23-02-2011 [05:31]
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) fevralın 23-də ?Kaspian Plaza?nın konfrans zalında rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi və dayanıqlı nəticələrin əldə edilməsi məqsədilə hazırladığı Anti-Korrupsiya Tədbriləri Paketinin təqdimatını keçirib.
Korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilir.
Struktur İslahatları
I. Dövlət strukturlarında korrupsiya hallarının araşdırılması üzrə səlahiyyətləndirilən daxili nəzarət strukturlarının yaradılması üzrə işlər sürətləndirilməlidir;
II. İdarəetmə aparatının səmərəliliyinin qorunması, bürokratik əngəllərin və korrupsiya hallarının qarşısının alınması üçün bir sıra dövlət qurumları birləşdirilməli, bəzi idarələrə isə müstəqil dövlət qurumu statusu verilməlidir;
III. Struktur islahatları iqtisadi idarəetmənin müxtəlif sektorlarını əhatə etməlidir;
IV. İslahatlar nəticəsində ?Azərsu? " ASC-nin Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinə birləşdirilməsi və hər iki qurumun bazasında yeni agentliyin? Dövlət Su Agentliyi yaradılması, ?Azərenerji?SC-nin Dövlət Neft Şirkətinə birləşdirilməsi, Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinin tərkibində idarə formasında fəaliyyət göstərməsi, Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək İqtisadi İnkişaf Nazirliyinin tərkibinə verilməsi, Sosial Müdafiə Fondunun ləğv edilərək departament şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi, Sənaye və Energetika Nazirliyinin ləğv edilərək, funksiyalarının bir qisminin Neft Şirkətinə verilməsi, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin bazasında Yanacaq Energetika Departamentinin formalaşdırılması təmin olunmalıdır;
V. Sahibkarlıq subyektləri və əhali ilə daha çox işləyən nazirliklərdə Müşahidə Şuraları yaradılmalıdır. Həmin şuraların tərkibinə yalnız dövlət qurumlarının deyil, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri daxil edilməlidir;
VI. İdxal-ixrac əməliyyatları üzrə Əlavə Dəyər Vergisi üzrə ödənişlərin Dövlət Gömrük Komitəsi tərəfindən alınması ləğv edilməli və bu iş Vergilər Nazirliyinə həvalə edilməlidir ;
VII. Xarici ticarət əlaqələrində korrupsiya səviyyəsinin azaldılması məqsədilə Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü prosesinin sürətləndirilməlidir;
İnzibati islahatlar
I. Korrupsiyaya qarşı mübarizənin səmərəli aparılması məqsədilə inzibati islahatlar gücləndirilməli, islahatlar bütün dövlət qurumlarını əhatə etməli, diskriminasiyasız korrupsiyada adı hallanan bütün şəxslərə aid edilməlidir;
II. ?Maraqların toqquşması haqqında Qanun? qəbul edilməlidir - Antikorrupsiya qanununun qəbul edilməsinə baxmayaraq orada ?Maraqların toqquşması? müddəası nəzərdə tutulmayıb. Maraqların toqquşması üzrə monitorinqlərin həyata keçirilməsi orqanı mövcud deyil idi;
III. Dövlət satınalmalarında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün həm qanunvericilik sahəsində, həm də nəzarətin gücləndirilməsi istiqamətində fəaliyyətlər gücləndirilməlidir;
IV. İqtisadi İnkişaf Nazirliyinin tərkibindəki Antiinhisar Departamenti nazirlikdən ayrılaraq Rəqabətin Müdafiəsi Agentliyi yaradılmalıdır. Agentliyə bazara müdaxilə, inhisar hallarının qarşısının alınması üçün ciddi səlahiyyətlər verilməlidir- MDB-nin əksər ölkələrində Rəqabətin Müdafiəsi Agentliyi fəaliyyət göstərir;
V. Dövlət şirkətlərinin audit yoxlamaları beynəlxalq standartlara uyğunlaşdırılmalıdır - Şəffaflığın Gücləndirilməsi və Korrupsiyaya Qarşı Mübarizə Milli Strategiyasında beynəlxalq standartların tətbiq edilməsi bu sahədə vacib elementlərdən biri kimi hesab edilir;
VI. Vergi Məcəlləsi üzrə risk təhlili aparılmaldır - Müstəqil və tanınmış xarici şirkət tərəfindən həyata keçirilməsi tövsiyə edilən bu təhlil məcələnin korrupsiya üçün hansı imkanlar yaratdığını müəyyənləşdirə bilər;
Maliyyə islahatları
I. Maliyyə Monitorinqi Xidməti tərəfindən xüsusi nəzarət ediləcək məbləğ həm iqtisadi, həm də hüquqi baxımdan əsaslandırılmalıdır. Bu hədd kiçik və orta sahibkarların fəaliyyətinə müdaxilələrin yaranmasına imkab verməməlidir. Həmin hədd ?Vergi Məcəlləsində? sadələşdirilmiş vergi dövriyyəsi üçün müəyyənləşdirilən limitlərə uyğunlaşdırılmalıdır;
II. Korrupsiya hallarına yol verməmək üçün Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları üçün təlimlərin keçirilməlidir. Bu təlimlər yeni formalaşan qurumun əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına gətirib çıxarır;
III. Dövlət büdcəsindən ayrılan vəsaitin audit yoxlamasından keçməyən bələdiyyələrin büdcəsinə köçürülməməsi istiqamətində yeni qaydalar müəyyənləşdirilməlidir;
IV. Lisenziyaların məbləği azaldılmalıdır- Lisenziya məbləğlərinin yüksək olması iş adamlarının lisenziya almadan kölgə iqtisadiyyatında işləməsinə gətirib çıxarır;
V. Nağdsız hesablaşmalardan istifadə genişləndirilməlidir;
VI. Dövlət qurumlarında nağdsız ödəmələr qadağan edilməlidir. Vətəndaşlar, sahibkarlar ödəmələri yalnız bank vasitəsilə etməlidirlər;
VII. Kommersiya qurumlarında, satış məntəqələrində nağdsız hesablaşmaların aparılması məqsədilə Mərkəzi Bank və digər adiyyatı dövlət qurumları stimullaşdırıcı tədbirlər həyata keçirməlidir;
VIII. Bnkların kredit vermək mexanizmi sadələşdirilməlidir - Kommersiya banklarının əksəriyyətində rüşvət və ?şapka? adlandırılan korrupsiya hallarına rast gəlinir. Bu da alınan kreditlərin xərcinin artmasına, son nəticədə korrupsiyanın real iqtisadiyyata mənfi təsir göstərməsinə gətirib çıxarır;
İctimai struktur islahatları
I. Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu artırılmalıdır;
II. Dövlət qurumlarının vətəndaş cəmiyyəti qarşısında hesabatlılığı gücləndirilməlidir;
III. Antikorrupsiya tədbirlərində vətəndaş cəmiyyətinin iştirakı təmin edilməlidir;
IV. Korrupsiya ilə mübarizə aparan dövlət orqanları üzərində vətəndaş nəzarəti artırılmalıdır - Digər ölkələrin təcrübəsi göstərir ki, korrupsiyaya qarşı mübarizə üsulları arasında ictimai nəzarət, vətəndaş cəmiyyətinin aktivliyi əhəmiyyətli rol oynayır. Hakimiyyət orqanları korrupsiyanı doğuran səbəblərə, onun nəticələrinə qarşı mübarizədə geniş miqyaslı ictimai dəstək ala bilməsə istənilən nəticəni əldə etmək mümkün olmayacaq;
V. Korrupsiyaya qarşı mübarizənin güclənməsinə müsbət təsir göstərmək üçün dövlət satınalmalarında vətəndaş cəmiyyəti institutlarının rolu artırılmalıdır - Faktiki olaraq hal-hazırda dövlət satınalmaları qapalı keçirilir,bu da korrupsiyaya şərait yaradır;
E-islahatlar
I. Korrupsiyaya qarşı mübarizədə elektron hökümətin elementlərindən isitifadə edilməlidir;
II. Elektron hökümətin elementlərindən yalnız biznesdə deyil, dövlət qurumlarının fəaliyyətlərində istifadə olunmalıdır.
III. Dövlət qurumlarının fəaliyyətində, hesabatların təqdim edilməsində, məlumatların ötürülməsində elektron hökümətin elementlərindən istifadə edilməlidir. Vətəndaşlar bu tip prosedurları dövlər qurumlarına müraciət edərək deyil, onlayn , yəni elektron prosedurlar formasında həyata keçirməlidirlər.
IV. Mülkiyyət dəyişiklikləri ilə əlaqədar özəlləşmə hərraclarının qeydiyyatı elektronlaşmalıdır.
V. Vətəndaşların sərbəst şəkildə hərraclarda qeydiyyatdan keçmələri təmin edilməlidir;
VI. Hərraclar növbəti mərhələdə on-line sistemindən istifadə edilməlidir
- Bu həm özəlləşdirmə hərraclarında rəqabətli mühitin yaranmasına imkan verəcək, həm də prosesin şəffaf olmasına özəlləşmə hərraclarının, investisiya müsabiqələrinin nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsinə imkan verə bilər;
VII. Arayışlar və tələbnamələr elektronlaşdırılmalıdır - İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə vətəndaşların kommunal xidmətlərə borcu, yaşayış yerləri ilə bağlı arayışlar elektronlaşdırılıb. Vətəndaşlar heç bir dövlət qurumuna müraciət etmədən arayışları çap edirlər;
VIII. Vergilər Nazirliyi tərəfindən ?Elektron audit? sisteminin tətbiqi həyata keçirilməlidir - Bu sistemin reallaşdırılması audit işində şəffaflığın artmasına və audit proseslərinin asanlaşdırılmasına səbəb ola bilər;
IX. Elektron ticarətin inkişafı üçün bu sahə ƏDV-dən azad edilməlidir - Bu elektron ticarətin inkişafına yardım göstərməklə yanaşı e-ticarətin daha da leqalaşdırılmasına səbəb ola bilər;
X. Bir sıra Avropa ölkələrində olduğu kimi rüblük bəyənnamələr illik hesabatla əvəz edilməlidir. Bu vergi müfəttişləri ilə sahibkarların birbaşa ünsiyyətinin azalmasına səbəb ola bilər;
Sosial islahatlar
I. Korrupsiyaya qarşı mübarizənin effektli və davamlı olması, korrupsiya halları yaradan amillərin aradan qaldırılması üçün qərarvericilərin sosial müdafiəsi gücləndirilməlidir;
II. Korrupsiyaya qarşı islahatlar çərçivəsində məmurların əməkhaqqıları artırılmalıdır. Dövlət qurumlarında, agentliklərində çalışan və vətəndaşlarla daha çox işləyən məmurların əməkhaqqlarının artırılması və sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri həyata keçirilməlidir;
III. Bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi məmurlara müəyyən sosial güzəştlərin verilməsi tətbiq edilməlidir.Qonşu Türkiyədə olduğu kimi məmurlar müəyyən sosial güzəştlərə- xüsusilə nəqliyyat və komunal xidmətlərlə bağlı müəyyən güzəştlərə malik olmalı, sosial güzəşt almaq baxımından məmurlar kateqoriyalara bölünməlidir. Yalnız 1-ci kateqoriya üzrə fəaliyyət göstərən məmurlara həmin güzəştlərin tətbiq edilməsi məqsədəuyğundur;
IV. Korrupsiyaya qarşı mübarizədə sosial islahatların aparılması, gücləndirilməsi üçün dövlət qurumlarının tərkibində struktur islahatları aparılmalıdır. Şişirdilmiş ştatlar ləğv edilməlidir. Nazirlik və komitələrin strukturunda bir-birini təkrarlayan idarə və komitələr ləğv olunmalıdır -Bu həm də vəsaitlərə qənaət edilməsi baxımından əlverişli olmaqla yanaşı, həm də əməkhaqqıların artırılması baxımından əlavə maliyyə bazasının yaranmasına imkan verir.