Nazirlər Kabineti 6 xəstəlik üzrə tədbirlər planını təsdiq edib

img

30-11-2010 [06:07]


Nazirlər Kabineti ?2011-2015-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı?nı təsdiq edib. Nazirlər Kabinetindən verilən məlumata görə, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etmək tapşırılıb. Tədbirlər Proqramında qeyd olunur ki, dünya əhalisi arasında xroniki böyrək çatışmazlığı (XBÇ) və bu səbəbdən dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrdə bir milyon əhalidən 800-1200 nəfərində XBÇ müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır. Nazirlər Kabinetinin 2006-cı il 19 iyul tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş ?Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı?nın həyata keçirilməsi nəticəsində bu xəstələrin aşkar olunması və aktiv müalicəyə cəlb olunması, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı mümkün olub. Hazırda Azərbaycanda fəaliyyət göstərən 20 hemodializ mərkəzində (onlardan 13-ü regionlarda, 7-si Bakı şəhərində) 1500-dən çox xəstə dövlət vəsaiti hesabına proqram üzrə hemodializ müalicəsi qəbul edir. Müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması ilə yanaşı, eyni zamanda dializ alan xəstələrin sayı hər il 21-25% artmaqdadır. Respublikada böyrək və digər orqanların transplantasiyası olunmuş 300-ə qədər xəstə qeydiyyatdadır və onların da mütəmadi müayinəsi və kifayət qədər maliyyə vəsaiti tələb edən immunosupressiv müalicəsi dövlət büdcəsi hesabına ödənilir. Xəstələrin sayının artması yeni mərkəzlərin yaradılmasını, onların mütəmadi dərman təminatını və davamlı müalicə məsrəflərini zəruri edir. Bundan əlavə, "2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı", ?2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immuno-profilaktikasına dair Tədbirlər Proqramı?, "2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı", "2011-2015-ci illər üçün talassemiyanın müalicə və profilaktikası üzrə Tədbirlər Proqramı" və"2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı" da təsdiqlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA