20-06-2010 [04:44]
Vahid Əhmədov: "Vəziyyətin daha da kritikləşməməsi üçün müəyyən addımlar atılmalıdır. Bu isə Azərbaycan hökumətinin çevikliyindən asılıdır"
Milli Məclisin son iclasında 2010-cu il dövlət büdcəsinə əlavə və dəyişikliklər edildi. Qəbul edilən büdcənin gəlirləri 11.5 milyard, xərcləri isə 12.3 miylard oldu. Büdcə layihəsinin müzakirəsi gərgin keçsə də, 98 lehinə, 5 əleyhinə olmaqla qəbul edildi. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, tanınmış iqtisadçı Vahid Əhmədov isə bəzi çatışmazlıqlar olsa da, budcəni müsbət qiymətləndirir.
- Büdcə layihəsi ilə bağlı Milli Məclisdə müzakirələr getdi. Mən çıxış elədim, müsbət tərəflərini də, çatışmazlıqları da göstərdim. Bilirsiniz ki, dünya maliyyə böhranının ikinci fazası başlayıb. Bir sıra Avropa ölkələrində - Yunanıstanda, İspaniyada, Hollandiyada büdcə kəsirləri çox ciddi formada artıb. Belə bir vəziyyətdə Azərbaycanda büdcə kəsirinin 2.4 faizə endirilməsi, o cümlədən büdcəyə 1.5 milyard manatın əlavə olunması əlbbəti ki, müsbət haldır. Büdcəyə dəyişikliklər lazım idi. Çünki keçən il büdcə müzakirə olunanda neftin qiyməti 45 dollar götürülmüşdü. O zaman təklif eləmişdim ki, bunu 65-70 dollar götürək, amma 45 dollar götürülmüşdü. İndi isə nəzərə alındı ki, neftin qiyməti 60 dollar götürülsün. Yəni bu istiqamətdə edilən əlavə və dəyişikliklər müsbət haldır.
[b]- Büdcədə artımın olduğunu deyirsiniz, amma bu artım Neft Fondundan olan transfert hesabınadır... [/b]
- Bəli, narahat edən məqamlardan biri Dövlət Neft Fondundan büdcəyə transfertin artmasıdır. İndi bir sıra məsələlərə baxmaq lazımdır ki, bu transfertin həcmi get-gedə azaldılsın. Bu ehtiyatlar gələcək nəsillər üçün saxlanılmalıdır. Hesab edirəm ki, vergilərin yığılmasında nəzarəti artırmaq lazımdır.
[b]- Bu dəfə təbii fəlakətin aradan qaldırılmasına da xeyli vəsait ayrıldı... [/b]
- Təbii fəlakət nəticəsində insanlara, təsərrüfatlara kifayət qədər ziyan dəyib. Dövlət büdcəsindən buna hələlik 300 milyon manat vəsait ayrılıb. Məncə, bu vəsait azdır, bir qədər artırmaq lazımdır. Eyni zamanda bu vəsaitin xərclənməsinə nəzarəti gücləndirmək gərəkdir.
İkincisi, təbii fəlakət Kür və Araz çayının ətrafı ilə bitmir. Quba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı, Ağsu rayonlarında da torpaq sürüşmələri var. Bu sürüşmələrin qarşısını almaq üçün müəyyən maddi yardımlara ehtiyac yaranıb. Təkcə Qubada 219 ev sürüşmələr nəticəsində zərər çəkib. Digər rayonlarda da bu kimi problemlər mövcuddur. Ona görə də məsələyə qlobal yanaşmaq lazımdır. Bununla əlaqədar prezidentin fərmanı da var. Fikrimcə, bu fərmandan irəli gələn bütün addımlar zamanında atılmalıdır.
[b]- Vahid müəllim, ümumiyyətlə, təbii fəlakətin bütövlükdə ölkə iqtisadiyyatına hansı təsirləri oldu və qarşıdakı dövrdə hansı fəsadlar yarana bilər? [/b]
- Təbii ki, təsiri böyükdür. Çünki insanların təsərrüfat sahələri, əkin yerləri məhv olub. Meyvə-tərəvəzlə əlaqədar problemlər ortaya çıxacaq. Ola bilər ki, təbii fəlakət daxili bazara müəyyən qədər təsir eləsin. Amma Azərbaycanın valyuta ehtiyyatları böyükdür, istənilən vaxt, istənilən ərzaq məhsulunu alıb ölkəyə gətirə bilərik. Bir məsələni də yaddan çıxarmaq lazım deyil ki, artıq beynəlxaq maliyyə qurumları, o cümlədən ərzaq təşkilatı elan edib ki, dünyada ərzaq qıtlığı gözlənilir. Dünyada ərzaq qıtlığı gözlənildiyi üçün, biz özümüzü ərzaqla təmin etməyə daha çox üstünlük verməliyik.
[b]- Daşqın bölgəsində əsasən bostan, taxıl və digər kənd təsərrüfatı məhsulları istehsal olunurdu. Sizcə, baş vermiş təbii fəlakət payızda qiymət artımına səbəb olacaqmı? [/b]
- Ola bilər. Elə indidən bəzi məhsulların qiymətində dəyişikliklər var. Artıq ölkə bazarında müəyyən qədər inflyasiya hiss olunur. Payıza doğru bir sıra məhsulların qiymətində artım olacaq. Baxmayaraq ki, Azərbaycan Avropadan bir çox ərzaq məhsulları gətirirdi, amma daxili istehsal hesabına da təmin edilirdi. Bu mənada avqust-sentyabr aylarından qiymət artımı başlaya bilər. Ancaq vəziyyətin daha da kritikləşməməsi üçün müəyyən addımlar atılmalıdır. Bu isə Azərbaycan hökumətinin çevikliyindən, xaricdən nələr alınacaq, nələr alınmayacaq və bu kimi məsələlərdən asılıdır. Taxıl yığımı yeni başlayıb, nəticənin necə olacağını demək olmaz. Amma keçən ilki nəticəyə nail ola bilməyəcəyik.
[b]- Necə düşünürsünüz, vəziyyətin kritikləşməməsi üçün hökumət çeviklik nümayiş etdirə biləcəkmi?[/b]
- Kür və Araz çaylarının daşması nəticəsində yaranmış böhranda əvvəlcə bir balaca susqunluq var idi. Amma sonradan Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə, Səhiyyə nazirlikləri, "Su və Meliorasiya Təsərrüfatı" ASC müəyyən işlər gördülər. Düzdür, mən bunu yetərli hesab etmirəm, çünki müəyyən problemlər hələ də qalmaqdadır.
[b]- Son dövrlər isə ən çox ittiham olunan qurumlardan biri də Kənd Təsərrüfatı Nazirliyidir. Siz nə düşünürsünüz? [/b]
- Burada Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətindən yox, kənd təsərrüfatına diqqətdən söhbət gedir. Prezident iki məsələni prioritet göstərib - birincisi ölkənin ərzaq təhlükəsizliyi, ikincisi qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Son illərdə taxılçılıqda müəyyən irəliləyiş oldu, amma digərlərində - pambıqçılıq, baramaçılıq, çayçılıq və s. sahələrdə irəliləyiş yoxdur. Meyvəçilik və tərəvəzçilikdə də müəyyən inkişaf olub. Amma təbii ki, bütün bunlar yetərli deyil. Kənd təsərrüfatını inkişaf etdirmək üçün sərmayə qoymaq lazımdır. Rayonlarımıza ildə heç olmasa, 500 milyon dollar sərmayə qoymaq lazımdır ki, kənd təsərrüfatında 8-10 faiz inkişafa nail olaq. Amma indi baş verən təbii fəlakətdir deyə, nəticələri də ağır olmalı idi. Yəqin ki, bunun da fəsadları aradan qaldırılacaq.
[b]- Ötən il meyvəçiliklə bağlı problemlərin olduğunu, becərilən məhsulu satışa çıxarmaqda çətinliklər yaşandığını bildirirdiniz. Bu ilə vəziyyət necə olacaq? [/b]
- Həmin problemlər bu gün də var. Düzdür, ötən il prezidentin göstərişinə əsasən, 120-ə yaxın soyuducu kameraların tikintisinə başlanılıb. İnsanlar ora məhsullarını verməlidirlər və orada qiymət məsələsi müəyyənləşdirilməlidir. Ola bilsin ki, bu il də müəyyən problemlər yaşansın. Çünki insanlar yetişdirdikləri məhsulları Rusiyaya və digər xarici ölkələrə ixrac edirlər.
[b]- Ancaq xaricə məhsul aparanlar gömrüklərdə problemlə üzləşirlər... [/b]
- Bəli, razıyam. Bu cür problemlər də var, həmişə olub. Onun qarşısını almaq üçün dövlət səviyyəsində müəyyən tədbirlər görməyə ehtiyac var. Milli Məclisdə bununla bağlı dəfələrlə məsələ qaldırmışam. Sistematik olaraq, bu sahədəki problemləri Milli Məclisdə qaldıranlardan biri mənəm. Davamlı olaraq, iş görülür.
[b]- 2010-cu ilin büdcəsinə ikinci dəfə baxıldı, amma sovet dövründən qalan əmanətlər problemi yenə həll edilmədi. Ümumiyyətlə, bu məsələ niyə bu qədər uzadılır? [/b]
- Bu məsələni komitənin iclasında da qaldırmışdım. Plenar iclasda da müzakirə olundu, maliyyə naziri də öz fikrini bildirdi. Mən də dedim ki, qanun layihəsi var, sadəcə, qərar lazımdır. Məsələylə bağlı Milli Məclisin sədri Oqtay Əsədova müraciət etdim ki, gəlin bir yerə yığışaq, müzakir aparaq, insanların əmanətlərini qaytaraq. İndi qərar qəbul olunacaq, ya olunmayacaq, bu artıq mənim səlahiyyətimə aid deyil. Millət vəkili kimi baş nazirdən tutmuş, bütün aidiyyatı qurumlara müraciət etmişəm.
[b]- Bu məsələnin 2011-ci ilin büdcə layihəsinə salınması gözlənilirmi? [/b]
- Vallah, bu məsələnin həllində böyük problem görmürəm. Düzdür, müəyyən başağrıları olacaq. Bunun üçün dövlət müəyyən araşdırmalar aparmalıdır. Məsələ ondadır ki, bunun vaxtı çatıb, həll etmək lazımdır.
[b]- Büdcə layihəsini müsbət qiymətləndirirsiniz, yəqin ki, lehinə də səs verdiniz. Amma həmkarınız Pənah Hüseyn bu büdcə layihəsinə qiymət verərkən hökuməti korrupsiyada ittiham etdi. Həmkarınızın fikirlərini bölüşürsünüzmü? [/b]
- Bilirsiniz, həmişə kimisə nədəsə ittiham etmək olar, amma fakt lazımdır. Pənah bəy demokratik fikirli insandır, həmişə öz mövqeyini açıq şəkildə bildirib, mənim ona hörmətim var. Amma gərək konkret fakt olsun ki, danışasan. Qaldı ki büdcə vəsaitlərinin xərclənməsinə, biz neçə ildir tələb edirik ki, büdcəyə nəzarət haqqında qanun layihəsi qəbul olunsun. Müxtəlif sahələrə vəsait ayrılır, əgər nəzarət olmasa, əlbəttə ki, yeyinti olacaq. Ona görə də Maliyyə və İqtisadi İnkişaf nazirlikləri nəzarəti gücləndirməlidir və neqativ halları vaxtlı-vaxtında üzə çıxarmalıdırlar.
[b]- Pənah Hüseyn büdcə təşkilatlarında çalışanların - müəllimlərin, həkimlərin və digərlərinin əmək haqlarının artırılmaması məsələsinə də toxunmuşdu... [/b]
- Əmək haqlarının artırılması ilə əlaqədar dövlət başçısı bəyan edib ki, bu məsələlərə baxılacaq. Burada elə bir ciddi problem yoxdur. Bu, dövlət başçısının səlahiyyətində olan məsələdir, istənilən vaxt əmək haqları artırıla bilər. Mən də hesab edirəm ki, səhiyyə işçilərinin, müəllimlərin maaşları, o cümlədən pensiyaların həcmi artırılmalıdır. Çünki artıq inflyasiyanın səviyyəsi artmağa başlayır və daha da artacağı gözlənilir. Ona görə də bunu nəzərə alıb əmək haqlarını artırmaq lazımdır.
[b]- Əvvəlki müsahibələrinizdə vaxtaşırı monopoliyadan danışırdınız, amma nədənsə son vaxtlar bu barədə susursunuz, monopoliya aradan qalxıb, yoxsa necə? [/b]
- Niyə ki, mən indi də monopoliya barədə danışıram. Elə bu yaxınlarda Milli Məclisdə çox ciddi müzakirlər oldu. Biz Rəqabət Məcəlləsini dörd ildir ki, Milli Məclisdə qəbul etdirə bilmirik. Komitədə də, plenar iclasda da məsələ qaldırmışam ki, kim bu məcəllənin qəbul olunmasına imkan vermir. Bu məcəllə qəbul olunsa, bu cür problemlərin də qarşısı müəyyən qədər alınar.
[b]Zaur ƏHMƏD[/b]