09-05-2010 [05:56]
[b]Cümşüd Nuriyev: "Elə bir adam bu sahəyə başçılıq edir ki, əlindən bir iş gəlmir. Belə olmaz axı, bu millətə kiminsə yazığı gəlməlidir!"[/b]
Son bir həftə ərzində aran zonasına yağan aramsız yağışlar nəticəsində qrunt sularının artması, eləcə də Araz və Kür çaylarının daşması fəlakət həddinə çatıb. Salyan, Sabirabad, Şirvan, Zərdab, hətta Araz çayı ətrafında yerləşən digər bir neçə rayon da sel sularına qərq olub, yüzlərlə ev su altında qalıb. Kənd təsərrüfatına yararlı torpaqların su altında qalması isə daha ciddi fəsadlara yol aça bilər. Artıq bəzi mütəxəssislər bu il kənd təsərrüfatı məhsullarının qıtlığı və ciddi qiymət artımı olacağını proqnozlaşdırırlar. Kənd təsərrüfatı nazirinin keçmiş müavini, tanınmış iqtisadçı Cümşüd Nuriyev də Azərbaycanın ciddi problemlərlə üzləşəcəyini deyir:
- Bu, təbii fəlakətdir və bunun qarşısını almaq mümkün deyil. Amma dövlət belə hallara hazırlıqlı olmalıdır. Hələ bir neçə il bundan əvvəl məsələ qaldırılmışdı ki, Kür çayının deltasının təmizlənməməsi çox ciddi problemlərin yaranmasına gətirib çıxara bilər, necə ki, hazırda həmin problemlər yaşanır. Dəfələrlə elan olunmuşdu ki, Kür-Araz ovalığında qrunt sularının səviyyəsi səthə çox yaxındır. Belə bir şəraitdə qrunt sularının qarşısı alınmalı idi. Amma buna nə Kənd Təsərrüfatı Nazirliyi, nə də digər qurumlar fikir vermədi, indi isə qarşılıqlı ittihamlara başlayıblar. Təbii ki, baş verən son fəlakətlər kənd təsərrüfatına çox ciddi ziyan vuracaq. Onsuz da bizim kənd təsərrüfatı bərbad vəziyyətdə idi, indi vəziyyət daha da pisləşəcək. Biz neçə vaxtdır deyirik ki, Azərbaycan aqrar sahədə yenilənməlidir. Ancaq heç bir yenilik yoxdur. 20-30 il bundan əvvəl hansı hesabat verilirdisə, indi də o şəkildə hesabatlar verilir. Belə bir vəziyyətdə isə kənd təsərrüfatı ilə məşğul olan ərazilərin su altında qalması olduqca acınacaqlı vəziyyət yaradıb və yaradacaq.
[b]- Demək olar ki, həmin ərazilərdəki əkinə yararlı sahələrin əksər hissəsi sulara qərq olub. Bu, ölkədə ciddi ərzaq qıtlığına səbəb ola bilərmi? [/b]
- Azərbaycanı taxılla təmin edən bölgələr su altında qaldığına, havalar isə problemin aradan qalxmasına şərait yaratmadığına görə, taxıl zəmilərinin bir hissəsi zay olacaq. Onsuz da bizdə yeməyə yararlı taxıl yoxdu, amma bu fəlakət olan-qalanı da məhv elədi.
Digər tərəfdən, əkin sahələrinin ərazisini süni şəkildə şişirdirlər. Burada əsas məqsəd dövlətdən yardım almaqdır. Vaxtiylə taxıl əkilən sahələrin heç birində indi taxıl əkilmir. Amma oranı taxıl əkilən sahə kimi göstərib, dövlətdən subsidiya alırlar. Dövlət isə böyük məbləğdə pul xərcləsə də, ortada müsbət iş yoxdur. Əgər iddia edirlərsə yaxşı taxıl var, onda Azərbaycan kənardan niyə taxıl alır?
[b]- Sizcə, taxılla bağlı yalan məlumat verməkdə məqsəd nə ola bilər və kimlər vəziyyətin daha da pisləşməsinə çalışır? [/b]
- Əsas məqsəd rəsmi şəkildə dövlət büdcəsini dağıtmaqdır. Bunun başında da kənd təsərrüfatı naziri İsmət Abbasov dayanır. O, elə bir sistem qurub ki, hər şey bir adama xidmət eləsin. Baxın, "Aqrolizinq"in fəaliyyəti tamamiylə yarıtmazdır. Yerlərdə heç kim onlardan razı deyil. Gübrə təminatı aşağı səviyyədədir, dövlət maliyyə ayırsa da, həmin pullar mənimsənilir. İsmət Abbasov nazirliyin otaqlarını təmir etməkdən başqa bir iş görmür. O ki qaldı hazırkı acınacaqlı vəziyyətə, burda da günahı bir-birlərinin üstlərinə atırlar. Təbii ki, baş verən hadisə kənd təsərrüfatına ciddi zərbə vurub və qıtlıq olması qaçılmazdır.
[b]- Bəs, hökumət hansı önləyici tədbirlər görməlidir? [/b]
- Hökumət ciddi tədbirlər görməlidir. Amma məsələ ondadır ki, Azərbaycanda hökumət yoxdur. Əvvəllər aqrar sahə üzrə baş nazirin müavini var idi, indi o da yoxdur. Baş nazirin birinci müavini Yaqub Eyyubovun, ümumiyyətlə, aqrar sahədən başı çıxmır. Görünən odur ki, o, nə qədər çalışırsa, bir o qədər də iqtisadiyyatı batırır. Artur Rəsizadə məlumdur, işə çıxmır, heç onu ittiham eləmək də istəmirəm. Bu adam xəstədi, öz canının hayındadır. Ən aktiv ola bilən adam Yaqub Eyyubovdu, bu adamın da müsbət fəaliyyətini görməmişəm. Necə olur ki, bu qədər problem yaranır, hadisə baş verir, baş naziri əvəz edən adam kimi ortalığa çıxmır? Yaqub Eyyubov barmağını qatlasın ki, son iki ildə kənd təsərrüfatı ilə bağlı hansısa müşavirə keçirib. Ancaq prezidentin kvartalların, bir ilin yekunlarına dair keçirdiyi müşavirələr var. Gördüyüm isə odur ki, hökumət prezidentin siyasətinin əleyhinə işləyir.
Digər tərəfdən, əgər hökumət müsbət iş görmürsə, təbii ki, heç bir koordinasiya da olmayacaq. Ona görə də bu işlərin hamısı vahid mərkəzdən idarə olunmalıdır. Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, "Meliorasiya və Su Təsərrüfatı" ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi var, yəni bunlar arasında bir koordinasiya olmalıdır. Bəndbərkitmə işini "Meliorasiya və Su Təsərrüfatı" ASC apırır, bunlar kollektor, drenaj şəbəkəsi qurmalıdır ki, qrunt sularının səviyyəsi qalxmasın. Amma heç kim işləmək istəmir, çalışırlar ki, daha çox maliyyə mənbələri əldə eləsinlər, daha çox gəlir toplasınlar. Kənd Təsərrüfatı Nazirliyindən isə danışmağa dəyməz. İsmət Abbasov o nazirliyi də yaman günə qoydu, o vəzifəni də hörmətdən saldı. İndi də telekanallara çıxıb, mənasız, nazirə yaraşmayan formada müsahibələr verir.
[b]- Ötən il qiymət artımının olacağını proqnozlaşdırırdınız. Artıq məlum təbii fəlakətlər də baş verdi. Bunu da nəzərə alsaq, proqnozlarınız necə olacaq?[/b]
- Bəli, bu il ərzaq məhsullarında ciddi qiymət artımı olacaq. Bu il Azərbaycanda meyvə çiçəkləyən vaxtda yağıntılı hava şəraitinin baş verməsi, eləcə də gübrə təminatının yoxluğu, təbii ki, ciddi fəsadlarla nəticələnəcək. Bundan əlavə, ölkədə hansı normal aqrar siyasət yürüdülür ki? Bu il nə qədər alma batdı, nə qədər kartof çürüdü. Kənd Təsərrüfatı Nazirliyinin isə hansı işlə məşğul olduğu bilinmir. Bunlar ancaq arağa və çörək sexlərinə lisenziya verməklə məşğuldurlar. Böyük məbləğdə vəsait xərcləyib ölkəyə damazlıq heyvanlar gətirirlər, amma onlar da kütləvi şəkildə qırılır.
[b]- Bəzi mütəxəssislər isə iddia edirlər ki, bu il dabaq və brüselyoza qarşı peyvəndləmə aparılmadığı üçün mal-qara arasında kütləvi xəstəlik yayılıb... [/b]
- Dabaq keçici deyil, amma brüselyoz südlə insanlara da keçir. İnsanlarda bu xəstəliyin kültəvi yayılması isə ölkədə siyasi gərginlik yarada bilər. İnsanlar sağlamlığı ilə bağlı kimisə ittiham edəndə, bunun bir ucu da dövlətə bağlanır. Dövlət siyasətini həyata keçirən məmurlar isə daha çox özlərinin varlanmaq siyasətinə üstünlük verirlər.
Rayonların əksəriyyətində guya baytarlıq aptekləri var, amma ortada heç bir şey yoxdur. Ölkəyə baha qiymətə, özü də saxta dərman preparatları, vaksinlər gətirilir. Amma onlar heç bir işə yaramır. Bütün xəstə malları bu və ya digər şəkildə kolbasa sexlərinə verir, yaxud bazarlarda satdırırlar. Bunu isə imkansız adamlar alır.
Vallah, kənd təsərrüfatı batır, aqrar sahə məhv olur. Elə bir adam bu sahəyə başçılıq edir ki, əlindən bir iş gəlmir. Amma yenə də işindən əl çəkmək istəmir. Belə olmaz axı, bu millətə kiminsə yazığı gəlməlidir!
[b]- Cümşüd müəllim, Kürün deltasının təmizlənməsi ilə bağlı "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbəri Əhməd Əhmədzadəni dövlətin ayırdığı vəsaiti mənimsəməkdə ittiham edənlər var.[/b]
- Burada dövlət vəsaitinin mənimsənilməsi məsələsini ancaq hüquq-mühfizə orqanı araşdıra bilər. Bu cür rəqəmləri mətbuata adətən ya həmin qurumdan qovulanlar, ya da maraqları təmin olunmayan şəxslər ötürürlər. Bununla da öz maraqlarını təmin etməyə çalışırlar.
[b]- Ancaq bu barədə yazanlar Fövqəladə Hallar Nazirliyinin saytındakı məlumatlara əsaslanırlar. [/b]
- Mən də həmin materialla tanışam. Fövqəladə Hallar Nazirliyi bu sahəyə cavabdeh olduğuna görə bu məsələni gündəmə gətirir. O qurumların hər ikisi dövlətindir, birinin görmədiyi işi digəri gündəmə gətirə bilər. Məsələ ondadır ki, camaat hər şeyi Fövqəladə Hallar Nazirliyindən tələb edir. Onlar da öz səlahiyyətlərində olmayan məsələlər barədə məlumat verirlər ki, bu məsələlər bizə aid deyil, bunu başqa qurum etməlidir və buna bu qədər də vəsait ayrılıb. Bəs görəsən, bütün bu məsələlər üzrə kurator olan Yaqub Eyyubov hanı? Nə vaxt bunları bir yerə yığıb, nə zaman müşavirə keçirib? Olmayıb belə şey. Bunlar başqa işlərlə məşğuldurlar. Hazırda Azərbaycanda oliqarxların yaşırı gedir. Deyirlər ki, görək kim xaricdə daha çox villalar alacaq, mehmanxanalar, limanlar tikdirəcək. Hökumətin yarısı ancaq belə işlərlə məşğuldur, qalan yarısı isə heç nə ilə məşğul deyil.
[b]- Qarşıdakı dövürdə ölkədə ciddi problemlərin olacağını deyirsiniz. Belə olarsa, məsuliyyət daşıyanlardan kimlər "vurula" bilər? [/b]
- Artıq o barədə danışmaq istəmirəm. Məsələ ondadır ki, nə vaxt Azərbaycan dövlətinin marağına uyğun çıxış edib kimisə tənqid edirsənsə, həmin şəxslər gedib yuxarı dairələrdə deyirlər ki, bax, məni tənqid edirlər, amma bu dövləti çox sevirəm. Başa düşə bilmirəm ki, bunların sevgisi necə olur? Bunlar vəzifəyə gələndək bir cıdır maşınla gəzirdilər, amma indi yüz minlik maşınlarda şütüyür, villalarda yaşayırlar, hətta bir neçə ölkədə imarətləri də var. Görəsən, bu vəsaitləri necə qazanırlar? Axı bu nazirlərin, komitə sədrlərinin aldıqları maaş 1200-1500 manat arasındadır. Bu pulla villalar tikdirmək olmaz. Deməli, bu pullar millətə məxsusdur. Amma unudurlar ki, millətin pulu ilan sümüyüdür, nə vaxtsa onu oğurlayanların boğazında ilişib qalır.
Prezident bütün sahələrdə inkişafa nail olmaq üçün siyasət yürütməyə çalışır, amma bəzi məmurlar bu işi pozur. Bunun da arxasında xarici dövlətlərin maraqları dayanır. Dövləti talayan, ölkədə belə bir siyasət aparmaqla gərginlik yaratmaq istəyən nazirlərin hərəsi bir xarici dövlətə bağlıdırlar. Bax, bunun qarşısı alınmalıdır.
[b]Zaur ƏHMƏD[/b]