10-08-2010 [02:40]
Rusiya geniş yayılan quraqlığa görə avqustun 15-dən dekabrın 31-dək xarici ölkələrə taxıl ixrac etməyəcək. Diqqəti çəkən isə rəsmi Moskvanın Gömrük Birliyinə üzv olan Qazaxıstan və Belarusa da analoji addım atmaq təklifini irəli sürməyi nəzərdən keçirməsidir. Artıq məsələ ilə bağlı Rusiya İqtisadi İnkişaf Nazirliyinə tapşırıqlar verilib. Xatırladaq ki, hər iki ölkə - Qazaxıstan, Rusiya Azərbaycanın taxıl idxalında mühün paya malikdir. Nəzərə alsaq ki, bu il daxildə taxıl əkin sahələri azalıb, o cümlədən məhsuldarlıq aşağı olub idxal qadağası Azərbaycanda un və un məhsullarının qiymətinin artmasına gətirib çıxaracaq. Elə taxılın da.
Məlumat üçün bildirək ki, Azərbaycanın ərzaq buğdasına illik tələbatı 3 milyon tondur. Ötən il ölkədə 2 milyon 960 min tondan çox buğda istehsal olunub.Həmçinin daxili istehsalla yanaşı ölkəyə xaricdən taxıl idxalının həcmi də artırılıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2010-cu ilin 1-ci yarımilində buğda idxalı 570518,1ton (115814,8 min ABŞ dollar dəyərində) təşkil edib. Ötən ilin 1-ci yarımilinə netto çəki nisbəti ilə 96,2 % olub. Un idxalı 1867,7 ton (585,9 min ABŞ dollar dəyərində)olub. 2009-cu ilin 1-ci yarımilinə netto çəki nisbəti ilə 6,7 % təşkil edib. Bildirək ki, Azərbaycana taxıl əsasən Qazaxıstandan idxal olunur. Bu ilin 5 ayı ərzində idxal olunan taxılın cəmi 15 faizi Rusiyadan gəlib.
Taxıl idxalının və istehsalının azalmasının çörək bişirmə sənayesinə təsirlərindən danışan İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, artıq bəzi bölgələrdə çörəyin qiymətinin artması müşahidə olunur: ?2009-cu ildə 2 milyon 960 min ton buğda istehsal onub. Düzdür, istehsal onunan buğdanın heç də hamısı Taxıl Fondu tərəfindən satın alınmadı. Çünki, məhsulun bir hissəsi fondun müəyyən etdiyi keyfiyyət standartlarına uyğun gəlmədi?.
2010-cu ildə buğda istehsalının 15 faiz azalacağının gözlənildıyini vurğulayan V.Bayramov cari ildə Azərbaycanda təxminən 2 milyon 300 min ton buğda istehsal ediləcəyini deyir. Hansıki bu da yerli istehsalın daxili tələbatın ödənilməsinə imkan verməməsi demək olacaq.
V.Bayramov bildirir ki, istehsal olunan taxılın heç də hamısı Taxıl Fondu tərəfindən qəbul edilməyə bilər: ?Çünki bildirdiyim kimi fondun keyfiyyət standartları var. Bütün bunları nəzərə alsaq xaricdən 1 milyona tona yaxın buğdanın idxalı gözlənilir?.
Maraqlıdır, Rusiyanın ixrac qadağası Azərbaycanın ərzaq təhlükəsizliyi və strateji məhsul olan buğda ilə təminatında problemlər yaradacaqmı? İqtisadçı yaxın aylarda buğda ilə təminatda problemlərin gözlənilmədiyi fikrindədir: ?Ötən ilki istehsalın, eləcə də idxal olunmuş taxılın bir hissəsi ehtiyat şəklində Taxıl Fondunda saxlanılır. Başqa tərəfdən Rusiyanın tətbiq etdiyi qərarın 2010-cu ilin sonuna qədər qüvvədə olması nəzərdə tutulub. Növbəti aylarda Azərbaycanda taxıla olan tələbat isə 1 milyon 500 min ton olacaq. Yerli istehsal ilin sonunadək buğdaya olan tələbatın ödənilməsinə imkan verir?.
V.Bayramov yaxın aylarda taxıl qıtlığının müşahidə edilməyəcəyini söyləyir. Bununla belə o iki problemi istisna etmir: ?Əvvəla idxalın çətinləşməsi ölkəyə gətirilən buğdanın daha fərqli olmasına səbəb ola bilər. Bu da çörəyin, taxılın qiymətinin artmasına gətirib çıxaracaq. Güman olunur ki, 2010-cu ildə buğda istehsalının azalması buğdanın, çörəyin qiyməti üçün müəyyən baza yaradacaq?.
Ekspert ilin sonuna qədər, xüsusilə noyabr ayından başlayaraq taxılın qiymətində artımları qaçılmaz sayır: ?Taxılın qiymətindəki artımlar çörəyin qiymətinə də təsir edəcək. Əgər Rusiya ixracla bağlı qadağanın vaxtını uzadarsa və Rusiadan taxıl ixracına qadağa 2011-ci ilin əvvəllərində də qüvvədə qalasa, o cümlədən Qazaxıstan da bu qadağaya qoşularsa gələn ilin əvvəllərində Azərbaycanda taxıla olan tələbatın ödənilməsində problemlər yaşanacaq?.
?2009-cu ildə kənd təsərrüfatı məhsullarının istehsalında artım müşahidə edilməsinə baxmayaraq 2010-cu ildə bunu təkrarlamaq mümkün olmayıb? deyən iqtisadçı bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi bunu sel və daşqınlarla əlaqələndirsə də, daşqınlar taxıl istehsalına ciddi təsir göstərməyib: ?Hətta sel və daşqınlardan əvvəl 2010-cu ildə taxıl istehsalının azalacağı gözlənilirdi. Bu da onunla bağlı idi ki, 2009-cu ildə istehsal olunan taxılın biq qismi fond tərəfindən alınmadı. O cümlədən keyfiyyət standartlarının müəyyənləşdirilməsi istiqamətində aparılan müzakirələrin uzandı, bəzi fermermer təsərrüfatları taxıl yığımı həyata keçirmədi.Nəticədə sahələr məhv oldu, yığılan taxıl sahələrdə qaldı. Bütün bunların nəticəsində fermerlərin taxıl istehsalına maraqları azaldı. Eyni zamanda Maliyyə Nazirliyinin subsidiyaların verilməsi ilə bağlı apardığı yoxlamalar da 2010-cu il üçün subsidiyaların vaxtında alınmasına imkan vermədi. Fermerlər taxıl istehsalı ilə bağlı xərclərini qaşılaya bilmədilər?.
Rusiyanın ixrac qadağasının daxili bazara psixoloji təsirlərinə gəlincə, V.Bayramov bildirir ki, qadağanın vaxtı uzadılarsa psixoloji gərginlik istisna olunmur: ?Iş adamları alternativ mənbələr axtararaq idxal həayata keçirməyə başlayacaqlar ki, bu da qiymətə təsir edəcək?.