Mərkəzi Bankda I rübün yekunları ilə bağlı iclas keçirilib

img

06-05-2010 [12:23]


Mərkəzi Bankın İdarə Heyətinin 2010-cu ilin I rübü üzrə fəaliyyətinin yekunları barədə növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda ötən rüb ərzində pul siyasətinin yerinə yetirilməsi vəziyyəti və qarşıda duran vəzifələr, Mərkəzi Bankın struktur bölmələrinin hesabatları müzakirə edilib. Qeyd olunub ki, Mərkəzi Bank pul siyasətini beynəlxalq əmtəə bazarlarında konyunkturun yaxşılaşması və ölkədə iqtisadi artımın davam etməsi şəraitində həyata keçirib. Pul siyasətinin əsas hədəfi olan inflyasiya I rübdə təkrəqəmli səviyyədə olmuş və əsasən xarici bazarlardakı proseslərdən, Azərbaycanla ticarət partnyoru olan ölkələrdə inflyasiyadan və mövsümi faktorlardan təsirlənib. Tədiyyə balansının profisiti şəraitində manatın ABŞ dollarına nəzərən məzənnəsi sabit qalmış, Mərkəzi Bank valyuta bazarında sterilizasiya əməliyyatları həyata keçirərək özünün valyuta ehtiyatlarını daha da artırıb. İlin sonuna tədiyyə balansında iri həcmli profisitin qalacağı proqnozlaşdırılır. Dövr ərzində Mərkəzi Bank yumşaq pul siyasətini davam etdirmiş, bu şəraitdə pul təklifi iqtisadi artıma adekvat templə artmış, faiz dərəcələri azalmağa meyl göstərib. Rüb ərzində sektrorun aktivləri 3,1%, kredit porfeli 1% artıb. Xüsusilə qeyd olunub ki, əhalinin bank sektoruna olan inamı artmaqdadır və əhalinin əmanətlərinin həcmi rüb ərzində 2,5% artıb. Bank sektorunun aktivləri və kredit portfelinin təmkinli artımı davam edib. Banklar xaricə ödədiyindən daha çox vəsait cəlb etmiş, onların likvidliyi və maliyyə dayanılqı yüksək səviyyədə saxlanıb. Aparılmış stress-testlər bank sisteminin bundan sonra da mümkün xarici şoklara qarşı dayanıqlı olacağını göstərir. Qeyd olunanları nəzərə alaraq Mərkəzi bankın İdarə Heyəti uçot dəcərəsi, faiz dəhlizinin parametrlərinin və məcburi ehtiyat normalarının dəyişməz saxlanılmasını, manatın məzənnəsinin sabit səviyyədə saxlanmasına yönəlmiş siyasətin davam etdirilməsini məqsədəuyğun sayıb. İclasda həmçinin rüb ərzində bank sektorunda müşahidə olunan tendensiyalar, bank nəzarətinin həyata keçirdiyi tədbirlər və layihələr müzakirə edilib. Müzakirələr zamanı qeyd olunub ki, dövr ərzində bank sektoru stabiliyini qoruyub saxlamış, sektorun həcm göstəriciləri artmış, likvidliyi və kapital mövqeyi sabit və qənaətbəxşdir. Bank nəzarəti sektorun maliyyə sabitliyinin qorunması istiqamətində ardıcıl tədbirlərini həyata keçirmiş, sektorun maliyyə vəziyyəti və meylləri diqqətlə izlənib. Daha sonra bank nəzarətinin potensialının və alətlər çərçivəsinin gücləndirilməsi, nəzarət prosesinin effektivliyinin artırılması istiqamətində görülmüş ardıcıl tədbirlər və əldə olunmuş nəticələr barədə müzakirələr aparılmışdır. Belə ki, 2010-cu il üçün bank nəzarətinin qarşısında duran əsas vəzifələr ? yaranmış yeni şəraitdə qlobal çağırışlara adaptasiya və nəzarətin texnoloji resurslarının gücləndirilməsi, banklarda risk menecment potensialının artırılması, habelə bank sektorunda institusional inkişaf və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi kimi vacib hədəflərin reallaşmasıdır. Rüb ərzində bank nəzarətində kontr-tsiklik yanaşmanın tətbiqi, stress testinq təcrübəsinin təkmilləşdirilməsi, banklarda yeni prudensial hesabatlığın tətbiqi, risk menecment üzrə yeni qaydaların qəbulu və banklardakı risk mütəxəssislərinin sertifikasiya prosesinin ikinci fazasının realizasiyası, bank nəzarətinin Menecment İnformasiya Sisteminin və digər vacib layihələrin icrası istiqamətində nailiyyətlər müzakirə edilib. Qeyd olunanların nəticəsi olaraq, effektiv və operativ bank nəzarəti siyasətinin və bank sektorunda maliyyə sabitliyinin qorunması istiqamətində ardıcıl tədbirlərin, həmçinin, institusional inkişafa hesablanmış layihələrin icrasının davam etdirilməsi məqsədəuyğun hesab edilib. Ümumilikdə, Mərkəzi Bankın 2010-cu ilin I rübü ərzində qarşıya qoyulan taktiki hədəflərin və cari işlərin yerinə yetirilməsi vəziyyəti qənaətbəxş qiymətləndirilmiş və tapşırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı giriş və yekun çıxışlarında qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə dəstək verərək ilin qalan dövrü üçün pul siyasəti və bank-maliyyə sabitliyi üzrə müəyyən edilmiş hədəflərin reallaşdırılması təmin edilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA