Vahid Əhmədov: "Hökumət bazara təcili müdaxilə etməlidir"

img

05-12-2010 [05:36]


[b]"Azərbaycan növbəti bahalaşma dalğasından sığortalana bilməyəcək" [/b] Dünyada baş verən iqtisadi böhranın təsirləri ilk vaxtlar Azərbaycanda hiss olunmasa da, ölkəmizin iqtisadiyyatı sona kimi buna duruş gətirə bilmədi. Artıq Azərbaycan bankları arasında da böhranın təsirləri ciddi şəkildə hiss edilir. Millət vəkili, tanınmış iqtisadçı Vahid Əhmədovla söhbətə ilk olaraq ölkəmizdə iki bankın bağlanması və bank sektorundakı problemlərin müzakirəsi ilə başladıq. - Yadınızdadırsa, 2009-cu ildə Nazirlər Kabinetinin iclası keçiriləndə cənab prezident göstəriş verdi ki, xaricdəki ehtiyyatdan iki milyard dollar gətirin və banklara kömək edin ki, öz fəaliyyətlərini dayandırmasınlar. Amma Mərkəzi Bank tərəfindən məsləhət oldu ki, buna ehtiyac yoxdur. Baxmayaraq ki, neçə ildir dünyada maliyyə böhranı yaranıb və bu gün də davam edir, amma Azərbaycanda bankların ciddi problemi olmadı. Lakin son zamanlar müəyyən problemlər ortaya çıxdı. Faktiki olaraq, iki bankın bağlanması - hələ bilinmir ki, bundan sonra nələr baş verəcək, - bir daha göstərdi ki, bank sistemində müəyyən problemlər əmələ gəlir. Dünyada qlobal maliyyə böhranı yaranmışdı, ola bilməzdi ki, bank sisteminə təsir etməsin. Amma bankın iş sisteminin qurulması onun rəhbərliyindən çox asılıdır. Yəni faiz dərəcələrinin müəyyən edilməsi, kreditlərlə işlənilməsi, kreditlərin vaxtlı-vaxtında geri qaytarılması və s. banklardan asılıdır. Azərbaycanda hazırda 50-yə yaxın bank var. Düzdür, bu qədər bank Azərbaycan üçün çoxdur, amma mən indiki zamanda bankların bağlanmasının tərəfdarı deyiləm. Hansısa bankda problemlər yaranır, ola bilsin, likvidliyi təmin edə bilmir, ola bilər kredit verə bilmir və s. Ancaq bankların bağlanması əhali arasında müəyyən narazılıq yarada bilər. Əmanət qoyan insanların problemlərlə qarşılaşması mümkündür. Belə bir vəziyyət yarananda çalışmaq lazımdır ki, kiçik banklar ya birləşdirilsin, ya da iri bankların tərkibinə verilsin, insanlar da əziyyət çəkməsinlər. - Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov da bankların birləşdirilməsi təklifi ilə çıxış etdi. Hətta bu çağırışdan sonra ölkədə beş-altı bankın qalacağı ilə bağlı fikirlər də səslənirdi... - Mən də hələ xeyli əvvəl bu təkliflə çıxış eləmişdim ki, banklar nə qədər iri olsa, maliyyə dövriyyəsi çox olsa, likvidliyi yüksək olsa, daha da yaxşı işləyə bilərlər. Bankların bağlanmasından çox, onların birləşib daha böyük şəkildə formalaşmasına şərait yaratmaq lazımdır. - Bu, bank sektorunun inhisarlaşmasına, tək əldə cəmləşməsinə səbəb olmayacaq ki? - Mən buna inanmıram. Tutaq ki, 5-10 bank bağlandı. ?ə olsun? Azərbaycanda 50-yə yaxın bank var. Düşünürəm ki, bu, elə də ciddi problem yaratmayacaq. Görünür, qeyd etdiyim kimi, bankların özlərinin problemləri var. Yoxsa bank niyə bağlanmalıdır? İkinci tərəfdən, hansı banklar problem yaşayırsa, yaxşı olardı ki, iri banklarla əlaqə yaradıb vəziyyətdən çıxsınlar. - Vahid müəllim, son prosesləri nəzərə alaraq, demək olarmı ki, Azərbaycanın maliyyə bazarı təhlükə qarşısındadır? - Xeyr. Azərbaycanın maliyyə bazarında təhlükəli vəziyyətin yarandığını deyə bilmərəm. Çünki Azərbaycanda bu günə kimi banklarla bağlı ciddi problem olmayıb. Maliyyə böhranı dövründə də hər hansı problem yaşanmadı. İndi də hiss etmirəm ki, elə bir ciddi böhran yaşansın. Bir də ki, banklar əhali ilə əlaqədar olan bir sahədir. Dövlət də çalışmalıdır ki, bu sahədəki vəziyyəti nəzarətdə saxlasın. Lazım olanda bankların likvidliyini saxlamaq üçün dövlət tərəfindən vəsait verilməlidir, bundan çəkinmək lazım deyil. - Mətbuatın yazdığına görə, bağlanan və bu təhlükə ilə üz-üzə qalan banklarda olan əmanətlərlə bağlı problem yaşanır... - Bununla bağlı qanun qəbul olunub. Bu qanuna əsasən 30 min manata qədər olan əmanətlər sığortalanır. Bu əmanətlərin sığortalanması üçün Əmanətlərin Sığortalanması Fondu yaradılıb. Bütün banklar həmin fondla müqavilə bağlayıb və ora müəyyən faiz pul köçürürlər. Yəni bank bağlandı, bağlanmadı 30 min manata qədər vəsaiti verməlidirlər. Burada heç bir problem olan deyil, o insanlar heç də narahat olmasınlar. - Başqa bir mövzuya keçək. Son dövrlər ölkədə qiymət artımı müşahidə olunur. Ərzaq məhsullarında, xüsusiylə taxılın və çörəyin qiymətindəki artım ciddi narahatlıq yaradıb. Bu barədə nə düşünürsünüz? - Ümumiyyətlə, ərzaqla əlaqədar dünyada problem var. Aydındır ki, dünyada ərzaq çatışmazlığı var, hətta bir sıra ölkələrdə kütləvi aclıqlar da müşahidə olunur. Bütün bunların Azərbaycana da təsiri var. Düzdür, taxılın qiyməti qalxıb. Taxılla əlaqədar dünyada problem var. Hətta Rusiya kimi dövlət də indi taxıl idxal etmək istəmir ki, özü üçün ehtiyat yığsın. Bilirsiniz ki, bu il Azərbaycanda təbii fəlakətlər yaşandı və bu da faktiki olaraq, bu sahədə öz təsirini göstərdi. Ona görə də taxıl istehsalında müəyyən problemlər yarandı. Onu da nəzərə almalıyıq ki, Azərbaycan həmişə özünü taxılla təmin edə bilmir. Amma mənim aldığım məlumata görə, Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var. Bəs, qiymətlər nə zaman qalxır? O vaxt qalxır ki, ya enerji daşıyıcılarının qiymət artır, taxıl istehsalı zamanı, çörək bişirmədə, onun maya dəyərində oturan məhsulların qiyməti yüksəlir. Bir də ki, qıtlıq olanda qiymətlər qalxır. Əgər taxıl ehtiyatı varsa, enerji daşıyıcılarının qiyməti artmayıbsa, çörəyin qiyməti qalxmamalıdır. - Amma fakt odur ki, taxılın da, çörəyin də qiyməti artıb... - Bəli, razıyam. Çörəyin qiyməti 30 qəpikdən 40 qəpiyə qalxıb. Bilirsiniz, yaranmış vəziyyətdən istifadə edən insanlar var. Mən bu günlərdə kənd təsərrüfatı naziri ilə də görüşmüşəm. Çörəklə əlaqədar da söhbətlərimiz olub. Yəni ölkənin taxıl ehtiyatı var. Açığını deyim, Azərbaycanda çörək probleminin, ərzaqla bağlı problemin olmaması üçün Kənd Təsərrüfatı ?azirliyinə əlavə səlahiyyətlər vermək lazımdır. Rayonlarda Kənd Təsərrüfatı ?azirliyinin idarələrinin bərpa edilməsinə ehtiyac var. Faktiki olaraq, bu gün Kənd Təsərrüfatı Nazirliyinin ciddi fəaliyyəti yoxdur. Yəni nə çörəyə, nə taxıla tam nəzərat edə bilmir. Yalnız taxılın istehsalı ilə məşğuldur. Amma bu, bir əldə cəmləşməlidir ki, ciddi problem yaşanmasın. Çünki taxıl, çörək strateji məhsuldur, bunun üzərində diqqətli olmaq lazımdır. Elə etmək lazımdır ki, qiymətlər nəzarətdə saxlanılsın. İndi ola bilər ki, bəzi insanlar, bəzi sahibkarlar bundan istifadə edirlər və süni olaraq qiymətləri artırırlar. Yenə də deyirəm, əgər strateji məhsul olan çörəyin qiyməti qalxırsa, hökumət bazara təcili müdaxilə etməlidir. Bazara əlavə taxıl buraxmalıdır ki, qiymətlər stabilləşsin. - Bəs, bu nəzarət niyə həyata keçirilmir, yaxud buna kim məsuliyyət daşıyır? - Mütləq nəzarət olmalıdır. Xüsusiylə çörəyin qiyməti nəzarətdən çıxmamalıdır. İmkan yaratmaq olmaz ki, çörəyin qiyməti süni şəkildə qaldırılsın və ciddi narazılıq yaransın. 3-4 il əvvəl Rusiyada çörəyin qiyməti dəhşətli səviyyədə qalxdı. Həmin gecə Rusiyanın ?azirlər Kabinetinin sədri Putin kənd təsərrüfatı nazirini çağırdı və soruşdu ki, vəziyyət niyə belədir, o da bildirdi ki, taxıl çatışmazlığı var. Putin göstəriş verdi ki, ehtiyat fonddan on milyon ton taxılı bazara buraxın. Ondan sonra qiymətlər stabilləşdi. İkincisi, bizdə anti-inhisar xidməti var, hansı ki qiymət məsələlərini nəzarətdə saxlamalıdır. Standartlaşma, Metrologiya və Patent Komitəsi də bu işləri həyata keçirməlidir. Ümumiyyətlə, çörəyin qiymətini artırmaq olmaz. 30 qəpikdən 40 qəpiyə bahalaşma ciddi qiymət artımıdır, bunun qarşısını almaq lazımdır. - Qiymət artımı təkcə taxıl və çörəklə məhdudlaşmır, ət və ət məhsulları, digər ərzaq mallarının da qiymətlərində artım müşahidə olunur... - Bir prosesi diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycanda elə ki, maaşlarda müəyyən artımlar olur, səhərisi gün bazara girib görürsən ki, qiymətlər artırılıb. Hər hansı ciddi səbəb oldu-olmadı, maya dəyərində hər hansı dəyişiklik olub-olmayıb, bəziləri süni şəkildə qiymətləri artırır. Çörəyin qiymətinin artması da digər məhsulların bahalaşmasına təsir edən əsas amillərdən biridir. Çörəyin qiyməti artan kimi bazarlarda deyirlər ki, çörək bahalaşıb pamidorun, xiyarın, meyvə-tərəvəzin və digər məhsulların qiymətini artıraq. Yəni bütün bunlar subyektiv səbəblərlə bağlıdır, burada obyektiv bir şey yoxdur. - Belə çıxır ki, ölkədəki qiymət artımı inhisarçılıqla bağlıdır? - Bəli, hazırda ölkədə baş verən qiymət artımı bir başa inhisarla bağlıdır. Müəyyən inhisarçı şəxslər var ki, bazarı əllərində saxlayıblar və istədikləri qiyməti qoyurlar. Ona görə də belə bir vəziyyət yaranır. Mən nəyə görə çalışıram ki, Milli Məclisdə rəqabət məcəlləsi qəbul olunsun? Dörd ildir biz onu ikinci oxunuşdan keçirmişik, bir oxunuşu qalıb ki, hələ qəbul edə bilmirik. Yəni buna da mane olan müəyyən qüvvələr var. Amma çalışacağıq ki, dördüncü çağırış Milli Məclisdə bu qanunu qəbul edək. - Qlobal maliyyə böhranı ən böyük zərbəni Azərbaycanın tikinti sektoruna vurdu. Artıq tikinti sektorunda passivlik başlayıb, hətta daşınmaz əmlakın qiymətləri enir. Bu prosesi necə dəyərləndirirsiniz? - Bir vaxtlar tikinti sektoruna maraq həddindən artıq çox idi. Amma indi tikinti sahəsində ciddi problemlər yaranıb. Əsasən dövlət sifarişi ilə maliyyələşən tikintilərdə iş görülür. Amma şəxsi səviyyədə olanlar demək olar ki, dayanıb. Axı, boş yerə nə qədər tikmək olar? Yəni alıcılıq qabiliyyəti aşağı düşüb. Əlbəttə, tikinti sahəsində durğunluğun yaranması həmin sahədə çalışanların işlə təmin olunmasında da problemlərin meydana çıxmasına səbəb olur... - Növbəti işsizlər ordusu yarana bilər. Bu mənada hökumət hansısa tədbir görə bilməzmi? - Dünya iqtisadiyyatı ilə məşğul olan adamam, prosesləri izləyirəm, Fransada, Almaniyada, Amerikanın özündə işsizlik 11 faizə çatıb. Son 60-70 ildə belə şey olmayıb. Yəni qlobal maliyyə böhranının çox acı nəticələri var, hətta sizə deyim ki, son dövrlər gedən siyasi proseslər bir daha mənfi yöndə təsir edir. Azərbaycanda da işsizliyin olması təbiidir, çünki bütün iqtisadi proseslər bir-biri ilə əlaqədardır. Azərbaycanın bu problemi qarşılaması üçün ciddi problemi olmamalıdır. Yeri gələndə ehtiyatdan da istifadə etmək lazımdır. Yəqin ki, ciddi problemlər yaransa, hökumət müvafiq addımlar atacaq. - Vahid müəllim, artıq 2010-cu il yekunlaşır və yeni il gəlir. Adətən ilin sonunda və yeni ildə qiymət artımı olur. Bu istiqamətdəki gözləntiləriniz nədir? - Fikir verirsiniz də dünya bazarında nələr baş verir. Neftin qiyməti artıq 90 dollara çatıb. Avro ilə dolların məzənnələrinin dəyişməsi çox ciddi problemlər yaradıb. Bəzi ekspertlər deyirlər ki, ləngimələr arxada qalıb, artıq inkişaf başlayır. Mən bu fikirlərlə razı deyiləm. Dünya iqtisadiyyatında ciddi problemlər var. Bu gün də o qlobal maliyyə böhranı davam edir. Bu isə dünya bazarındakı qiymətlər səviyyəsində özünü göstərir. Azərbaycan da idxal edən ölkədir. Baxma ki, neft və neft məhsullarını ixrac edirik, amma müəyyən məhsulları xaricdən alırıq. Ona görə də dünyadakı qiymət artımı Azərbaycana da öz təsirini göstərəcək. Hesab edirəm ki, Azərbaycan növbəti bahalaşma dalğasından sığortalana bilməyəcək. - Artıq Sizin də üzvü Milli Məclis yeni tərkiblə fəaliyyətə başladı. Hansı planlarınız, təklifləriniz olacaq? - Bizim keçən ildən də qalan təkliflərimiz var, yeni layihələr də hazırlayırıq. Çalışacağıq ki, Rəqabət Məcəlləsi qəbul olunsun. Əli Məsimli ilə mən təhsil kreditləri ilə bağlı qanun layihəsi vermişik. İqtisadi problemlərlə bağlı bir sıra təkliflərimiz var, sovet dövründə qalmış əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi hazırlanıb, onunla da məşğul olacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA