10-01-2011 [06:06]
Mərkəzi Bank pul və məzənnə siyasətini təkmilləşdirmək istiqamətində həyata keşirdiyi tədbirlərin davami olaraq manatın məzənnəsinin hədəflənməsinin müxtəlif variantları nəzərdən keçirir. Bu gündən MB dollar/manat məzənnəsinə keçib. Çünki, ölkənin birnömrəli bankı hazırkı şəraitdə dollar/manat məzənnəsinin hədəflənməsini MB-nin məqsədləri və inflyasiya səviyyəsinə təsir göstərmək baxımından daha çox uzlaşdığını hesab edir. Qurumdan deyilir ki, bu mexanizm kommunikasiya baxımından əlverişli olmaqla yanaşı Mərkəzi Bankın uzunmüddətli perspektivdə sərbəst üzən məzənnə rejiminə keçmək imkanlarını artırır.
Xatırladaq ki, 2008-ci ilin mart ayından etibarən Mərkəzi Bank məzənnə siyasətini Avro və ABŞ dollarının daxil olduğu bivalyuta səbəti dəyərinin hədəflənməsi vasitəsilə həyata keçirir. Ötən müddət ərzində bu mexanizm qlobal valyuta bazarındakı prosesləri yerli məzənnələrə sirayət etdirməklə manatın çoxtərəfli məzənnəsinə nəzarət imkanlarını artırıb. Lakin, son vaxtlar aparıcı valyutaların məzənnələrindəki volatilliyin daha da kəskinləşməsi, inkişaf etməkdə olan ölkələr tərəfindən milli valyutaların qarşılıqlı dəyərsizləşdirilməsi və maliyyə sabitliyi hədəfinin prioritetliyi ilə səciyyələnən yeni şərait məzənnə siyasətinin taktikasına dəyişiklik etmək zərurəti yaradıb.
MB-nın son qərarını şərh edən iqtisadçı-alim Vüqar Bayramov iki ilə yaxındır Mərkəzi Bankın məzənnə siyasətini Avro və ABŞ dollarının daxil olduğu bivalyuta səbəti dəyərinə əsasən müəyyənləşdirdiyini deyir: ?Eləcə də manatın ABŞ dollarına birbaşa kursu, digər valyutalara, avroya çarpaz kursu müəyyənləşdirilirdi. Baxmayaraq ki, avronun dollara nisbətən məzənnəsinin dəyişməsi manatın avroya və dollara nisbətən məzənnəsinin dəyişməsinə gətirib çıxarırdı. Faktiki Mərkəzi Bank manatın məzənnəsini bivalyuta səbətinə əsasən müəyyənləşdirdiyini bəyan etsə də daha çox dollara nisbətən birbaşa məzənnə əsasında manatın digər valyutalara nisbətən məzənnəsini müəyyənləşdirirdi?.
İqtisadçının fikrincə, MB-nın yeni sistemə keçməsi valyuta bazarında, o cümlədən monetar siyasətdə hər hansı dəyişikliyə gətirib çıxarmayacaq: ?Mərkəzi Bank dollar/manat ikitərəfli hədəflənməsini həyata keçirir. Bankın inzibati yolla vahid məzənnə siyasəti həyata keçirdiyini nəzərə alsaq, adətən bu halın baş verdiyi və sərt pul-kredit siyasətinin həyata keçirildiyi ölkələrdə dollara hədəflənən məzənnə siyasəti effektli olmur. Bu daha çox formal xarakter daşıyır. Belə ki, ölkənin Mərkəzi Bankı inzibati yolla öz milli valyutasının məzənnəsini müəyyənləşdirirsə, o zaman sərbəst üzən məzənnə rejiminin tətbiqi real deyil. O baxımdan Mərkəzi Bankın tətbiq etdiyi yeni siyasət sərbəst üzən məzənnə rejiminin Azərbaycanda tətbiqi üçün real imkanlar yaratmır?. Bunun səbəblərinə toxunan ekspert qeyd edir ki, MB-nın sərt monetar siyasəti valyuta bazarında manatın məzənnəsinin möhkəmlənməsinə gətirib çıxarsa da, manatın məzənnəsinin dollara nisbətən sərbəst müəyyənləşdirilməsi üçün hər hansı imkan yaratmir: ?Manatın məzənnəsi sərbəst müəyyən edilsə də bu, manatın dollara nisbətən indiki məzənnəsinin qorunub saxlanması ilə sonunclanmayacaq. Baxmayaraq, Mərkəzi Bankın hesablamalarında manatın dollara nisbətən indiki məzənnəsinin bazarın müəyyənləşdirdiyi real məzənnədən aşağı olduğu bildirilir, sərbəst valyuta rejiminə keçilməsi manatın dollara nisbətən məzənnəsinin kəskin aşağı düşməsinə gətirib çıxaracaq?.
V.Bayramov bildirir ki, manatın məzənnəsi inzibati yolla müəyyənləşdirildiyi üçün manatla bağlı müəyyən psixoloji gərginlik var:? Hətta neft satışından ölkəyə böyük həcmdə dollar kütləsi daxil olsa da, dolların manata təzyiqi valyuta bazarında hər zaman hiss edilməkdədir. Belə ki, dünya bazarında dolların məzənnəsinin aşağı düşməsi müşahidə edildiyi halda da bu heç də psixoloji baxımdan dolların Azərbaycanın valyuta bazarında mövqelərinin sarsılmasına gətirib çıxarmayıb.Mərkəzi Bank tətbiq etdiyi yeni mexanizmin davamı olaraq sərbəst üzən məzənnə rejiminə keçərsə, manatın dollara nisbətən məzənnəsi kəskin düşər.Hesablamalar göstərir ki, bu halda manatın dollara nisbətən məzənnəsi 2 dəfə azalar. Hətta qısa müddətdə 1 dollar 2 manat məzənnəsinə dəyişdirilə bilər?.
Dollar/manat məzənnəsinin hədəflənməsinin inflyasiya səviyyəsinə təsir göstərmək üçün hesablanmasına gəlincə, iqtisadçı deyir ki, Azərbaycanda monetar siyasətlə inflyasiya səviyyəsinə təsir göstərmək imkanları məhduddur: ?Yeni tətbiq edilən mexanizm inflyasiya səviyyəsinin cilovlanmasına və ya aşağı düşməsinə gətirib çıxara bilməz. Çünki, Azərbaycanda inflyasiya səviyyəsinin müəyyənləşdirilməsi nə monetar siyasətin, nə də bazarın müəyyən etdiyi iqtisadi səbəblərlə bağlı deyil. Ölkədə inflyasiya səviyyəsi daha çox qeyri-bazar faktorları ilə bağlıdır. Bu halda monetar siyasətin inflyasiya səviyyəsinə təsir göstərməsi inandırıcı görsənmir?.
Ekspertə görə, yeni mexanizm o zaman inflyasiya səviyyəsinə təsir edər ki, ölkədə inflyasiya sırf bazar fartorları əsasında müəyyənləşər.
V.Bayramovun fikrincə, Mərkəzi Bank avro və dolların dünya bazarında məzənnəsinin dəyişməsindən ehtiyatlanaraq yeni mexanizmin tətbiqinə başlayıb: ?Avronun məzənnəsinin dəyişməsi manatın avroya nisbətən məzənnəsinin dəyişməsinə gətirib çıxarır. Amma nəzərə almaq lazımdır ki, manatın dollara və avroya məzənnəsi süni məzənnədir. Bu Mərkəzi Bankın denominasiya nəticəsində iqtisadi baxımdan əsaslandırılmayan məzənnə siyasətinə əsasən müəyyən etdiyi kursdur. Avronun və dolların məzənnəsinin dəyişməsi manatın möhkəmlənməsinə səbəb olmaqla yanaşı manatın dönərli valyutaya çevrilməsini stimullaşdırmır. Misal üçün, bu gun manatın məzənnəsinin möhkəmlənməsinə baxmayaraq, manat regional valyuta rolunu oynaya bilmir. Hərçənd ki, region ölkələri arasında manatın dollara nisbətən məzənnəsi daha yüksəkdir. Bütün bunları nəzərə alsaq yeni mexanizm pul-kredit siyasətində hər hansı dəyişikliyə gətirib çıxarmayacaq. Ən əsası isə bu mexanizm Mərkəzi Bankın inzibati müdaxilə metodu ilə zidiyyət təşkil edir. Yaxın illərdə Azərbaycanda sərbəst məzənnə rejiminin tətbiqi qeyri-realdır. Nə Mərkəzi Bank, nə də valyuta bazarı bu sistemə keçidə hazır deyil?.