cəlb olunmasının çörəyin qiymətinin bahalaşmasına gətirib çıxarmayacağını bildirirlər. Nazirliyin idarə rəisi Sabir Vəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, ölkəyə gətirilən taxıl məhsullarına ƏDV-nin tətbiq olunması ilk növbədə daxili bazarın qorunması və fermerlərimizin istehsal etdikləri məhsulun satışına daha yaxşı şərait yaratmaq üçün atılmış bir addımdır. ?Bu o deməkdir ki, ölkəmizə xaricdən gətiriləcək buğda və buğda ununun qiyməti 20 faiz bahalaşacaq. Bu daxili bazarda fermerlər əlavə stimul verəcək. Ölkəyə idxal olunan taxıl məhsullarına ƏDV-nin cəlb edilməsi ölkədəki taxıl ehtiyyatına mənfi mənada təsir göstərməyəcək. Bu il daxili məhsul ötən ilkindən 400 min ton çox olacağını gözləyirik?, - deyə Sabir Vəliyev bildirib. Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi yerli fermerlərin öz məhsullarını nisbətən baha qiymətə satmalarının son nəticədə un məmulatları və çörəyin satış qiymətinin artmasına gətirib çıxara biləcəyinə də münasibət bildirib. ?Fermerlər istehsal etdikləri taxılı normal qiymətə satacaqlar. Burada qiymət artımından deyil əsasən keyfiyyət göstəricisinin yüksəldilməsindən söhbət gedir. Əgər əvvəllər ölkəmizə daha çox aşağı növ taxıl gətirilirdisə indi daha çox I və II növ taxıl məhsulu idxal olunacaq. Çörəkbişirmə sexləri də daha keyfiyyətli məhsul alacaqalar? ,- deyə Sabir Vəliyev bildirib. KTN rəsmisi yerli fermerlərin tədarük etdikləri taxılın saxlanması üçün xüsusi terminalların da tikilməkdə olduğunu qeyd edib. ?Artıq Səngəçalda Fövqəladə Hallar Nazirliyinin 100 min tonluq terminalı hazırdır. Ümumilikdə ölkəmizdə 700 min ton taxılın saxlanılması üçün terminallar mövcuddur. Fermerlərin istehsal etdikləri taxılın saxlanılması üçün heç bir problem yoxdur?, - deyə Sabir Vəliyev vurğulayıb. Göründüyü kimi İqtisadçı-ekspertlərin bədbin proqnozlarına baxmayaraq KTN rəsmisi vəziyyətin elə də ürəkağrıdıcı olmaması iddiasındadır. Təki belə olsun. "Hökumət çörəyin qiyməti ilə bağlı fikirləşməmiş addımlar atır" İqtisadçı-ekspert Nazim Məmmədov da hökumətin bu addımının birmənalı olaraq daxili bazarda qiymət artımına gətirib çıxaracağı fikrindədir. ?Azərbaycanda kənd təsərrüfatının hazırki inkişaf səviyyəsində keyfiyyətli buğda istehsal etmək mümkün deyil. Keyfiyyətli buğdanı biz ya Qazaxıstandan ya da ki, Rusiyanın cənub hissəsindən idxal edirik. Düşünürəm ki, ölkəyə gətirilən taxıl məhsullarının ƏDV-yə cəlb olunması daxili bazarda qiymət artımına, yaxud da yerli çörək istehsalında keyfiyyətsiz buğdadan istifadə edilməsi məcburiyyəti qarşısında qalacağıq?, - deyə Nazim Məmmədov bildirib. Nazim Məmmədov hökumətin son zamanlar çörəyin qiyməti ilə bağlı sonacan fikirləşməmiş addımlar atdığını da bildirib. ?Sahibkarlara qiyməti artırmamaq yolunda müəyyən təzyiqlər edilir. Ancaq son nəticədə bu tədbirlər çörəyin qiymətini sabit saxlasa da onun çəkisinin azalmasına və keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Sadə istehlakçılar isə bu keyfiyyət dəyişikliyini təbii ki, hiss edirlər. Məncə bu iqtisadiyyata inzibati formada müdaxilədən başqa bir şey deyil. Bu daha çox özlərinin işlədiklərini göstərmək məqsədilə reklam xarakterli kosmetik mahiyyət daşıyan addımlardır. Məncə daha çox rəqabət mühitini formalaşdıraraq daha keyfiyyətli məhsulun istehsalına şərait yaratmağa nail olmağa çalışmaq lazımdır.?, - deyə Nazim Məmmədov qeyd edib. Nazim Məmmədov ölkəmizdə hökumətə taxıl istehsalı ilə bağlı şişirdilmiş statistik rəqəmlərin təqdim olunduğu fikrindədir. ?Hökumətə təqdim edilən rəqəmlərdə belə görünür ki, bu il taxıl yığımı çox olacaq. Ancaq sonda tədarük yekunlaşdıqdan taxıl məhsulunun kifayət qədər olmadığı üzə çıxır. Bundan sonra hökumət yenidən ƏDV-ni ləğv edərək xaricdən taxıl gətirilməsini stimullaşdırır. Bu cür halı biz bir neçə ildir ki, müşahidə edirik. Belə demək mümkünsə bu addım tsiklik xarakter daşımağa başlayıb. Dövlət büdcəsindən bu sahəyə subsidiya şəklində verilməli olan vəsaiti yerlərdə mənimsənilir. Nəticə etibarilə bundan əziyyət çəkən bazar iqtisadiyyati iştirakçıları olur. Mən bu məsələyə bədbin yanaşıram. Hesab edirəm ki, bu sahədə köklü dəyikliklərə nail olmaq üçün iqtisadi islahatları bir qədər də dərinləşdirmək lazımdır?, - deyə Nazim Məmmədov qeyd edib. Sonda onu bildirək ki, ölkəyə gətirilən taxılın ƏDV-yə cəlb edilməsi qərarının hansı fəsadlara gətirib çıxaracağını zaman göstərəcək. Bizim istəyimiz budur ki, əhalinin ən vacib qida məhsulu sayılan çörəyin qiymətində artım, çəkisində azalma və keyfiyyətində aşağı düşmə halları müşahidə olunmasın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA