30-01-2011 [05:34]
[b]Vahid Əhmədov: "Ciddi böhran yaşanmaması üçün hökumət çevik tədbirlər həyata keçirməli, pensiyanın məbləğinə, yaşayış minimumuna, ehtiyac meyarına, orta aylıq əmək haqqına baxmalıdır" [/b]
Nazirlər Kabinetinin qərarı ilə ölkəyə idxal olunan bir sıra mal və avadanlıqlar (kənd təsərrüfatı üçün) ƏDV və gömrük rüsumundan azad olunub. Bu qərar ölkədə qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, yeni müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi daşıyır. Bunun kənd təsərrüfatının inkişafına və qiymət artımına müsbət təsir göstərəcəyini düşünənlər olsa da, hələ də bu sektorda ciddi problemlər qalmaqdadır. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, tanınmış iqtisadçı Vahid Əhmədov bu və ya digər məsələlər barədə fikirlərini bizimlə bölüşdü, qarşıdakı dövrlə bağlı iqtisadi gözləntilərini açıqladı:
- Hesab edirəm ki, kənd təsərrüfatı ilə əlaqədar hökumətin atdığı istənilən addım müsbət qiymətləndirilməlidir. Hazırda kənd təsərrüfatına diqqəti artırmaq lazımdır. Çünki 2010-cu ildə təbii fəlakətlərlə əlaqədar olaraq, kənd təsərrüfatında bir sıra problemlər yarandı, taxıl istehsalında istədiyimizə nail ola bilmədik. Bundan əlavə, Azərbaycana gətirilən dərmanların tərkibi ilə bağlı çox ciddi problemlər yarandı. Biz ölkəyə gətirilən dərmanların bir qisminin keyfiyyətinin aşağı olduğunu müəyyən eləmişik. Bununla əlaqədar, baş nazirə məktub ünvanlamışam, o da göstəriş verib ki, məsələyələ bağlı müvafiq tədbirlər görülsün. Çox yaxşı haldır ki, verilən qərarda Azərbaycana idxal olunan kənd təsərrüfatı avadanlıqları, kənd təsərrüfatı üçün dərman və gübrələr də nəzərə alınıb. Ümumi götürəndə bu, həm sahibkarlara köməkdir, həm də kənd təsərrüfatının səviyyəsini yüksəltməyə xidmət edir.
Hesab edirəm ki, kənd təsərrüfatının strukturuna da baxmaq lazımdır. Bu nazirliyə yeni səlahiyyətlər vermək lazımdır ki, yerlərdə kənd təsərrüfatı ilə məşğul olan xeyli sayda əhali problemlərinin həlli üçün müraciət edə biləcəkləri qurum olsun. Bir də ki, kənd təsərrüfatı ərzaq təhlükəsizliyini təmin edən əsas sahələrdin biridir. 2011-ci ildə ərzaq təhlükəsizliyini təmin etmək üçün dövlət başçısı hökumət qarşısında bu məsələni çox ciddi şəkildə qaldırıb. Ona görə də, ərzaq təhlükəsizliyi ilə bağlı kənd təsərrüfatı sahəsində çox ciddi işlər görmək lazımdır. Xüsusiylə taxılçılıqla bağlı ciddi iş görmək gərəkdir ki, Azərbaycan özünü çörəklə təmin edə bilsin. Biz idxalı nə qədər azaltsaq, bir o qədər yaxşı olar. Hesab edirəm ki, kənd təsərrüfatına əlavə investisiya layihələri yönəldilməlidir. Kənd təsərrüfatı məhsullarının emalına diqqəti artırmaq lazımdır.
- Düzdür, dövlət əlavə dəyər vergisini və gömrük rüsumlarını ləğv edib, amma o fikirlər də səslənir ki, hazırda gömrükdə ölkəyə gətirilən məhsullardan "şapka" kimi qeyri-qanuni vəsait alınır və bu da qiymət artımına səbəb olur. Bu barədə nə deyə bilərsiniz?
- O cür faktlarla bağlı bir söz deyə bilmərəm. Milli Məclisdə Gömrük Məcəlləsini qəbul etməliyik. Gələn ayın 3-də bu Məcəlləni müzakirə edəcəyik. O Məcəllə bütün beynəlxalq qurumlarla razılaşdırılıb. Digər tərəfdən, yadınızdadırsa, ?azirlər Kabinetinin iclasında dövlət başçısı korrupsiya və rüşvətxorluq məsələlərinə çox ciddi toxunub və hökumətə tapşırıb ki, bu məsələlərin qarşısı alınsın. Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının iclasında Ramiz Mehdiyevin rəhbərliyi altında hüquq mühafizə orqanlarının rəhbərləri, Bakı şəhəri icra hakimiyyətləri və digər əlaqədar təşkilatların iştirakı ilə keçirilən iclasda da bu məsələ yenidən gündəmə gətirilib. Yəni, bu məsələlərin qarşısının alınması üçün yüksək səviyyədə tapşırıqlar var. Bu istiqamətdə ciddi iş görülməlidir ki, ölkədə bu cür neqativ hallar azalsın.
- Həmin icsalda inhisarçılıqla bağlı da məsələ gündəmə gəldi. Siz də inhisarçılıqla bağlı kəskin fikirlərlə çıxış edən şəxslərdənsiniz. Necə düşünürsünüz, məsələ bu müstəviyə qalxandan sonra problemi kökündən həll etmək mümkün olacaqmı?
- Mən əvvəlki müsahibələrimdə də, elə sizinlə söhbətimdə də demişəm ki, Milli Məclisə 2006-cı ildə Prezident tərəfindən Rəqabət Məcəlləsi göndərilib. Bu günə qədər o Məcəllə üçüncü oxunuşa çıxarılmamışdı. Milli Məclisin ilk iclası başlayanda mən yenidən bu məsələni qaldırdım. Nəhayət ki, gündəliyi almışam və həmin Məcəllə gündəliyə salınıb. Yəni, Rəqabət Məcəlləsinin qəbul olunması monopoliyaya qarşı bir addımdır. Mən demirəm ki, bu problemi kökündən həll edəcək, amma müəyyən orqan olacaq və fəaliyyət göstərəcək, bu məsələlər öz həllini tapacaq.
Prezident məsələni düz qoyub ki, korrupsiya və rüşvət, sahibkarların fəaliyyətinə müdaxilə, inhisarçılıq faktlarına son qoyulmalıdır. Bu məsələlər həll olunsa, Azərbaycan bazarındakı qiymətlər də tənzimlənəcək.
- Sahibkarların fəaliyyətinə dövlət orqanlarının yersiz müdaxiləsi ilə bağlı artıq neçə dəfədir ki, ölkə başçısı səviyyəsində məsələ qaldırılır, ancaq bu kimi hallar yenə də davam edir...
- (Tələsik) Ümumiyyətlə, bilirsiniz ki, müdaxilələr var. Sahibkarlardan biz də kifayət qədər şikayət ərizələri alırıq. Onların haqq səsini çox yerdə eşitsələr də, çox yerdə eşitmirlər, onların fəaliyyətinə müdaxilələr həddindən artıq çoxdur, addımbaşı dövlət strukturlarının nümayəndələri tərəfindən incidilirlər. Görünür ki, cənab İlham Əliyev də bununla əlaqədar müəyyən məlumatlar alır. Ona görə də, qəti göstəriş verib ki, bu cür halların qarşısı alınmalıdır.
Prezident Administrasiyası rəhbərinin apardığı iclasda da bu məsələlər bir daha öz əksini tapıb. Ondan öncə də Baş prokuror kollegiya iclasında korrupsiya ilə bağlı çox ciddi məsələləri ortaya qoymuşdu. Yəni, bu məsələlər artıq gündəmdədir. Bu mənada, düşünürəm ki, müəyyən məsələlər öz həllini tapacaq. Milli Məclis olaraq, biz də müəyyən dəyişikliklər etməliyik.
- Nazirlər Kabineti iri vergi ödəyicilərinin fəaliyyətində monitorinqlərin aparılması barədə də qərar verib...
- (Sözümüzü kəsərək) Bilirsiniz, bu nə ilə əlaqədardır? 2009-2010-cu ilin dövlət büdcəsi müzakirə olunanda bu məsələlərə toxunmuşam. Yəni, iri vergi ödəyicilərinin büdcəyə borcu həddən artıq çoxdur. Bunlar vergiləri vaxtlı-vaxtında ödəmirlər. Biz isə əlavə vergi mənbələri axtarırıq. Hətta yadınıza gəlirsə, cənab Prezident göstəriş verdi ki, ?eft Fondundan transfertin həcmini azaltmaq lazımdır. İldə 5-6 milyard manat ?eft Fondundan büdcəyə tarnsfert edilir. Bu isə dözülməz haldır. Əslində bu fondun vəsaiti hesabına əsasən iri layihələri həyata keçirmək lazımdır, iş yerləri açmaq, iri zavod, fabriklərin tikintisinə, yol, su, və s. infrasturuktur layihələrini həyata keçirmək məqsədəuyğundur. O cümlədən gələcək nəsil üçün müəyyən vəsaiti qoruyub saxlamaq lazımdır. Ona görə də, ehtiyat mənbələr axtarıb tapmaq gərəkdir. Ehtiyat mənbələrdən biri iri vergi ödəyicilərinin dövlət büdcəsinə borclarıdır. Vergilər ?azirliyi də bu məsələ üzərində çox ciddi düşünməli və lazımi addımları atmalı, hökumətlə birgə bu iri vergi ödəyicilərinə qarşı müəyyən tədbirlər görməlidir.
- Necə düşünürsünüz, aparılacaq monitorinqlər müsbət nəticə verəcəkmi?
- Nəticəsi olmalıdır. Çünki olmasa, yenə də problemlər ortaya çıxacaq. Mart ayında hökumətin hesabatında yəqin ki, bizə məlumat veriləcək.
Bir məsələni də nəzərinizə çatdırım ki, Hesablama Palatası mütəmadi olaraq bu yoxlamaları aparır və bizə məlumatlar verilir. Yəqin ki, Prezidentin göstərişindən sonra bu proses daha da ciddiləşər.
Bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, son illər Azərbayanın maliyyə bazarına külli miqdarda vəsait daxil olduğu üçün "Maliyyə nəzarəti haqqında" qanun layihəsi qəbul olunmalıdır. Biz bunu bir neçə dəfə demişik, iqtisadi qurumlara baxan şəxslər razılaşıblar, amma bu qanun layihəsi Milli Məclisə daxil olmayıb. Hesab edirik ki, şəffaflığı artırmaq, nəzarəti daha da gücləndirmək üçün bu qanun mütləq qəbul edilməlidir.
- Qeyd etdiniz ki, hökumət mart ayında hesabat verəcək. ?ə gözləyirsiniz, yenə də əvvəlki kimi nazirlər gəlib çıxış edib gedəcək, yoxsa...
- Yəqin ki, hökumətin hesabatında Prezidentin qoyduğu məsələlər bir daha gündəmə gələcək. Baxmayaraq ki, dünyada qlobal maliyyə böhranı davam edir, Azərbaycanda maaşların verilməsində, sosial və infrastruktur layihələrinin həyata keçirilməsində ciddi problemlər olmayıb. Bakı-Qəbələ su kəməri kimi iri layihə həyata keçirilib. Yəni, elə bir ciddi problem yaranmayıb, amma ümumi götürəndə müəyyən proseslər gedib, bir neçə bank bağlanıb, həmin proses bu gün də davam edir. Bundan başqa, elə məqamlar var ki, yəqin, hesabat zamanı müzakirə olunacaq.
- Vahid müəllim, ötən ili Azərbaycan üçün elə də problemli il kimi dəyərləndirmirsiniz, amma 2010-cu il ən bahalıq il kimi qiymətləndirilir...
- Razıyam. 2010-cu ildə bahalaşma olub. Proqnoz kimi deyə bilərəm ki, 2011-ci ildə də bahalaşma olacaq. Bu, yalnız Azərbaycanda gedən proseslərlə əlaqədar deyil. Bilirsiniz ki, Azərbaycan idxal edən ölkələrdən biridir. Xüsusən də ərzaq məhsullarını idxal edir. Dünayda iqtisadi böhran davam edir, böhran hələ qurtarmayıb. Amerikada, Avropa ölkələrində çox ciddi büdcə kəsirləri var. Yəni,dünya iqtisadiyyatında, maliyyə bazarında çox ciddi problemlər mövcuddur. Bunlar isə Azərbaycana da təsir edir. Ölkəmiz Avropanın bir hissəsi olduğu və əsasən də idxalçı ölkə olduğumuza görə, bu məsələlər bizə də öz təsirini göstərir. Amma artıq Prezident ərzaq təhlükəsizliyi ilə bağlı məsələni qəti şəkildə qoyub.
- Əsasən hansı məhsulların qiymətində artım ola bilər?
- 2011-ci ildə ərzaq məhsulları növbəti dəfə bahalaşacaq. Bu da əsasən idxal olunan məhsullarda müşahidə olunacaq. Azərbaycanın idxal etdiyi ölkələrdə iqtisadi problemlər var. Fikir verirsiniz də, neftin qiyməti hansı yüksək həddə çatıb. Bütün məhsulların maya dəyərində neft məhsulları oturur. Yəni, bütün bunlar zəncirvari prosesdir və qiymət artımı bütün məhsulların qiymətinə təsir edəcək.
- Hökumət bunun qarşısını önləmək üçün hansı addımlar atmalıdır?
- Ciddi böhran yaşanmaması üçün hökumət çevik tədbirlər həyata keçirməlidir. Hökumət pensiyanın məbləğinə, yaşayış minimumuna, ehtiyac meyarına, orta aylıq əmək haqqına baxmalıdır. Bu tədbirlər həyata keçirilməlidir ki, ciddi problem yaşanmasın. Prezident də məsələ qoyub ki, hər şey yaşayış minimumu səviyyəsinə çatdırılsın.
- Bir müddət öncə benzinin bahalaşması ilə bağlı bir ajiotaj yaşandı. Bəziləri bunun enerji daşıyıcılarının qiymətinin artacağına hazırlıq olduğunu bildirdilər. Necə düşünürsünüz, qeyd etdiyiniz qiymət artımı fonunda enerji daşıyıcıları da bahalaşa bilərmi?
- Benzinin qiyməti ilə əlaqədar ajiotaj həmişə olub. Bunu da onunla əlaqələndirirlər ki, Azərbaycanda benzin qonşu dövlətlərdən ucuzdur. Mən bunu qəbul etmirəm. Çünki ölkədən kənara benzin çıxarmaq elə də asan məsələ deyil. Ona görə də, bunu əsas gətirib benzinin qiymətini qaldırmaq əsassızdır. Ümumi götürəndə, mən, hələlik daxildə benzinin qiymətinin qaldırılacağını düşünmürəm. Çünki yaşayış minimumu, pensiyanın məbləği və s. görəndə hesab edirəm ki, qiymət artımına ehtiyac yoxdur. Əgər benzinin qiyməti artırılacaqsa, yaşayış minimumu, əmək haqları, pensiya və müavinətlər də artırılmalıdır.
- Banklarla bağlı problemə də toxunmaq istərdim. Dünən daha bir bankın fəaliyyəti dayındırıldı. Bu, artıq son iki ay ərzində bağlanan üçüncü bankdır. Bu proses təhlükəli istiqamətə gedir, yoxsa...
- Təbii ki, ümumi götürəndə müsbət hal deyil. Amma fikir verirsinizsə, bu tərəfdən də məlumat yayılıb ki, tikinti bankları açılacaq. Bu bankların açılmasında məqsəd tikinti sektorunu inkişaf etdirməkdir. Deyərdim ki, 2010-cü ildə tikinti sektorunda durğunluq oldu. Bu da əsasən maliyyə problemi ilə əlaqədardır. Bankların bağlanmasına gəlincə, narahatlığa ehtiyac yoxdur. Azərbaycanda bank çoxdur, 10-15 bank balğansa belə, ciddi problem deyil. Artıq Azərbaycanda iri və dayanıqlı banklar var. Təbii ki, mən bankların bağlanmasının tərəfdarı deyiləm və yaxşı olar ki, banklar birləşdirilsin.