14-02-2011 [07:35]
[b]Əli Məsimli: "Bu il ərzaq məhsullarının qiyməti yerli proseslərlə yox, dünya iqtisadiyyatında gedən proseslərin nəticəsində daha çox artacaq. Bir sıra ərzaq məhsullarının qiymətinin artımı orta inflyasiya göstəricisindən yüksək olacaq" [/b]
Yanvar ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,2 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, kartofun qiyməti 1,7, yem bitkilərinin qiyməti 1,7, baş soğanın qiymət 0,7 faiz artıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından iribuynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,3, mal ətinin (diri çəkidə) 9, qoyun ətinin (diri çəkidə) 0,3 faiz, yumurtanın qiymətlərində 1,4 faiz bahalaşma müşahidə olunub. Hazırda real bazar qiymətlərində Statistika Komitəsinin elan etdiyi göstəricilərdən fərqli rəqəmlər ortaya çıxıb, yəni qiymət artımı daha çoxdur. Belə ki, son günlər mal əti, şəkər tozu və bir sıra meyvə-tərəvəz məhsullarında da qiymət artımı qeydə alınmaqdadır. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli "Reytinq"ə müsahibəsində ölkədə qiymət artımının davam edəcəyini deyib.
- Qiymət artımına bir sıra amillər təsir göstərir. Dünyada gedən iqtisadi proseslər nəticəsində bir sıra məhsulların, xüsusən də ərzaq məhsullarının qiyməti artıb. İkinci tərəfdən, neftin qiyməti böhran vaxtı, yəni 2008-ci ilin ortalarında 147 dollar idi, həmin ilin sonlarında 33 dollara düşdü. Qısa müddət ərzində neftin qiyməti 2008-ci ilin sonlarında 3 dəfə yüksəlib, təxminən 100 dollar ətrafında artıb. Bu da əksər məhsulların qiymətinə təsir göstərən amildir. Taxılın qiyməti də artmaqda davam edir. Bunun birbaşa olmasa da, psixoloji təsiri var. Təbii fəlakətlər bir sıra məhsullarda istehsal səviyyəsini aşağı salıb. Əsas məhsul istehsal edən ölkələrdə istehsal tempi aşağı düşdüyünə görə, qiymətlər qalxıb. Hansı ölkədən qiyməti qalxan məhsulları alırıqsa, həmin məhsulların Azərbaycanda da bahalaşdığını hiss edirik. Eyni zamanda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 2 faiz aşağı düşüb. Taxıl istehsalı təxminən 20-25 faiz azalıb. Bu da əlbəttə ki, qiymətlərə təsir göstərir. Azərbaycanda qiymət mədəniyyəti formalaşmadığına görə, xaricdə gedən proseslərin arxasınca sürünmə var. Ona görə də xaricdən almasaq da, qiymət artımı müşahidə olunur. Məsələn, mal ətinin timsalında demək olar ki, - əsasən daxili istehsal hesabına olsa da, - qiymət artımı var. Bu da əsasən taxıl məhsulları, yaxud da yemin qiymətinin artması ilə əlaqələndirilir.
- Ancaq bəzən qiymətlərin süni şəkildə qaldırılma halları da müşahidə olunur.
- Razıyam. Məsələ ondadır ki, qiymətlərin təbii artımı, qanunauyğunluqla, təbii fəlakət və digər bu kimi hadisələrlə yanaşı, süni şəkildə artırılması istiqamətində də addımlar atılır. Onun da ziyanı geniş xalq kütlələrinə, xüsusiylə yoxsul təbəqəyə dəyir. Ona görə də əlaqədar təşkilatlar monitorinqlərin obyektivliyini artırmalı və bu istiqamətdə genişmiqyaslı monitorinqlər aparmalıdır. Qanunun gücü ilə təbii qiymət armıtı öz yerində, amma süni qiymət artımının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirməlidir.
- Əli müəllim, necə düşünürsünüz, bahalaşma prosesi bundan sonra da davam edə bilərmi?
- Hesab edirəm ki, Azərbaycanda bahalaşma prosesi hələ bir müddət davam edəcək. Gözləntilər ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir hissəsi olduğu üçün dünyada gedən proseslər bu və ya digər formada təsir göstərəcək. Xüsusən də, ərzaq məhsullarının qiymətinin artması gözlənilir. Doğrudur, bu gün deyirlər ki, qlobal maliyyə böhranı arxada qalıb. Amma arxada qalan böhranın kulminasiya nöqtəsidir. Hələ böhran davam edir. Düşünürəm ki, xeyli kataklizmlər, problemlər yaradacaq. O problemlərdən biri də ərzaq təhlükəsizliyi sahəsindəki problem olacaq ki, bu da qiymətlərə təsir göstərməkdə davam edəcək. Azərbaycan da çalışmalıdır ki, bu təsirdən minimum itki ilə çıxsın.
- Vəziyyətdən çıxmaq üçün hansı addımlar atılmalıdır? Ümumiyyətlə, hökumət buna hazırdırmı?
- Bu istiqamətdə hökumət tərəfindən müəyyən addımlar atılır. Məsələn, taxıl üzərindən əlavə dəyər vergisi götürüldü, bir sıra məhsullar əlavə dəyər vergisindən və rüsumdan azad olundu. Bu qəbildən olan tədbirlər davamlı olaraq həyata keçirilməli, daxili bazarda monitorinqlər aparılmalı və süni qiymət artımının qarşısının alınması istiqamətində müəyyən tədbirlər həyata keçirilməlidir. Bir də yerli istehsalın inkişaf etdirilməsi, stimullaşdırılması üçün hökumət məmur özbaşınalıqları, inhisarçılıq və korrupsiya xarakterli manelərə qarşı ciddi mübarizə aparmalıdır.
- Hökumət nümayəndələri neçə ildir ki, inhisarçılığa və məmur özbaşınalığına qarşı mübarizə aparıldığını bildirsə də, ortada müsbət nəticə yoxdur. Bu mübarizə lazımi səviyyədə deyil, yoxsa...
- Doğrudur, bu istiqamətdə addımlar atılır, amma ona sistem xarakteri vermək lazımdır. Yəni bir-birini tamamlayan sistem xarakteri verməsən, problemi kökündən həll etmək mümkün olmayacaq. Bu baxımdan problemlərə sistemli yanaşmaq lazımdır. Əgər sistemli şəkildə mexanizm ortaya qoyularsa, o zaman problemi həll etmək mümkündür.
- Son günlər hökumət korrupsiyaya qarşı geniş səviyyədə mübarizəyə başlayıb. Bu prosesin ölkə iqtisadiyyatına hansı təsirləri ola bilər?
- Ümumiyyətlə, hansı ölkəni götürürsən-götür, o ölkənin tərəqqisi və inkişafı korrupsiyanın nə dərəcədə aradan qaldırılması ilə bağlıdır. Ona görə də, bu istiqamətdə atılan addımları müsbət dəyərləndirirəm. Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanın modernləşmə proqramının tərkib hissəsinə çevrilməlidir. Ölkədə islahatların yeni mərhələsi başlanmalıdır. Yeni mərhələnin komponentlərindən biri də korrupsiyaya qarşı mübarizə olmalıdır.
Şübhəsiz ki, korrupsiyaya qarşı mübarizə və bu istiqamətdə atılan addımların qiymətlərə güclü təsiri ola bilər. Bu gün Azərbaycanda qiymətlərin artmasına təsir edən ən əsas amil monopoliya və korrupsiyadır. Ona görə də monopoliya və korrupsiyanı aradan qaldırmaqla qiymətlərin aşığı düşməsinə nail olmaq mümkündür.
- Bəzi iqtisadçılar inflyasiyanın səviyyəsinin artacağını proqnozlaşdırırlar. Bu barədə nə düşünürsünüz?
- Hesab edirəm ki, bu göstərici 2011-ci ildə 2010-dakı kimi 5,7 faiz yox, ondan artıq olacaq. Xalq istehlak malları, xüsusən də ərzaq məhsullarının qiyməti yerli proseslərlə yox, dünya iqtisadiyyatında gedən proseslərin nəticəsində daha çox artacaq. Bir sıra ərzaq məhsullarının qiymətinin artımı orta inflyasiya göstəricisindən yüksək olacaq.
- İnflyasiyanın səviyyəsi artırsa, qiymətlər bahalaşırsa, adekvat olaraq əmək haqları, pensiya və müavinətlər artmırsa, ölkədə ciddi problemlər yaranmaz ki?
- Təbii ki, qiymət artımı ölkənin aşağı təbəqəsinə mənfi təsir göstərir. Ona görə də hökumət bu sahədə narazılıqlar yaranmasın deyə adekvat olaraq əmək haqları, pensiya və müavinətlərin artırılması istiqamətində addımlar atmalıdır.
- Mart ayında hökumət Milli Məclisdə hesab verəcək. Hansısa bir yenilik gözləyirsiniz, yoxsa nazirlər gəlib yenə sadəcə olaraq çıxış edib gedəcəklər?
- Qanunvericiliyə görə Milli Məclisin yaz sessiyasının beşinci iclasında hökumətin hesabatı olacaq. 2010-cu il Azərbaycan üçün xüsusi bir ildir. Hesab edirəm ki, Milli Məclisin hökumətin hesabatı dinləniləcək iclası kifayət qədər maraqlı keçəcək.
- Nəyi nəzərdə tutursunuz?
- Bir tərəfdən XXI əsrin birinci on illiyi başa çatıb. İkinci bir tərəfdən dövlət başçısı səviyyəsində elan olunub ki, bu ildən keçid dövrü bitib. 2011-ci ildən yeni mərhələ başlayır. Eyni zamanda Azərbaycan qlobal iqtisadi böhranla bağlı çox maraqlı nəticə göstərdi. Məsələn, ötən əsrin 70-90-cı illərində 20 il ərzində 97 ölkənin iqtisadi nəticələrinin təhlili birmənalı şəkildə o nəticəni ortaya qoymuşdu ki, ərazisində neft, qaz, qızıl, gümüş və s. sərvətləri olan ölkələrlə müqayisdə ərazisində belə sərvətlər olmayan ölkələr daha sürətlə inkişaf edir. ?eft-qaz ölkələri isə hansısa təsir nəticəsində dağılıb tökülür. Amma 2008-ci ilin böhranı Azərbaycanın timsalında göstərdi ki, bizim iqtisadiyyatımız dağılıb tökülmədi. Eyni zamanda gözlənilirdi ki, Azərbaycanda enmə davam edəcək, amma bu da baş vermədi, əksinə, beş faizə qədər artım oldu. Bax, bu maraqlı hadisədir və neft hasil edən ölkə bayaq qeyd etdiyim göstəricilərə uyğun olmayan nəticə göstərdi.
- Deputat kimi hesabat zamanı hökumət qarşısında hansısa məsələni qaldırmaq fikriniz varmı?
- Mən onsuz da hökumətin hesabatı zamanı təkliflərlə çıxış edirəm. Sözsüz ki, hökumətin budəfəki hesabatı zamanı da gündəmdə olan problemlərlə bağlı fikirlərimi bildirəcəyəm. Hesabatın axırında deputatların irəli sürdüyü təkliflərin bir hissəsi öz əksini tapır, bir hissəsi də "gələcəkdə nəzərə alınacaq" kimi ifadələrlə işlənilir. Güman edirəm ki, bu dəfə də təkliflərin bir hissəsi nəzərə alınacaq.
- Sovet dönəmindən banklarda qalan əmanətlərin qaytarılması məsələsini gündəmə gətirəcəksiniz?
- Azərbaycanın tarixində yeganə iqtsadçıyam ki, sözdə yox, işdə bu məsələyə girişib, vaxtımı sərf edib, beş ay ərzində xarici təcrübəni öyrənib, batmış əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etmişəm. Yəni başqaları kimi bununla populist çıxışlar etmirəm. Müəllif kimi ağır oturub batman gəlmək pozisiyasından çıxış edirəm. Qoy başqaları məsələ qaldırsınlar ki, filan deputat qanun layihəsi hazırlayıb, - necə ki, ?azim Məmmədov qaldırırdı ki, deputat həmkarım Əli Məsimli batmış əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi hazırlayıb, Milli Məclisə təqdim edib, - niyə baxılmır? Müəllif kimi bu məsələni min birinci dəfə deməyə utanıram axı...
- 2010-cu ilin ortasında Milli Məclis büdcəyə yenidən baxmışdı. Bu il necə, büdcəyə yenidən baxılması gözlənilirmi?
- Ötən il büdcəyə yenidən baxılması neftin qiyməti ilə başqa bir amilin təsiri altında olmuşdu. ?eftin qiyməti büdcədə nəzərdə tutulduğundan yüksək oldu, eyni zamanda təbii fəlakətlə bağlı böyük dağıntılar baş verdi ki, ona da əlavə pul ayırmaq lazım gəlmişdi. Ona görə də büdcəyə ilin ortasında yenidən bıxıldı. Arzu edərdim ki, həmin təbii fəlakətlər təkrarlanmasın və büdcəyə də yenidən baxılmasın.
- Əli müəllim, büdcəmizin əsas hissəsi Neft Fondundan transfert hesabına formalaşır. Bu isə büdcənin neftdən asılı olduğunu göstərir. Büdcənin neftdən asılılığını aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?
- 2010-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısı Neft Fondundan büdcəyə transfertin azaldılması və vergi yığımının genişləndirilməsi məsələsini qəti şəkildə qoydu. Bildirildi ki, vergi yığımı cari xərcləri ötməlidir, yalnız investisiya layihələri üçün vəsait Neft Fondundan ayrılmalıdır. Biz də həmişə həmin pozisiyanı dəstəkləmişik. Əvvəllər bizə qulaq asmırdılar, amma indi ölkə başçısının qaldırdığı məsələyə diqqət yetirib nəhayət ki, iqtisadiyyatın səmərəli inkişafı, nefdən kənar sahələrin dirçəldilməsi istiqamətində səyləri artırmaq lazımdır. Neft Fondundan 6 milyard civarında pul götürürük, büdcəyə olan borclar da elə təxminən bu qədərdir. Əgər vergi yığımı tam həyata keçirilərsə, Neft Fondundan büdcəyə transfertin səviyyəsi aşağı düşər, o pulları da başqa dərdlərimizə xərcləyərik.
Z.ƏHMƏD