Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz çaylarında keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb

img

04-08-2010 [12:21]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyulun III ongünlüyündə keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyulun III ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının II ongünlüyünə nisbətən saniyədə 5 kub metr artaraq 163 kub metrə çatıb. Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Kürün Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 4, Ağstafaçayda fenol və mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib. Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 165 kub metr olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenol və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,20-6,00 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA