12-08-2010 [04:06]
Cari ilin 6 ayında Azərbaycanda inflyasiya 4,9 faiz təşkil edib. Mərkəzi Bankın məlumatına görə, 2010-cu il üçün illik inflyasiya 4,5 olacaq. O da bildirilir ki, inflyasiyanın 43.3 faizi xarici faktorlarla bağlıdır.
Bu arada Dövlət Statistika Komitəsi 2010-cu ilin iyul ayı üçün istehlak mallarının və xidmət tariflərinin statistikasını açıqlayıb. Komitə iyun ayı ilə müqayisədə ötən ay 0,2 faiz ucuzlaşma baş verdiyini bəyan edib. Qurumdan deyilir ki, ay ərzində ərzaq məhsullarının qiymətləri 0,7 faiz ucuzlaşıb.Əhaliyə göstərilən pullu xidmətlərin qiymət isə əksinə 0,9 faiz bahalaşıb. Məlum olur ki, ötən ayda ərzaq məhsullarından buğda çörəyinin, toyuq əti və toyuq budunun, təzə balığın, balıq konservlərinin, bərk və əridilmiş pendirin, kərə yağının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, alçanın, şaftalının, qarpız və yemişin, pomidorun, xiyarın, badımcanın, lobyanın, soğanın, kartofun qiymətləri ucuzlaşıb. Lakin ucuzlaşma ilə yanaşı ay ərzində bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunub.Belə ki, buğda ununun, manna və qarabaşaq yarmasının, mal və qoyun ətinin, suda bişmiş kolbasanın, pasterizə olunmamış üzlü südün, xamanın, süfrə marqarininin, brınza pendirinin, yumurtanın, zeytun və qarğıdalı yağının, limonun və sairin qiymətləri bahalaşıb. Pullu xidmətlərdən isə xaricə hava və dəmir yolu sərnişindaşıma nəqliyyatında, təhsil haqqları üzrə tariflərdə artımlar qeydə alınıb.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, ilin 1-ci yarısında 4,9 faiz inflyasiya müşahidə edən Mərkəzi Bankın illik inflyasiya həddini 4,5 faiz proqnozlaşdırması iqtisadi baxımdan qəbuledilən deyil: ?Çünki, ilin ikinci yarısında 1-ci yarısına nisbətən daha yüksək qiymətartımları proqnozlaşdırılıb. Bu onunla bağlıdır ki, ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərində iyul ayından başlayaraq qiymət artımları müşahidə edilir. Hasıki, bu da illik inflyasiya dərəcəsinin yüksək olmasına gətirib çıxaracaq?.
Cari ildə kənd təsərrüfatı məhsullarının orta qiymətinin son 10 ildə ən yüksək qiymətlər hesab edildiyini vurğulayan iqtisadçı artımların iyuldan başlayaraq müşahidə olunduğunu i bildirir: ?Bu Azərbaycanın istehlak bazarının ilin 2-ci yarısına daha yüksək qiymət artımları ilə daxil olmasından xəbər verir?.
Payız aylarında yeni qiymət artımlarını istisna etməyən ekspertin sözlərinə görə, bu həm bir sıra kənd təsərrüfatı məhsullarının mövsümi olaraq qıtlığının yaranması, həm də əməkhaqqı və pensiyaların artırılması qərarının istehlak bazarına gözlənilən müəyyən təsirləri ilə bağlı olacaq: ? O baxımdan inflyasiyanın minimum həddinin 4,5 faiz göstərilməsi real deyil. Başqa tərəfdən daxili və xarici faktorları nəsərə alsaq bu ilin 2-ci yarısında qiymət artımları 1-ci yarısına nisbətən daha yüksək olacaq?.
V.Bayramov deyir ki, Mərkəzi Bank inflyasiyada xarici faktorların payını 43,3 faiz göstərsə də, Azərbaycanda 2010-cu ildə müşahidə edilən inflyasiya heç də daha çox xarici fakorlardan irəli gəlmir:?Azərbaycanın ərzaq və qeyri-ərzaq məhsulları idxal etdiyi ölkələrdə xüsusilə ilin birinci yarısında ciddi qiymət artımları müşahidə edilməyib. Avronun məzənnəsinin aşağı düşməsi fonunda Azərbaycanın əsas tərəfdaşı olan ölkələrin valyutalarının dollara nisbətən məzənnəsi cüzi dəyişib. Bu idxal inflyasiyasının 2010-cu ilin 1-ci yarısında az aktiv olmasından xəbər verir. Başqa tərəfdən neftin dünya bazar qiyməti göstərilən tarixdə 70 dollar intervalında dəyişib. Hansıki, bu da dünya bazarında ciddi qiymət arınmlarına gətirib çıxarmır. Qlobal maliyyə böhranın davam etməsi isə dünya bazarında bahalaşmaya deyil, əksinə bir sıra məhsullar üzrə qiymətlərin düşməsinə səbəb olub?.
Bununla belə iqtisadçı xarici faktorların inflyasiyaya təsirinin 2010-cu ilin ikinci yarısında ilin 1-ci yarısına nisbətən daha aktiv olacağının proqnozlaşdırıldığını söyləyir: ?Neftin dünya bazar qiymətində artımlar müşahidə edilməkdədir. Belə ki, neftin dünya bazar qiyməti 1 barel üçün 80 dolları keçib. O cümlədən ərzaq məhsullarının qıtlığı səbəbindən Azərbaycanın əsas ərzaq məhsulları idxal etdiyi dövlətlərdə ilin 2-ci yarısından qiymət artımları gözlənilir. Artıq qonşu ölkələrdə iyuldan başlayaraq bir sıra ərzaq məhsullarının qiymətində artımlar müşahidə edilir. Bütün bunlara baxmayaraq ilin 2-ci yarısında Azərbaycanda inflyasiya daha çox daxili faktorlarla əlaqəli olacaq. Yəni kənd təsərrüfatı məhsullarının qıtlığı bazara neqativ təsir göstərəcək?.
Mütəxəssis bildirir ki, gömrük prosedurlarının sadələşdirilməməsi, ərzaq və qeyri ərzaq məhsullarının idxalı ilə bağlı problemlərin, eləcə də idxalda inhisarın qalması və ya son aylar daha da ğüclənməsi ilin 2-ci yarısında qiymət artımlarını tənzimləyən, qüvvədə saxlayan ənənəvi faktorların qüvvədə qalacağından xəbər verir: ?Müşahidələr, soğular və inflyasiyanı tənzimləyən faktorlar bu il üçün illik inflyasiyanın 8 fazidən aşağı olmayacağını göstərir.Qiymət artımları daha çox noyabr,dekabr aylarında müşahidə ediləcək?.