ARDNŞ-in yeni vitse-prezidenti təqdim olundu

img

20-07-2010 [11:42]


ARDNŞ-də yeni təyin olunmuş vitse-prezidentin və digər vəzifəli şəxslərinin təqdim olunma mərasimi keçirilib. ARDNŞ-in rəsmi saytının yaydığı məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayev son illər ARDNŞ-nin əldə etdiyi uğurlardan, qazandığı nailiyyətlərdən, həyata keçirdiyi sosial-iqtisadi, ekoloji layihələrdən danışıb, beynəlxalq və ölkədaxili arenada genişlənməkdə olan fəaliyyət istiqamətlərindən söz açıb. ARDNŞ prezidenti yeni mərhələdə strateji inkişafın mühüm əhəmiyyət daşıdığını dilə gətirən Rövnəq Abdullayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti ARDNŞ-in idarəetmə strukturunda strateji inkişaf üzrə vitse-prezident ştatının yaradılmasına qərar verib. Dövlət başçısının 2 iyul 2010-cu il tarixli sərəncamı ilə bu vəzifəyə Tofiq Ridvan oğlu Qəhrəmanov təyin olunub. Rövnəq Abdullayev Tofiq Qəhrəmanovun əmək fəaliyyətindən danışıb, onun ARDNŞ kollektivində böyük nüfuza malik yüksək səviyyəli rəhbər kadr olduğunu vurğulayıb. Rövnəq Abdullayev qeyd edib ki, ARDNŞ-in beynəlxalq səviyyəli bir quruma çevrilməsi nəzərdə tutulan yeni mərhələdə informativ innovasiyalar və informasiya təhlükəsizliyinin təminatı mühüm əhəmiyyət daşıyır. O, bunu nəzərə alaraq, ARDNŞ-in Baş Ofisində İnformasiya Texnologiyaları Departamentinin yaradıldığını və həmin Departamentin rəisliyinə İlham Tağı oğlu Aslanovun təyin olunduğunu söyləyib. ARDNŞ-nin prezidenti başqa bir əmrlə Ədnan Azər oğlu Əhmədzadəni Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi təyin etdiyini nəzərə çatdırıb. ARDNŞ-in yeni vitse-prezidenti Tofiq Qəhrəmanov layiq görüldüyü böyük etimada görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və bu etimadı əməli işi ilə doğruldacağını söyləyib. Qeyd edək ki, Tofiq Qəhrəmanov 1990-1998-ci illərdə Yeni Bakı Neftayırma Zavodunun direktor müavini, 1998-2006-cı illərdə ?Azərneftyanacaq? Neft Emalı Zavodu və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda İqtisadi əməliyyatlar və investisiyalar şöbəsinin rəisi vəzifəsində işləyib. 2006-2007-ci illərdə ARDNŞ aparatında Emalın strateji inkişafı şöbəsinin rəisi işləyib, 2007-ci ildə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA