?Neft pullarının BP-nin səhmlərinin alınması yönəldilməsi indiki halda məqsədəuyğun deyil?

img

15-07-2010 [03:07]


Dünyanın aparıcı neft şirkətlərindən olan BP-nin Meksika körfəzində yerləşən platformasında baş verən qəza sözügedən şirkətin həyata keçirdiyi proqramların bəzilərinin ixtisar edilməsinə səbəb olmaqla yanaşı səhmlərinin də qiymətinin dünya bazarında azalmasına səbəb olub. Hətta bəzi qlobal iqtisadi dairələrdə BP-nin müflis olub-olmaması da gündəmdə olan məsələlərdəndir. Mesksika körfəzində baş verən qəzanın nəticələrinin aradan qaldırılmasına 2 milyard dollar ayrılacağı gözlənilsə də artıq 3,5 milyard dollara yaxın vəsait xərclənsə də qəzanın nəticələrini aradan qaldırmaq mümkün olmayıb. Eyni zamanda, şirkət ətraf mühütə vurduğu ziyana görə ABŞ məhkəməsi qarşısında cavab verməlidir. Bu isə təbii ki, neft şirkəti üçün yeni xərclərin yaranacağından xəbər verir. Bu günlərdə BP prezidenti Toni Heyvardın Bakıda səfərdə olması səhmlərin bir hissəsini Azərbaycana satmaq istədikləri barədə informasiyaların yayılmasına rəvac verib. Güman olunur ki Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi BP səhmlərinin alınması üçün nəzərdə tutulub. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki bütövlükdə BP şirkətinin satışa çıxarılan səhmlərinin alınması indiki dövrdə sərfəli deyil: "Əvvəla narahatedici məqam ondan ibarətdir ki Dövlət Neft Fondunun vəsaitlərinin istifadəsilə bağlı xüsusi bir konsepsiya və mexanizm yoxdur. DNF vəsaitlərinin xaricdə səhmlərə yerləşdirilməsi və yaxud da daxili ehtiyacların ödənilməsilə bağlı hər hansı bir əsaslandırma aparılmayıb. Təbii ki bütün bunlar müəyyən narahatlıq doğurur. Məhz bunun nəticəsidir ki DNF 2008-ci ildə praktiki olaraq vəsaitlərin yenidən qiymətləndirilməsi nəticəsində kifayət qədər ciddi itki ilə üzləşdi. Bu birbaşa onunla bağlıdır ki DNF-nin investisiya səbəti doğru formalaşdırılmadığından kifayət qədər itkilərə gətirib çıxardı. Bütün bunlar ondan xəbər verir ki DNF-nin investisiya siyasəti mükəmməl deyil. Ona görə də DNF vəsaitlərinin bir qisminin BP-nin səhmlərinin alınmasına yönəldilməsini birmənalı qiymətləndirmək olmaz. Nəzərə almaq lazımdır ki BP-nin Meksika körfəzində baş verən qəzanı aradan qaldırmaq üçün nə qədər vəsait xərcləyəcəyi məlum deyil. Bu istiqamətdə BP 2 milyard dollar xərcləməyi planlaşdırsa da hazırda bu rəqəm 3,5 milyard dollara çatıb. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki hətta qəzanın nəticələri tam aradan qaldırılsa belə BP-ni ABŞ-da kifayət qədər böyük məhkəmə gözləyir. Ona görə də BP-yə məxsus səhmlərin gəlirliliyi və yaxud da rentabelli olub-olmaması sual altındadır". V.Bayramovun fikrincə BP böyük şirkət olsa da bu gün kifayət qədər ciddi problemlərlə üz-üzədir: "BP artıq bir sıra ölkələrdə həyata keçirdiyi proqramların ləğv edilməsi və yaxud da dayandırılması haqda qərar qəbul edib. Təbii ki o baxımdan indiki situasiyada BP-nin səhmlərinə vəsait yönəltmək doğru deyil. Çünki BP-nin xərcləri artdıqca bu şirkətin səhmləri aşağı düşəcək. DNF BP-nin səhmlərini almaq istəyirsə indi bunun üçün doğru vaxt deyil. Yox BP-nin səhmlərinin bir hissəsini almaq istəyirlərsə yaxşı olardı bir müddət gözləsinlər. Çünki gedən proseslər onu göstərir ki qarşıdakı aylarda BP-yə məxsus səhmlərin kəskin ucuzlaşacağı qaçılmazdır. Çünki BP kifayət qədər problemlərlə və xərclə üz-üzədir. Təbii ki bütün bunlar səhmlərə olan tələbatın azalmasına və eyni zamanda gəlirlərin azalması fonunda BP-nin səhmlərinin qiymətinin daha da aşağı düşəcəyinə gətirib çıxaracaq. Ona görə də alınacaq BP səhmləri rentabelli olmayacaq. Qlobal maliyyə böhranı göstərdi ki vəsaitləri xarici səhmlərə yönəltmək heç də arzuolunan deyil. DNF vəsaitlərin xaricdə idarə olunmasından 3 faiz gəlir əldə edirsə ölkə daxilində fəaliyyət göstərən sahibkarlar kreditləri 20 faizlə götürürsə bu heç bir məntiqə sığmır. Ona görə də yaxşı olardı ki DNF vəsaitlərini sərfəli şərtlərlə kiçik və orta sahibkarlığın inkişafı naminə kredit formasında versin. Bu halda sahibkarlar yüksək faizlə kredit almayacaqlar və DNF ölkə daxilindən daha çox gəlir əldə edəcək". İqtisadçı alimin fikrincə, Azərbaycan BP-nin səhmlərini almaq niyyətindədirsə o zaman bir müddət gözləməsi daha məqsəduyğundur. Yaxın zamanlarda şirkətlərin səhmlərinin qiymətinin artması gözlənilmir, əksinə güman edilir ki, qiymət azalmaları davam edəcək. İri şirkətlərin səhmləri daha da ucuzlaşanda belə alqılar daha rentabelli hesab edilir. Eyni zamanda qlobal maliyyə böhranı bu cür alqı-satqıları daha da riskli edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA