Azərbaycanda çörəyin qiyməti 40 qəpik ola bilər

img

25-08-2010 [02:25]


Avqustun 23-də dünya bazarında taxılın qiyməti 13,5 sent və ya 2% artıb. Taxılın ixracına dair dekabr müqavilələri artıq 1 buşel üzrə 7,25 ABŞ dolları (və ya 1 kq üçün 26,9 sent) qiyməti ilə bağlanılır. Taxılın bahalaşmasına əsas səbəb kimi Rusiyada baş vermiş yanğınlar nəticəsində 10 mln. hektar taxıl sahəsinin məhv olması qeyd edilir. Xatırladaq ki, bunun nəticəsində Rusiya hökuməti 2010-cu ilin sonuna kimi taxılın ixracına embarqo qoyub. Məlumat üçün onu da bildirək ki, bu il Rusiyada 60 mln. ton taxıl yığılacağı gözlənilir. Daxili ehtiyatlar hazırda 21-24 mln. tona bərabərdir, daxili istehlak 77-78 mln. ton təşkil edir. Bu arada dünya bazarında taxılın bahalaşması qonşu ölkələrdə çörəyin və unun qiymətinə təsir göstərib. Konkret olaraq Gürcüstanda çörək 10-15 tetri, un kisələri 15 lari bahalaşıb. Türkiyədə isə hökümət Ramazan ayının başa çatmasını gözləyir. Belə ki, Ramazandan sonra çörəyin qiyməti qaldırılacaq. Bu barədə əhaliyə xəbərdarlıq da edilib. Azərbaycana gəlincə, ötən illə müqayisədə daxili istehsal 15 faiz azalsa da Kənd Təsərrüfatı Nazirliyi taxıl qıtlığı və qiymət artımları ilə bağlı narahatçılıqları əsassız sayır. Araşdırmalar və müşahidələr isə əksinə çörəkbişirmə sənayesində gizli inflyasiyanın baş verdiyini göstərir. Son iki həftədə çörəyin çəkisi 200 qrama yaxın azaldılıb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, dünya bazarında taxılın qiymətinin bahalaşması cari ildə taxıl istehsalının aşağı düşməsi ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, ucuz taxıl istehsalçıları öz məhsullarını artıq dünya bazarında deyil, daxildə satmağa üstünlük verirlər: ?Əvəllər dünya bazarına taxıl çıxarılmasında əhəmiyyətli yerlərdən birinə malik olan Rusiya artıq 2010-cu ildə taxıl ixracına qadağa qoyub. Məsələ yalnız Rusiyanın taxıl ixracına qadağa qoymasında deyil. Rusiya həmçinin Qazaxıstandan 5 milyon ton taxıl idxal etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, Rusiyada müşahidə edilən taxıl qıtlığı dünya və region bazarlarına təsir göstərməkdədir?. Dünyada taxıl istehsalı azalıb Bütövlükdə dünyada taxıl istehsalının 4 faiz azaldığını vurğulayan iqtisadçı deyir ki, bu barədə ABŞ-ın ?Blomberq? agentliyi məlumat yayıb: ?Göründüyü kimi Rusiyada taxıl istehsalının azalması dünyada taxıl istehsalının hələlik 4 faiz aşağı düşməsinə səbəb olub. Güman edilir ki, biçim mövsümü tam başa çatdıqdan sonra dünya üzrə taxıl istehsalında azalmaların həcmi 4 faizdən də artıq olacaq. Çünki, təkcə Rusiyada deyil, dünyanın ən böyük taxıl istehsalçısı olan Çində taxıl istehsalının azalması qeydə alınıb. Çin hökümətinin rəsmi məlumatına görə, ölkədə taxıl istehsalı 7 fazi aşağı düşüb. Hansıki, bu dünya bazarına təsirsiz ötüşməyə bilməz. Bütün bunları nəzərə alsaq dünya bazarında qiymət artımları gözlənilən idi?. Dünya bazarındakı qiymət artımlarının Azərbaycana təsirlərinə gəlincə, V.Bayramov bildirir ki, daxili istehsal ölkənin taxıla olan tələbatın ödənilməsinə imkan vermir: ?Bu baxımdan Azərbaycan taxıl idxal etmək məcburiyyətindədir. Taxılın bahalaşması, Nazirlər Kabinetinin taxıl idxalına əlavə dəyər vergisinin ləğv olunması ilə bağlı qərarının yubanması ölkəyə idxal edilən taxılın qiymətinin kəskin artmasına gətirib çıxaracaq. Bu da ölkədə istehsal olunan çörəyin qiymətinə təsirsiz ötüşməyəcək?. Çörəyin keyfiyyəti aşağı düşüb İqtisadçının fikrincə, 2010-cu ildə idxaldan asılılığın artması praktik olaraq ölkədə taxılın qiymətinə təsir edəcək: ?Daxili istehsalın aşağı düşməsi, Rusiyanın ilin sonuna qədər taxıl ixracına qadağa qoyması, eləcə də Qazaxıstanın ixracın həcmini azaltması Azərbaycanın ucuz taxıl idxal etmək imkanlarının məhdudlaşdırıb. Ölkəyə idxal olunan taxıl məhsullarının daha baha olması güman edilir. Yaxın günlərdə çörəyin qiymətində artımlar istisna edilmir?. Mütəxəssis sentyabrda çörəyin qiymətinin 35 qəpiyə qədər yüksələcəyini istisna etmir: ?Əgər dünya bazarında artımlar davam edərsə, ilin sonuna qədər Azərbaycanda standart çörəyin qiyməti 40 qəpik olacaq. Qiymət artımlarına qarşı inzibati müdaxilələr olsa çörəyin qiymətinin və ya çəkisinin azaldılmasına gediləcək. Artıq çörəyin keyfiyyətinin azaldılması müşahidə edilməkdədir. Bu da taxıl qıtlığının psixoloji təsirləri ilə bağılıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA