Əlavə və dəyizikliklər edilməyincə büdcənin neft sektorundan asılılığı davam edəcək

img

18-05-2010 [05:16]


Azərbaycanın 2010-cu il dövlət büdcəsinə dəyişiklik edilməyəcək. Bunu açıqlamasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Komitə sədri büdcəyə dəyişikliklərin edilməsinə ehtiyac olmadığını deyib. Qeyd edək ki, 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 015 mln. manat, xərcləri 11 264 mln. manat, büdcə kəsiri isə 1 249 mln. manat həcmində nəzərdə tutulub. Büdcənin əsas göstəricilərdən biri olan neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürülüb ki, bu da cari ilin əvvəlindən ortalama qiymətdən təxminən 1,6 dəfə azdır. Bununla bağlı dövlət büdcəsinin genişləndirilməsi məsələsi aktuallaşıb. Müstəqil ekspertlərin rəyinə görə, Azərbaycan hökümətinin, eləcə də parlamentin 2010-cu ilin büdcəsində neftin 1 barelini 45 dollardan müəyyənləşdirməsi büdcənini real proqnozlaşdırılmamasından xəbər verir. Hökümət nə 2009-cu ildə, nə də 2010-cu ildə, dövlət büdcəsini real proqnozlaşdırmayıb. Yəni 2009-cu ildə dövlət büdcəsində neftin bir bareli 70 dollar nəzərdə tutuldu. Lakin il ərzində neftin dünya bazar qiyməti 56 dollar təşkil etdi. Eyni zamanda 2010-cu ilin büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Halbuki bu ilin birinci rübündə neftin bazar qiyməti orta hesabla 75 dollar oldu. Bu isə neftin dövlət büdcəsində proqnozlaşdırılan qiymətindən 30 dollar çoxdur. İqtisadçı-ekspert Vuqar Bayramov hesab edir ki, 2010-cu ilin dövlət büdcəsi proqnozlaşdırılan zaman neftin 1 barelinin 45 dollardan götürülməsi səhv addım idi. O zaman neftin 1 barelinin 45 dollar olmayacağı ilə bağlı proqnozların verilməsinə, xarici ekspertlərin 2010-cu ildə neftin dünya bazaar qiymətinin artacağı ilə bağlı açıqlamalarına baxmayaraq hökümət 2009-ci ildə büdcəni proqnozlaşdıran zaman etdiyi səhvi tamamilə başqa formada təkrarladı: ?2009-cu ildə dövlət büdcəsində 1 barel neftin qiyməti heç bir əsas olmadan kifayət qədər yüksək götürülmüşdü. 2010-cu ildə isə əksinə, neftin qiyməti real bazar qiymətindən aşağı götürüldü?. Büdcəyə əlavə və dəyişikliklərin edilməsinin vacib olduğunu deyən V.Bayramov parlamentin belə bir addım atmağı planlaşdırmamasından təəssüfləndiyini söylədi:? Büdcəyə nə üçün əlavə və dəyişikliklərin edilməyəcəyi bağlı rəsmi açıqlama, eləcə də iqtisadi izahat verilmir. Amma reallıq odur ki, dövlət büdcəsinə əlavə və dəyişikliklərin olunmamasının bir neçə mənfi təsirləri var. Əvvəla bu neft sektorundan düdcəyə ödənilən vergilərin düzgün proqnozlaşdırılmasına imkan vermir. Kifayət qədər ciddi boşluqlar yaradır. Digər məqam əlavə və dəyişikliklər edilməyincə büdcənin neft sektorundan asılılığı davam edir?. V.Bayramovun fikrincə, hökümət ona görə büdcəyə əlavə və dəyişikliklər etmir ki, Beynəlxalq Valyuta Fondu büdcəyə əlavə və dəyişikliklər olunan zaman Dövlət Neft Fondundan büdcəyə transfertlərin azaldılması təklifini irəli sürür: ?Nəzərə alsaq ki, 2010-cu ildə büdcəsinin 65 faizi fondan transfertlər hesabına formalaşacaq, büdcəyə dəyişikliklər etməklə neft sektorundan transfertlərin həcmini azaltmaq mümkündür. Neftin dünya bazar qiymətinin artması nəticəsində neft sektorundan daxilolmaların hesabına Neft Fondundan büdcəyə transfertlərin həcmini 4,9 milyarddan 2008-ci ildə olduğu 2,7 milyard manata qədər azaltmaq olar. Cari ilin büdcəsinə dəyişikliklər edilməməsi ondan xəbər verir ki, 2010-cu ildə Neft Fondundan transfertlərin həcmi olduğu kimi saxlanılacaq. Büdcə neft sektorunun çiynində olacaq?. Ekspert deyir ki, əlavə və dəyişikliklər etməklə 2010-cu ilin büdcəsinin neft sektorundan asılılığını aradan qaldırmaq mümkündür: ?Bunun digər iqtisadi tərəfi ondan ibarətdir ki, dövriyyəyə daha çox vəsaitin daxil olmasına imkan yaradacaq. 2009-cu ildə təxirə salınan bir sıra investisiya layihələrini bərpa etmək mümkündür. İnvestisiya layihələrinə ayrılan vəsaitlərin artırılması iqtisadiyyatda, xüsusilə bir sıra sektorlarda müşahidə edilən durğunluğun aradan qaldırılmasına gətirib çıxara bilər.Eyni zamanda sosial sferaya daha çox vəsaitin ayrılması üçün maliyyə bazası yarada bilər.Çünki, qlobal maliyyə böhranı ilə əlaqədar 2005-2008-ci llərdə sosial sferaya ayırmalarda müşahidə edilən artımı 2009-cu ildə tam olaraq saxlamaq mümkün olmayıb.Büdcəyə əlavə və dəyişikliklərin edilməsi hökümətə sosial sferaya ayırdığı vəsaitlərin həcmini artırmağa imkan verəcəkdi?. Dəyişikliklərin psixoloji təsirlərindən söz açan V.Bayramov bildirir ki, büdcənin gəlir və xərc hissəsinin artırılması psixoloji olaraq bir sıra sektorlarda canlanmanın yaranmasına gətirib çıxara bilər: ?Çünki bütün hallarda büdcəyə baxılırsa və büdcə artırılırsa, bunun özəl sektora təsirləri var. Büdcəyə olunan dəyişikliklər xüsusən tikinti, əmlak və bank sektorlarında psixoloji təsirlərə malik ola bilərdi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA