Bankın iş yerinizə məktub göndərməsinə son qoymaq vaxtı çatıb! - ŞƏRH

img

15-11-2016 [12:59]


Bank-vətəndaş münasibətlərindəki aktual problemlərdən biri də bankların borcluların iş yerlərinə məktub göndərməsi və ya zəng etməsidir. 

Son zamanlar bu kimi hallar daha geniş vüsət alıb. Lakin bu fəaliyyət borclularda çox böyük narazılıq yaradır və onların iş yerində bir sıra problemlərə yol açır. Ümumiyyətlə, bankların bu cür fəaliyyəti qanunidirmi və bu kimi hallarda borclular nə edə bilərlər?

Məsələ ilə bağlı Total Consulting MMC-nin eksperti Fikrət İbrahimova müraciət etdik. Ekspert AzNews.az-a bildirdi ki, bu hal bank-borclu münasibətlərində borclularda bəlkə də ən çox aqressiya yaradan məsələdir: "Belə ki, bankların iş yerlərinə məktub göndərməsi və ya zəng etməsi borclunun özünü iş kollektivində narahat hiss etməsinə, həmçinin rəhbərliyin gözündə problemli işçi kimi görünməsinə səbəb ola bilər. Təbii ki, bütün bunlar borclunun həm işinə, həm də öz borcuna olan münasibətində mənfi hallar yaradır. Belə məqamlarda borclular bankların bu hərəkətini "arxadan vurulmuş zərbə” kimi qiymətləndirirlər. Bu isə problemin həllinə yox, onun dərinləşməsinə gətirib çıxarır. Lakin borcluların nəzərinə çatdırmaq istərdim ki, Banklar haqqında qanunun 41-ci maddəsinə əsasən borclular haqqında istənilən informasiyanın qanunsuz olaraq yayılmasına görə banklar birmənalı olaraq məsuliyyət daşıyırlar. Həmin maddəyə görə bu cür məlumatlar məhkəmə qərarı olmadan yalnız bankların auditini aparan kənar şirkətlərə və Maliyyə Bazarlarına Nəzarət Palatasına verilə bilər. Onlar özləri də, fərdi qaydada bu məlumatları yaya bilməzlər. Digər istənilən şəxslərə isə banklar tərəfindən bu cür məlumatlar yalnız məhkəmə qərarı əsasında verilə bilər. Burada müştərilər barədə məlumatlar deyəndə onların bankda problemli borclu olması, borclarının məbləği və digər bu kimi məlumatlar nəzərdə tutulur”.

Hüquqşünas hesab edir ki, bu məsələdə vətəndaşların da təqsiri var: "Vətəndaşların bu məsələyə yalnız şifahi şikayət səviyyəsində yanaşması bankların əl-qolunu daha da açır. Çox paradoksal vəziyyət yaranır. Vətəndaşların bəziləri bilirlər ki, bankların bu hərəkəti qanunsuzdur, amma heç bir tədbir görmürlər. Təbii ki, bank və məhkəmə qanunvericiliyinin hər cür incəliyini bilən banklar bu hərəkətlərinin cəzasız qaldığını görərək, məktublarını göndərməkdə davam edirlər. Borcluların nəzərinə çatdırmaq istərdim ki, sizin sosial şəbəkələrdəki və digər yerlərdəki şifahi şikayətləriniz heç bir şeyi həll etmir. Çünki qanunvericilik sizə geniş hüquqlar verib, əgər siz bu hüquqlarınızı lazımı səviyyədə müdafiə edə bilmirsinizsə, bu artıq bankın deyil, birbaşa sizin probleminizdir”.

Sonda hüquqşünas belə bir halda vətəndaşa nə etməli olması ilə bağlı məsləhət də verib: "Əgər bank sizin iş yerinizə məktub göndəribsə və ya zəng edibsə, mütləq bank sirrinin pozulması və kompensasiyanın ödənilməsi ilə bağlı birbaşa məhkəməyə müraciət edin. Bu cür məhkəmə işlərinin çoxalması və borcluların xeyrinə çıxarılan qətnamələr bankların bu cür qanunsuz fəaliyyətinə son qoyacaq. Vətəndaşlarmız başa düşməlidirlər ki, qanunvericilikdə onların xeyrinə olan ən kiçik məqamlardan belə yararlanmasalar, banklar qarşısında aciz qalacaqlar. Əlavə olaraq, bildirirəm ki, işəgötürənləriniz sizə bankdan gələn məktuba əsasən işinizdə problemlər yaradarsa, o cümlədən sizi işdən çıxmağa məcbur etmə və digər intizam tədbirlərinə məruz qoyarsa, bilin ki, bu hallar tam qanunsuzdur və bununla bağlı ən azı Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilərsiniz. Çünki kredit borcunun məbləğindən və sayından asılı olmayaraq bu halların sizin əmək münasibətlərinizə heç bir aidiyyəti yoxdur”.

Total Consulting MMC
Ünvan: Təbriz küçəsi 100A, Bakı, Azərbaycan
https://www.facebook.com/Total.Consulting.Company/
www.totalconsulting.az
Tel: (+994 12) 496 19 17; Faks: (+994 12) 496 06 22
Mob: (+994 55) 215 33 23; (+994 55) 230 65 44


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA