03-12-2010 [02:09]
[b]Bir tərəfdə texnikalar bazalarda istifadəsiz qalıb, dıgər tərəfdən də sahələrdə onlar çatışmır[/b]
Aqrar sahə Azərbaycan iqtisadiyyatının inkişafı üçün prioritet sahələrdən biridir. Əhalinin ərzaqla təminatı və ölkənin ərzaq təhlükəsizliyi onun inkişafından bir başa asılıdır. Amma bu gün aqrar sahə ölkənin tələbatını ödəmək iqtidarında deyil. Tələbatın üçdə biri idxal hesabına ödənilir, yerlı istehsal isə aşağı düşür.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin 10 ayında kənd təsərrüfatı istehsalı 3,8 faiz azalıb. ÜDM-də kənd təsərrüfatının xüsusi çəkisi 4,7 faiz olub. Ixracatda aqrar sektorun payının bir faizə çatmaması isə əmək qabiliyyətli əhalinin 38 faizə qədərinin çalışdığı bir sektor üçün əsl həyəcan siqnalıdır.
Bu sahədə istehsalın artımı toxum, gübrə və cairə ilə yanaşı texniki resurslara olan tələbatın ödənilməsindən bilavasitə asılı olmaqla yanaşı, həm də onlardan səmərəli şəkildə istifadə edilməsi ilə də sıx bağlıdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dövrlərdə respublikanın kənd təsərrüfatının maşın-traktor parkının əsas hissəsini sovetlər dövründən qalmış texnikalar təşkil edirdi. Onların əksəriyyətinin istismar müddəti başa çatmışdı. 1998-2004-cü illər ərzində respublikaya gətirilən 798 ədəd kənd təsərrüfatı texnikası isə tələbatı ödəmirdi. Sahibkarların kənd təssərüfatı texnikası ilə təmin edilməsi məqsədilə 2004-cü ildə ?Aqrolizinq? ASC yaradılıb. 2005-2009-cu illər üzrə "Aqrolizinq" ASC-yə Dövlət büdcəsindən və digər mənbələrdən 221,26 milyon manat maliyyə vəsaiti ayrılıb. Bu məbləğin 133,0 milyon manatı dövlət büdcəsindən, 47,5 milyon manatı dövlət büdcəsindən əsaslı vəsait qoyuluşundan (Dövlət İnvestisiya fondu),10,76 milyon manatı Tərəfdaşlıq Fondundan və digər mənbələrin vəsaitindən, 30,0 milyon manatı Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan verilib.
Ayrılmış və təkrar istifadə vəsait hesabına 17.02.2010-cu il tarixə ölkəyə 990 taxılyığan kombayn, 3003 traktor, 140 ədəd ekskavator, 5779 ədəd kənd təsərrüfatı texnikası, 46 ədəd texnoloji avadanlıq və lazım olan ehtiyat hissələri gətirilib. 2010-cu ilin dövlət büdcəsində ?Aqrolizinq? ASC üçün ayrılan vəsaitin həcmi isə 35 milyon manat (600 texnika alınacaq) olub. Bu, investisiyaların ümumi həcmində (2010-cu ildə 4,1 milyard manat) 0,83 faizdir. Amma inkişaf etmiş ölkələrdə lizinqin payı investisiyaların ümumi həcmində kifayət qədər yüksəkdir. ABŞ üzrə bu göstərici 27, Böyük Britaniya üzrə 20, Avropa ölkələri üzrə isə təqribən 8 faiz təşkil edir. Cöründüyü kimi fərq böyükdür və o Azərbaycanda kənd təsərrüfatına münasibətin göstəricisidir.
Fermerlərə texnikanın verilməsi Yaponiya qrantları hesabına da təmin edılıb. ?Aztəminatlı fermerlərə qrant yardımı? layihəsi üzrə 1998-2003-cü ildə 773 ədəd kənd təsərrüfatı texnikası alınaraq lizinq yolu ilə fermerlərə icarəyə verilib. Həmin texnikaların istifadəsindən Tərəfdaşlıq Fonduna yığılmış 8,7 milyon manat vəsait hesabına sonrakı illərdə də kənd təsərrüfatı texnikası alınıb. Texnikaların ümumi dəyəri isə 13,1 milyon manat olub.
KƏND TƏSƏRRÜFATI SEKTORUNA XİDMƏT DÖVLƏTİN ƏLİNDƏDİR
Kənd təsərrüfatı texnikasının alınması və gətirilməsinin dövlət büdcəsindən maliyyələşdirilməsi isə göstərir ki, kənd təsərrüfatı istehsalı indi özəl sektorda formalaşsa da, bu sektora xidmət dövlətin əlindədir, yəni onun monopoliyasındadır. Bunun nəticəsində texnikanın gətirilməsi bəzən tələbata uyğun həyata keçirilmir. Ehtiyacın qiymətləndirilməsi ilə bağlı heç bir sistem yoxdur. Hansı texnikanın hansı sayda gətirilməsində icmaların fikirləri nəzərə alınmır. İqtisadçı Rövşən Ağayev bildirir ki, inkişaf etmiş ölkələrdə bu tip layihələrin həyata keçirilməsində dövlətin xüsusi məqsədli proqramları olur. ?Bu məqsədli proqramlar vəsaitlərin birbaşa səmərəli istifadəsinə yönəlir. Məsələn, hökumət ölkənin texniki ehtiyacının nədən ibarət olduğunu təhlıl edir, hər min hektara düşən kombayn, traktor və c. texnikaların sayını araşdırır, hansı texnikalara ehtiyac olduğunu və bu məqsədlə sərf ediləcək vəsaiti müəyyənləşdirir. Proqramda bu vəsaitlərin hansı hissəsinin dövlət tərəfindən, hansı hissəsinin beynəlxalq donorlar və qeyri-büdcə fondlarından ayrılacağı öz əksini tapır. Azərbaycanda isə belə bir proqram yoxdur. Texnikanın gətirilməsı kortəbii xarakter daşıyır. Hələ də sovet dövründən qalma istehsal münasibətləri: dövlət-fermer münasibətləri qalır ?.
Nəticədə ?Aqrolizinq? ASC-nin sərancamında olan kənd təsərrüfatı texnikasının bir hissəsi istifadəsiz qalır. Alınmış texnikanın yalnız 38,9 faizi lizinqə verilib. 46,5 faizi istifadə üçün aqroservislərə paylanıb. 13,6 faizi bazalarda istifadəsiz qalıb. Bu isə o deməkdir ki, 1293 kənd təsərrüfatı texnikası bazalarda çürüyür və onlara görə ödənilən vəsaitlər isə səmərəsiz xərclənib. Ümumilikdə texnikanın 40 faizi ya keyfiyyətsizlik, ya da tələbata cavab verməməsi üzündən anbarlarda qalıb.
Deməli, tələbatdan çox artıq sayda və ehtiyac duyulmayan texnikalar da gətirilib. Sıradan çıxan və köhnəlmiş texnikalar ölkəyə gətirilən texnikaları sayca üstələyir. Bu şəraitdə daha çox ehtiyac duyulan texnika həddən ziyadə yüklənir. Hazırda Azərbaycanda hər min hektar torpağa düşən işləyən traktorların sayı təxminən 8-10 arasındadır. Orta hesabla bu, orta Avropa göstəricilərindən təxminən 8-10 dəfə aşdır. Hər min hektara düşən kombaynların sayına görə isə Azərbaycan Avropa ölkələrindən 5-6 dəfə geridə qalır. Odur ki, texniki potensialın bərpası, mövcud texnikadan səmərəli istifadə qarşıda son dərəcə vacib problem kimi dayanır. Bu problemin həllinə nail olmadan aqrar sahənin perspektiv inkişafından danışmaq çətindir. Əslində idarəetmə dəyişdikdə, torpaq xüsusi mülkiyyətə verildikdə, kənd təsərrüfatı texnikası servislərinin yaradılması və idarəolunması sistemi də dövlət monopoliyasına deyil, özəl sektora verilməli idi. Amma yuxarıda göründüyü kimi bu baş vermədi. Belə olan halda isə kənd təsərrüfatı texnikasının alınmasına yönəldilən vəsait problemin həllində dönüş yaratmayacaq, texnikadan isə səmərəli istifadə olunmayacaq. ?Halbuki bu sistemdən səmərəli istifadə etmək üçün ehtiyaclılığın qiymətləndirilməsi və monitorinq sistemi qurulmalı idi. Əks halda texnikanın yararsız vəziyyətə düşməsi davam edəcək?,- iqtisadçı Rövşən Ağayev deyib.
LİZİNQ ŞƏRTLƏRİ AĞIRDIR
?Aqrolizinq? ASC xətti ilə gətirilən kənd təsərrüfatı texnikasının bazalarda çürüməyə tərk edilməsinin səbəblərindən biri də onların qiymətlərinin yüksək və lizinq şərtlərinin ağır olması ilə bağlıdır. Nazirlər Kabinetinin yeni şərtlərinə əsasən, lizinq müqaviləsinin məbləği 40 min manatı keçərsə, ilkin ödəniş 10 faiz, ondan az olarsa, 20 faizdir. Əvvəllər ilkin ödəniş texnikanın qiymətindən asılı olmayaraq 20 faiz idi. Amma yeni şərtlər də fermerlərin və sahibkarların imkanları xaricindədir. Bu, ?Aqrolizlnq? ASC-nin sədri Ə.Bayramovun sözlərindən də aydın görünür. O bildirib kı, traktorların qiymətləri xərcləri ilə birlikdə markasından asılı olaraq 23-28 min manatdır. ?Kombaynların qiymətləri də modifikasiyasından və istehsalçı ölkələrdən asılıdır. Rusiyada istehsal edilən kombaynlar 57-60 min manata satılır. Finlandiya istehsalı olanlar 80 min manat, alman istehsalı olan texnikanın qiyməti isə 120-150 min avrodur?,- o deyib.
Belə bahalı texnikaların Azərbaycana gətirilməsi isə sərfəli deyil. Çünki bahalı texnikanın dəyərini ödəmək əksər fermerlərin imkanları xaricindədir. Hazırda kombaynların yalnız biçin mövsümündə işə yaraması və qiymətinin baha olması səbəbindən cəmi 10 faizi liziqə verilib. Ümumiyyətlə, kiçik fermer təsərrüfatları üçün bahalı texnikanın alınması qeyri-mümkündür. Masallı rayonunun Hacıtəpə kəndində yaşayan Adıgözəl Adilov bildirdi ki, torpaq islahatı zamanı ona 7 hektar düşüb. ?Bu il torpaq sahəsinin bir hissəsinə tərəvəz əkmişdim. Məhsul yetişəndə badımcanın kisəsi 40-50 qəpiyə satılırdı. Nəqliyyat, gübrə və s. xərcləri hesablayanda xeylı ziyana düşdüm. Növbəti il bütün sahəyə yonca səpməyi düşünürəm. Bizdə pul hardadı ki, 25 min manat verib traktor, 50 min manat verib kombayn alaq?.
Adilov bir kombayn almaq üçün indiki qiymətlə təqribən 180-200 non taxıl, 120 ton badımcan satmalıdır. Belə olan halda kiçik təsərrüfatlarda fermerlər əsasən köhnə texnikalardan istifadə etmək məcburiyyətində qalırlar. Hələ də sovet dövründə istehsal olunmuş 19 min müxtəlif adda texnikadan istifadə olunur. ?Fermerlərin əksəriyyəti 55 rayonda yaradılmış ?Aqroservis? mərkəzlərindəki texnikanın xidmətindən istifadə edə bilmədiklərindən köhnə texnikanın xidmətindən yararlanmağa məcbur olurlar. Bu isə əlavə xərc və məhsulun 15-20 faiz itkisi deməkdir?,-Əli Bayramov deyib.
Maraqlıdır ki, bu günədək elə iri kəndlər var ki, lizinq yolu ilə heç bir texnika ala bilməyib. Məsələn, Qəbələ rayonunun Əmirvan kəndi kimi. Texnikadan isə iri torpaq sahibləri və məmurlar istifadə edirlər
AZƏRBAYCANDA XIRDA TƏSƏRRÜFATLAR TEXNİKADAN SƏMƏRƏLİ İSTİFADƏYƏ İMKAN VERMİR
Yeni texnikalar isə 1-2 hektar (orta hesabla hər ailəyə 2 hektar torpaq sahəsi düşür) üçün deyil, daha böyük sahələr üçün nəzərdə tutulur. Kənd təsərrüfatının xırda fermer təsərrüfatlardan ibarət olması da texnikadan səmərəsiz istifadənin əsas cəbəblərindən biridir. Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanda normal şəkildə kənd təsərrüfatının effektiv fəaliyyət göstərməsi üçün iri fermer təsərrüfatlarına ehtiyac var. Bir fermer təsərrüfatına düşən torpaq sahəsinin həcmi hardasa 30 hektardan çox olmalıdır. Böyük həcmli təsərrüfatın yaranması, xırda həcmli təsərrüfatın yaradılmasından daha faydalıdır. Onlar yeri gələndə öz potensiallarını istifadə edə bilirlər. Bu isə imkan verir ki, texnikadan səmərəli istifadə edilsin. Deməli, kiçik ailə təsərrüfatları çox səmərəsis strukturdur. Belə bir vəziyyətdə Azərbaycanda fermer təsərrüfatı haqqında qanun da yoxdur. Əslində bu sahədə qanunvericiliyin olmaması çox ciddi problemdir, çünki hüquqi münasibətlərin tənzimlənməsi baxımından çox mühüm məsələləri həmin qanun həll edə bilər. Onun köməyi ilə fermet təsərrüfatlarının könüllü şəkildə birləşməsi mümkün olardı. Belə təsərrüfatlarda kənd təsərrüfatı texnikalarının istifadəsi də səmərəlidir. Maddi imkanlar da kiçik təsərrüfatlara nisbətən daha genişdir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da Azərbaycanda torpaqlardan daha səmərəli istifadə etmək üçün kiçik fermer təsərrüfatlarının birləşdirilməsinin tərəfdarıdır: "Torpaqların birləşdirilməsi ondan daha səmərəli istifadə yollarından biridir. Bu, həm də yeni texnikanın, avadanlığın tətbiqi baxımdan olduqca məqsədəuyğundur".
Qeyd edək ki, ölkədə aparılan torpaq islahatı nəticəsində 870 832 ailə (3,4 milyon subyekt) torpaq mülkiyyətçisinə çevrilib və 2032 kolxoz və sovxoz ləğv edildib.
Kiçik torpaq sahələri lizinqə verilmiş texnikaya görə vəsaitin yığılmasında da ciddi problemdir: ?Bəzən iqlim şəraitinin əlverişli olmaması, məhsuldarlığın azalması və kiçik torpaq sahələri ödəmələrə mənfi təsir edir?, -Əli Bayramov deyib. Əkinə yararlı torpaq sahələrinin az olması fermerlərin götürdüyü məhsulun həcminə, qazancın miqdarına mənfi təsir göstərir. Nəticədə ödənişlər vaxtında aparılmadığına görə texnika (12 texnika) sahibindən geri alınıb.
NƏZARƏT SİSTEMİ ZƏİFDİR
Kənd təsərrüfatı texnikalarıdan səmərəsiz istifadəyə nəzarətsizlik də səbəb olur.
?Dövlətin malı, yağının malı? kimi sovet dövründən qalma psixologiya hələ də qalır. Vəziyyət o hala çatıb ki, texnikanın ?Aqroservis? ("Aqrolizinq"in rayonlarda yaratdığı strukturlar - red.) müdirlərinə, onlar da cəmiyyətin yaratdığı mexanikləşdirilmiş dəstələrin rəhbərlərinin istifadəsinə verməsi adi hal alıb. Həmin şəxslər isə texnikanı öz təsərrüfatlarında istifadə edir, istifadə haqqının bir hissəsini ödəməyirlər. Bu, bir növ dövlət vəsaitinin mənimsənilməsinə şərait yaradır. ?Aqrolizinq? ASC-nin Aran bölgəsi üzrə lojistik mərkəzinə başçılıq etmiş Şakir Həsənovun adının külli miqdarda yeyintidə hallanması bunun açıq göstəricisidir. Hələ 2008-ci ildə sözügedən qurumda 1,2 milyon manatlıq yeyinti faktı aşkarlanıb. ?Aqrolizinq?in Bərdə filialının rəhbərinin isə 160 min manat dövlət vəsaitinin mənimsədiyi aşkar edilib. Prezident Administrasiyası Dövlət Nəzarət Şöbəsinin arayışında ?Aqrolizinqin? Saatlı, Tərtər, Kürdəmir, İmişli, Biləsuvar və başqa rayonlarındakı filiallarında 4.3 milyon manatdan çox büdcə vəsaitinin mənimsənildiyi öz əksini tapıb. Məmurlar tərəfindən şəxsi məqsədlər üçün istifadə olunmuş texnikalar isə lizinqə verilmədən yararsız vəziyyətə salınıb.
Maraqlıdır ki, dövlət vəsaitinin özünküləşdirilməsi üçün yollardan biri də texnikanın təmiri ilə bağlıdır. Nəzarət şöbəsi yazır: ?2008-ci il avqustun 26-da ?Xəzər Sənaye Quraşdırma? müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən kombaynların təmirinə 52 274 manat pul köçürülüb. Sənədlərdən belə məlum olur ki, həmin müəssisə 33 rayonda 250 kombaynı cəmi üç günə təmir edib. Bu hal və təmirə dair aktların telefon məlumatları əsasında Cəmiyyətdə tərtib edilməsi onların doğruluğuna şübhələr yaradır?.
?Aqrolizinq? ASC ilə bağlı nəzarətsizlik yalnız bununla bitmir. Xaricdən texnika gətirilərkən bəzi qanunsuzluqlar da ortaya çıxıb. Məsələn, ?Aqrolizinq? ASC-dən verilən məlumata görə, 2005-2009-cu illərdə Azərbaycana 100.1 milyon manat dəyərində 8085 ədəd texnika gətirilib. Qanuna əsasən ölkəyə gətirilən mallar gömrükdən keçməlidir. Lakin Gömrük Komitəsi həmin dövrdə ölkəyə 84.9 milyon manatlıq 6089 ədəd texnika gətirilməsi haqqında rəsmi məlumat verib. Yəni, Cəmiyyət rəsmi elan etdiyindən 15.2 milyon manatlıq 1996 ədəd az texnika gətirib. Həmin vəsait isə kimlərinsə cibinə axıb. Nəzarətsizlik texnikanın alınması və gətirilməsində də özünü göstərir. Bu proses tender vasitəsilə həyata keçirilməlidir. ?Aqrolizinq? ASC son beş ildə 127.7 milyon manat məbləğində 91 tendersiz müqavilə imzalayıb. Səhmdar cəmiyyəti satınalmalar üzrə 140 milyon manat məbləğində 66 müqaviləni isə birbaşa texnika, avadanlıq, damazlıq mal-qara, gübrə, toxum istehsalçıları ilə yox, Marşal, Virciniya adaları, Panama, Beliz, Yeni Zelandiya, Dominikan və başqa ölkələrdə qeydiyyatda olan vasitəçi firmalarla bağlayıb. Halbuki dəyəri 50 min manatdan çox olan bütün iş və xidmətlər ?Dövlət satınalmaları haqqında? Qanunun 17.1-ci maddəsinin müddəalarına əsasən açıq tender üsulu ilə keçirilməlidir.
Tendersiz müqavilələr isə açıq-aydın gizli maliyyə sxemlərindən və xarici şirkətləri cəlb etməklə maliyyə maxinasiyalarından xəbər verir. Bu açıq -aşkar göstərir ki, texnikaların alınmasında çox böyük qeyri -şəfaf və nəzarətsizlik mühiti var. Nəzarətsizlik nəticəsində bir tərəfdən dövlətin vəsati mənimsənilir, digər tərəfdən texnika şəxsi məqsədlər üçün istifadə edilir, onlara yağının malı kimi yanaşılır, sonradan isə bir tərəfə atılıb çürüməyə tərk edilir. Digər tərəfdən isə tendersız müqavilələr əsasında keyfiyyətsiz texnikalar gətirilir. Əslində burda qəribə heç nə yoxdur. Azərbaycanda dövlət vəsaiti talandığına, texnikanı yararsız vəziyyətə saldığına görə kiminsə günahlandırılması praktikasına çox az hallarda təsadüf olunur.
PRİBALTİKA TƏCRÜBƏSİ
Bəs hökumət hansı yolu tutmalı idi? ?Pribaltika ölkələrində çox maraqlı təcrübə var. Onlar ?Aqrolizinq? ASC yaratmaqdansa, dünyada kənd təssərüfatı texnikası isehsalı ilə məşğul olan ən qabaqcıl şirkətlərlə (onlara müəyyən güzəştlər tədbiq edılır) danışıqlar aparıb və həmin şirkətlərin filiallarını, satış mərkəzlərini ölkədə yaradıb. Bu, fermerlərin həm qiymət, həm də keyfiyyət baxımından daha geniş seçim imkanları yaradıb. Belə olan halda onların texnika almaq üçün əlavə xərclər çəkməyə, vaxt itirməsinə ehtiyac qalmır. Digər tərəfdən fermerlər artıq texnikanın keyfiyyətini yerində görə bilmək imkanı qazanır. Burda ən böyük üstünlük odur ki, seçim imkanları genişdir. Yəni bazar prinsiplərinə uyğun olaraq, sahibkarların eyni markalı, eyni funksiyanı yerinə yetirən bir neçə texnikanı seçmək imkanı olur. Belə rəqabət mühitində şirkətlər öz məhsullarını satmaq üçün daha ucuz və keyfiyyətli texnika təklıf etməli olurlar. Artıq şişirdilmış qiymətlərə də ehtiyac qalmır. Cünki belə rəqabət mühitində şirkətlər öz məhsullarını satmaq üçün daha ucuz və keyfiyyətli texnika təklıf etməli olurlar. Beləliklə, hökumət birbaşa satış işiylə məşğul olmaq kimi funksiyasından da azad olunmuş olur. Bu, həm büdcə vəsaitinin mənimsənilməsinin qarşısını alır, həm də texnikanın səmərəsiz istifadəsinin. Rövşən Ağayev bildirir ki, Latviyada, fermerlərə verilən texnikanın dəyərinin 20-30 faizi dövlət tərəfindən ödənilir. Eyni zamanda texnikalar lizinqə daha uzun müddətə, 30-50 il müddətinə verilir.
Onun sözlərinə görə, Azərbaycan hökumətinin ən böyük xidməti o olardı ki, bu təcrübədən yararlabaraq kənd təsərrüfatı texnikasının istehalı üzrə ixtisaslaşmış xariçi şirkətlərin satış mərkəzlərini ölkə ərazisində yarada idi. ?Bunun əvəzində Azərbaycanda ?Aqrolizinq?ASC yaradıldı və texnikanın alınması, bölüşdürülməsi, paylaşdırılması vahid bir xətdə birləşdirildi. Burada vəsaitlərin paylaşdırılmasında heç bir şəffaflığın təmin olunması praktik olaraq mümkün deyil?.
İqtisadçı bildirdi ki, ötən əsirin 80-ci və 90-cı illərdə istehsal olunmuş və fermerlərə verilmiş texnika bu gün də istifadə olunur. ?Sahibkar şəxsı mülkiyəti olduğundan onun üzərində əsir, onun işlək vəziyyətdə saxlamağa çalışır. Amma 1-2 il bundan qabaq lizinq vasitəsilə gətirilmiş texnikaların halına baxın. Bu müqayisə onu göstərir ki, texniqanı lizinq vasitəsilə fermerlərə birbaşa vermək daha düzgün idi. Çox təəssüf ki bunların heç biri olmadığından, ölkədə indiki situasiya yaranıb. Hökumət artıq 5 ildir ki ?Aqrolizinq? ASC yaradıb, hələ də aqrar sektorun texnika ilə normal təminatından danışmaq mümkün deyıl. Bu sahədə heç bir şəffaflıq olmadığına görə, bu qədər pulun xərclənməsi nəticəsiz qalıb. Bir tərəfdə texnikalar bazalarda istifadəsiz qalıb, dıgər tərəfdən də sahələrdə onlar çatışmır?,- o deyib.
KƏND TƏSƏRRÜFATI BANKININ YARADILMASINA EHTİYAC VAR
Bu sahədə yaranmış problemlər isə xüsusi ixtisaslaşmış aqrar bankların yaradılmasını gündəmə gətirib. Fermerlər texnika almaq üçün vəsait problemlərini onun köməyi ilə həll edə bilərlər. Düzdür, ayrı-ayrı banklar fermerlərə texnika almaq üçün kredit verə bilər, lakin iqtisadiyyata yönəldilmiş əsaslı vəsait qoyuluşlarının cəmi 2 faizə qədəri kənd təsərrüfatına yönəldilir. Eyni zamanda Mərkəzi Bankın məlumatına görə iqtisadiyyata banklar tərəfindən yönəldilmiş kreditlərin cəmi 3 faizindən kənd təsərrüfatı istifadə edə bilir. Yəni bu onu göstərir ki, nə investisiyaların, nə də kreditlərin yönəldilməsi baxımından aqrar sahə prioritet görünmür. Kənd təsərrüfatı texnikasının alınmasını maliyyələşdirmək üçün ayrı-ayrı bankların xidmətindən çox, bu sahə üçün ayrıca bankın mövcudluğu çox önəmlidir. Dövlət ilk dövrdə yeni yaradılacaq bankın nizamlanma kapitalında 30-35 faizlə də təmsil oluna bilər. Amma o öhdəlik götürə bilər ki, ilk beş il ərzində həmin bank özəlləşdiriləcək. İndiki mərhələdə verilən kreditlərin faizi də simvolik olmalıdır. Belə olan halda sahibkarlar kənd təsərrüfatı texnikasının alınmasına maraq göstərər, lizinqə verilən texnikanın sayı da artar, məhsuldarlıq da.
Beləliklə, kənd təsərrüfatı istehsalı özəl sektorda formalaşsa da, bu sektora xidmət dövlətin monopoliyasındadır. Ehtiyacın qiymətləndirilməsi ilə bağlı xüsusi proqram yoxdur. Hansı texnikanın hansı sayda gətirilməsində icmaların fikirləri nəzərə alınmır. Kənd təsərrüfatı texnikasının qiyməti yüksək, lizinqə verilmə şərtləri ağırdır. Xırda təsərrüfatlar texnikadan səmərəli istifadəyə imkan vermir və texnikadan istifadəyə nəzarətsizlik mövcuddur. Nə investisiyaların, nə də kreditlərin yönəldilməsi baxımından aqrar sahə prioritet görünmür. Qanunvericiluk bazası zəifdir.
Birinci növbədə isə yuxarıda qeyd edilən problemlər həll edilməlidir. Əks halda ölkənin kəndləri boşalacaq. Azərbaycan xaricdən idxal olunan kənd təsərrüfatı məhsullarından asılı vəziyyətə düşəcək. Heç də çox böyük həcmdə investisiya tələb etməyən aqrar sektorun inkişaf etdirilməsi günün əsas sualı olmalıdır. Bu həm dövlət büdcəsinin neftdən aslılığını azaldar, həm də əhalinin maddi durumunu yaxşılaşdırar.
Pünhan Əfəndiyev
?ACI-YF musabisi uchun?