Yeni bahalaşma dalğası gəlir - Rüsum artımına görə

img

03-11-2016 [19:39]


Xəbər verdiyimiz kimi, bu gündən etibarənNazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərlə bağlı qərar qüvvəyə minib.

Qərarla idxal olunan bəzi məhsulların rüsumu artırılıb. Rüsumların artması əhali arasında yeni bahalaşma dalğasının başlayacağı ilə bağlı fikirlər formalaşdırıb və təşviş yaradıb. İqtisadçı-ekspert Rəşad Həsənov rüsumların qalxmasıyla bağlı qərarı BakiPost.az-a şərh edib.

Ekspertin sözlərinə görə, əhalinin təşvişi boşuna deyil.Belə ki,xüsusilə yerli istehsal olan kənd təsərrrüfatı məhsulları üzrə idxal rüsumlarının artırılması həm büdcə gəlirlərinin artırılması, həm də yerli istehsalın dəstəklənməsi üçün nəzərdə tutulsa da, bir çox istiqamətlərdə qiymətlərin artacağını istisna deyil: "Qiymətlərin artırılması əhalinin istehlak qabiliyyətinin zəif olduğu bir dövrdə imkanların daha da məhdudlaşmasına, sosial rifahın zəifləməsinə gətirib çıxaracaq. Amma hazırda bu istiqamətdə müəyyən tənzimləmələr həyata keçiriləcək. Daha çox çevik siyasətin həyata keçirilməsinə ehtiyac var. Belə bir şəraitdə qiymətlərin hələlik nəzərdə tutulduğu kimi sürətlə artırılması sahibkarların imkanlarını məhdudlaşdıracaq”.

İqtisadçı daha çox soğan və kartofun qiymətində artım olacağını qeyd edib:

"Siyahıda olan məhsullardan qoz, fındıq və xurmanın Azərbaycanda istehlak imkanları kifayət qədərdir. Bu məhsullar üzrə bolluq hiss olunur. Eyni zamanda parnik məhsullarını da bura daxil etmək olar. Bu məhsulların Azərbaycanda ixracı da həyata keçirilir. Yəni ixrac potensialı güclüdür. Hesab edirəm ki, bu məhsullara ciddi təsir göstərməsə də, daxili təlabatın ödənilməsində kartof və soğan qıtlığı mşüahidə edilir. Adətən İran, Belarusiya, Türkiyə, Ukrayna kimi ölkələrdən Aərbaycana kartof idxal olunur. Hazırda bu məhsullar üzrə rüsumun artırılması daxili bazarda məhsulların qiymətində daha çox bahalaşmağa gətirib çıxara bilər”.

Toyuq və yumurta məhsullarına gəldikdə isə, R.Həsənov bu məhsulların qiymətinin çoxdan artdığını deyib:


"Çünki bu sektorda fəaliyyət göstərən sahibkarlar daimi olaraq İqtisadiyyat Nazirliyi ilə müəyyən müzakirələr aparır. Onlar qiymətlərin artırılması ilə bağlı razılıq əldə etməyə çalışırlar. Sektor iştirakçıları iddia edirlər ki, yerli istehsal kifayət qədər baha başa gəlir. Bu da idxal olunan məhsullarla rəqabət aparmaq imkanına malik deyil. Bu səbəbdən rüsumların dəyişilməsi ilə bağlı qərar qəbul edilən andan etibarən bu məhsulların qiymətlərində artım başlayıb. Bazarlarda monitorinq aparılsa, son bir ayda bu məhsulların qiymətlərində təxminən 10 faizə qədər artım baş verdiyini müşahidə etmək olar. Əvvəlki dövrlərdə ölkəyə gətirilən və anbarlarda olan idxal məhsullarının həcmi azaldıqca bu istiqamətdə bazara təklifin həcmi də aşağı düşəcək və yerli istehsal olunan məhsulların qiymətində artım davam edəcək. Rüsum dəyişikliyindən qaynaqlanan qiymət artımları təxminən 10 və 15 faizdən artıq olacaq”.

R.Həsənov bahalaşması prosesinin qərarda dəyişikliklə bağlı xəbərlərin çıxdığı vaxtdan başladığını deyib: "Bu xəbərlər çıxan gündən artıq proses başlayıb. Azərbaycan kimi ölkələrdə rəqabət mühitinin zəif olduğu bir şəraitdə sahibkarlar hər hansı bir qərar qəbul olunduğu andan prosesə öz reaksiyasını bildirirlər. Hətta əvvəlki dövrlərdə ölkəyə gətirilmiş məhsullar üzrə də qiymətlərin artımı prosesi də baş verir. Yerli istehsal növbəti dövrlərdə ölkəyə idxal olunan rəqib məhsulların qiymətlərində bahalaşmanı nəzərə alaraq qiymətlərin artımına başlayır. Son bir ayda istehlak məhsullarının qiymətlərində artım tendensiyası davam edib. Bu gündən etibarən isə bu proses müəyyən dövr üçün daha da sürətlənəcək”.

Qeyd edək ki,"Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə edilən dəyişikliklərdəyeni gömrük idxal rüsumları iki il müddətində qüvvədə olacaq. Belə ki, dəyişikliyə əsasən Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.

O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA