?Bəzi Qərb dövlətləri səhmlərin Azərbaycan zirkəti tərəfindən alınmasında maraqlı deyillər?

img

23-08-2010 [02:48]


Gürcüstan höküməti Şimal-Cənub magistral qaz kəmərinin səhmlərinin bir hissəsini özəlləşdirməyə çıxarmaq barədə fikrini dəyişib. Bu barədə Gürcüstanın energetika naziri Aleksandr Xetaqari açıqlama verib. Maraqlıdır ki, nazir kəməri satmaq fikirlərini hansı səbəbdən dəyişmələrinə aydınlıq gətirməyib. Lakin bəlli olub ki, bu ilin sonu gələn ilin əvvəli üçün planlaşdırılan tender təxirə salınıb. Onu da nəzərə çatdıraq ki, Gürcüstan hökümətində kəmərin səhmlərinin özəlləşdirilməsi ilə bağlı fikir ayrılıqları var. O cümlədən Qərb də qaz kəmərin səhmlərinin satışa çıxarılmasının əleyhinədir. 3 il əvvəl analoji məsələ gündəmə gələrkən ABŞ höküməti ?Minilliyin çağırışı? layihəsi çərçivəsində kəmərin reabilitasiyasına 300 milyon dollar vəsait ayırmışdı. Xatırladaq ki, Gürcüstan o zaman boru kəmərinin köhnəlməsi və reabilitasiyaya ehtiyacı olması səbəbindən səhmlərini satışa çıxarmaq istəyirdi Bu arada hazırki şəraitdə qaz kəmərinin özəlləşdirilməsində əsas maraqlı tərəflər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın ?Qazprom?şirkəti idi. Qeyd edək ki, ARDNŞ rəhbərliyi dəfələrlə bəyanatlarında səhmlərin alınmasına böyük maraq göstərdiklərini bildiriblər. Yeri gəlmişkən, həmin ərəfədə qonşu ölkənin mətbuatı səhmləri almaq üçün Azərbaycanın Gürcüstan hökümətinə kifayət qədər böyük həcmdə vəsait təklif etdiyini yazırdı. Diqqəti çəkən isə indiyə qədər ARDNŞ-ın bu xəbərləri nə təsdiq, nə də təkzib etməsidir. Şirkət həmçinin kəmərin alınması üçün tenderdə irəli sürəcəyi məbləği də açıqlamayıb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qaz kəmərinin səhmlərinin özəlləşdirməyə çıxarılmasının təxirə salınmasının iki səbəb olduğunu deyir: ?Onlardan birincisi Rusiyanın ?Qazprom? şirkətinin fəal şəkildə səhmlərin alınmasında iştirak etmək niyyətidir. Hansıki, bu Gürcüstan hökümətində müəyyən narahatçılıq yaradıb. Qonşu ölkənin rəsmiləri hesab edir ki, səhmlərin ?Qazprom? tərəfindən alınması gələcəkdə həmin kəmərdən Gürcüstana qarşı istifadə edilmə imkanlarını artırır. Ümumiyyətlə Gürcüstan Rusiyanın səhmləri alacağından ehtiyat edir. Baxmayaraq, bu ehtiyatlılıq bir neçə il əvvəl də vat idi. Lakin o zaman Gürcüstan hökümətinin özü bildirmişdi ki, söhbət kəmərin 15 faizlik hissəsinin satışından gedir?. İqtisadçı onu da xatırladır ki, 2006-ci ildə Rusiya sözügedən kəmərin alınması ilə bağlı Gürcüstana 250 milyon dollar təklif etmişdi: ?O zaman Gürcüstan höküməti ?Qazprom?un təklifini qəbul etməmişdi. Eyni zamanda kəmər üçün ?Qazprom?dan 1 milyard dollar istəmişdilər.Qarşı tərəf bu məbləği kifayət qədər böyük rəqəm kimi qiymətləndirmişdi. Və danışıqlar bununla da dayandırılmışdı. Əslində kəmərin iqtisadi baxımdan rentabelli olması, strateji əhəmiyyətinin qorunub saxlanması üçün rentabelli qiyməti yarım milyard intervalındadır?. V.Bayramov deyir ki, Neft Şirkətinin özəlləşdirməyə çıxarılan səhmlərin alınmasında maraqlı olması, eləcə də bunun üçün artıq vəsait ödəmək niyyəti ilə bağlı məlumatlar Qərbin Gürcüstan hökümətinə təzyiqlərinin artması ilə nəticələnib. Qonşu ölkə qərarına korrektələr etmək məcburiyyətində qalıb: ?Bəzi Qərb dövlətləri səhmlərin Azərbaycan şirkəti tərəfindən alınmasında maraqlı deyillər. Güman edirlər ki, belə bir addımın atılması regionda balansın pozulmasına gətirib çıxara bilər. Eyni zamanda bu, Azərbaycanın Ermənistan üzərində strateji üstünlüyünə səbəb olcaq?. Tranzi qaz kəmərinin səhmlərinin alınmasının Azərbaycan üçün strateji əhəmiyyətinə gəlincə, ekspertin sözlərinə görə, bu Rusiyadan Ermənistana nəql edilən qaz kəmərinin Azərbaycan tərəfindən idarə olunmasına gətirib çıxaracaq: ?Azərbaycan şirkətinin kəməri alacağı halda Ermənistanın qazsız qalacağı ilə bağlı açıqlamalar sadəcə kampaniya xarakteri daşıyır. Azərbaycan və ya hər hansı bir ölkənin şirkəti kəməri aldıqdan sonra Ermənistana mavi qaz nəqlini dayandırmayacaq. Çünki, gözləniləndir ki, kəməri satan zaman mavi qazın Ermənistana nəqlinin dayandırılmaması Gürcüstan tərəfinin əsas şərtlərindən biri olsun. Amma bununla belə kəməri alan şirkət qazın tranzit tariflərini müəyyənləşdirmək hüququna malik olacaq. Bu həm də tariflərləri müəyyənləşdirərək Ermənistanda qazın qiymətinə təsir imkanı qazanmağa şərait yaradacaq?. V.Bayramov məsələnin digər iqtisadi tərəflərinin olduğnu da bildirir. Belə ki, kəmərin rentabelli olması ehtimalları böyükdür: ?Ermənistanın yaxın illərdə digər qonşu ölkələrdən qaz idxal etmək imkanları yoxdur. O baxımdan Ermənistan Rusiya qazından birmənalı şəkildə asılıdır. Rusiya qazının Erməistana nəql edilməsi yolu isə yalnız Gürcüstandan keçir. Bunları nəzərə aldıqda kəmərin rentabelli olması imkanları geniş idi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA