16-08-2010 [03:34]
[b]Vüqar Bayramov: ?İnhisarçılıq aradan qalxarsa, kənd təsərrüfatı məhsullarının qiymətləri 2 dəfə aşağı düşər?[/b]
Paytaxt bazarlarında kənd təsərrüfatı məhsullarının baha olması artıq Kənd Təsərrüfatı Nazirliyini də narahat etməyə başlayıb. Nazirliyin şöbə müdiri Sabir Vəliyev bu barədə mətbuata müsahibəsində bildirib ki, yerlərdəki qiymətlərlə bazarlardakı qiymətlər arasında bəzən 10 dəfəyədək fərq olur.
Bunun səbəbi kimi məhsulun bazarlara gətirilməsi zamanı yollarda ayrı-ayrı dövlət qurumları tərəfindən yaradılan maneələri göstərən şöbə müdiri deyib ki, ikinci problem, bazarlardakı monopolistlərdir. Hansıki, onlar kəndlini, istehsalçını bazara buraxmırlar. Həmin adamlar məhsulu ucuz qiymətə alır və bazarda qat-qat baha qiymətə satırlar. O səbəbdən də bütün bazarlarda tərəvəzin, meyvələrin qiymətləri eynidir. Hər hansı məhsul növü üzrə rəqabət şəraitinin olmadığını söyləyən S.Vəliyev bazarlarda qiymətlərin monopolistlər tərəfindən müəyyən edildiyini diqqətə catdırıb. O həmçinin qeyd edib ki, İqtisadi İnkişaf Nazirliyinin nəzdindəki İstehlak Bazarına Dövlət Nəzarəti Departamenti çox ciddi işləməlidir.
İqtisadçı-ekspert Vuqar Bayramova görə, kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı Azərbaycanda 2 formada monopoliya mövcuddur: ?Onlardan birincisi kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi ilə bağlı xarici ticarətdə tətbiq edilən manapoliyadır. Hansıki bu inhisar kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsinə məsul olan şirkətlərin sayının azalmasına,yəni ixracla məşğul olan şirkətlərin qeyri-rəsmi siyahılarının tətbiqinə gətirib çıxarıb. Sirr deyil ki, bir sıra ərzaq və kənd təsərrüfatı məhsullarını ölkəyə gətirən zaman qeyri-rəsmi icazələrin alınmalıdır?.
V.Bayramov bildirir ki, ölkəyə idxal olunan məhsullar az sayda əllərdə idarə edildiyindən bazarda inhisar qiymətlərinin müəyyənləşdirilməsinə gətirib çıxarıb: ?O baxımdan ərzaq və kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı birinci inhisar kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsində tətbiq edilən əngəllərdir. Digər inhisar yerlərdə istehsal olunan kənd təsərrüfatı məhsullarının bazarlara daxil olması zamanı yaradılan inhisarçı əngəllərdir. Əksər məhsul istehsalçıları məhsullarını paytaxtın istehlak bazarlarında birbaşa satmaq imkanına malik deyillər. Onlar istehsal etdikləri məhsulları aşağı qiymətə bazarda inhisarçı mövqeyə malik şəxslərə təhvil verirlər. Nəticədə həmin məhsullar inhisarçılar tərəfindən daha yüksək qiymətə alıcılara təklif edilir. Bundan əlavə bazarlarda saxlama kameralarının, anbarların sayının az olması kənd təsərrüfatı istehsalçılarının özlərinin bazara məhsul gətirmək imkanlarını məhdudlaşdırır. İstehsalçılar məhsullarını topdansatış qiymətinə inhisarçılara verməyə məcbur olurlar?.
Hər iki inhisar formasının bazarda qiymət artımlarına gətirib çıxardığını deyən iqtisadçı Azərbaycanda kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərini qonşu ölkələrlə müqayisə edir. Bizdə qiymətlərin xeyli yüksək olduğunu söyləyir: ?Mərkəzi Şərqi Avropa ölkələri ilə müqayisədə Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının qiymətləri olduqca yüksək hesab oluna bilər. Məsələn, mövsümdə gilas və gilanarın qiymətləri Mərkəzi Şərqi Avropa ölkələri, o cümlədən Rumıniya, Çexiya ilə müqayisədə 3 dəfəyə yaxın baha idi. Elə kənd təsərrüfatı məhsulları var ki, onların qiymətləri hətta Amerika Birləşmiş Ştatları ilə müqayisədə bahadır. Xüsusilə, giləmeyvələrin qiyməti Amerika ilə müqayisədə 2 dəfə bahadır?.
Ekspert təkcə yerli istehsal məhsullarının deyil, idxal məhsullarının da qiymətinin yüksək olduğunu vurğuladı: ?Regionda banan ən baha Azərbaycanda satılır. Böyük Britaniya ilə müqayisədə banan 3 dəfəyə yaxın bahadır. Rusiya ilə müqayisədə isə bu rəqəm 2,5 dəfə təşkil edir. Praktiki adıçəkilən məhsulların qiymətinin baha olması onların idxalındakı inhisarçılıqla bağlıdır?.
?İnhisarçılıq bazarlarda qiymətlərin diqtə edilməsinə gətirib çıxarıb? deyən V.Bayramov bildirir ki, ölkə prezidenti dəfələrlə inhisarçılığa qarşı mübarizənin aparılması istiqamətində göstəriş versə də, hökümət qurumları bu yöndə ortaya real iş qoya bilməyiblər: ?Bunun nəticəsidir ki, inhisarçılıq Bakı bazarlarında qiymətləri diqtə edən əsas faktordur?.
İnhisarçılıq aradan qaldırıldığı təqdirdə istehlak bazarlarında nələrin dəyişəcəyinə gəlincə, mütəxəssis bildirir ki, kənd təsərrüfatı məhsullarının qiymətləri tez bir zamanda aşağı düşər: ?İdxal ölkələrindəki qiymətlərin müqayisəsini və Azərbaycanda tətbiq edilən idxal rüsumlarını nəzərə alsaq inhisarçılığın aradan qaldırılması ölkədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin 2 dəfə aşağı düşməsinə səbəb olar. İnhisarçılığn aradan qaldırılması yalnız qiymət azalmalarının baş verməsinə deyil, bazarda idxal məhsullarının qıtlığının aradan qalxmasına gətirib çıxaracaq?.
İqtisadçının sözlərinə görə, inhisarçılıq aradan qalxarsa əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatı da yaxşılaşar və onlara vəsaitlərində qənaət etmək imkanı yaranar: ?Azərbaycanda gəlirlərin 70 faizi kənd təsərrüfatı məhsullarının alınmasına yönəldilir. Bu da qiymətlərin bazar tərəfindən deyil, inhisarçılar tərəfindən müəyyənləşdirilməsindən irəli gəlir. İnhisarçılığın aradan qaldırılması əhalinin yığım imkanlarını artırar?.