"Gələn il xərclərin azalması, iqtisadi aktivliyi quyunun lap dibinə salacaq" - Natiq Cəfərli proqnoz verdi

img

29-09-2016 [15:36]


Real Hərəkatının icra katibi, tanınmış iqtisadçı Natiq Cəfərli də gələn ilin büdcə layihəsinə şərh verib. 

Mia.az-ın məlumatına görə, ekspert deyib ki, ilkin ümumi dəyərləndirmə odur ki, vəziyyət çox ağır olacaq: 
"Birinci, Sosial müdafiə ilə bağlı xərclər 20% azaldılır, deməli, maaş və təqaüdlər də artmayacaq, maksimum, bu ilin rəsmi inflyasiya rəqəmi qədər indeksləşdiriləcək. 
İkinci, Səhiyyə xərcləri 6,5%-dən çox azalacaq. 
Üçüncü, investisiya xərclərində ciddi azalma var, bu illə müqaisədə bu yöndə xərclər 38% azalacaq.

Sonuncu məsələyə xüsusi diqqət cəlb etmək istəyirəm, son illərdə bərqərar olmuş primitiv iqtisadi modelimizdə büdcə-investisiya xərcləri iqtisadi aktivliyin əsas hərəkətverici qüvvəsi idi, obrazlı desək: Dövlət bir obyekt tikirdi (ya təmir edirdi), tenderi özlərinə yaxın şirkətlər udsalar da, orada çalışanlar maaş alır, həmin obyektə daş-qum-qçınqıl daşıyan sürücü qazanır (sürücü timsalında modeli anlatmağa çalışacağam), həmin sürücünün daşı-qumu-çınqılı aldığı karyerlər qazanır, karyerlərdə işləyən fəhlələr qazanır, karyerin yanında balaca kafedə yüklənmə zamanı sürücü çay içir, yemək yeyirdi, onlar qazanırdılar, yolda təkər buraxırdı, təkəryamayan qazanırdı, YPX və ya Nəqliyyata Nəzarət işçiləri onu saxlayıb 5 manat alır-qazanırdılar, həmin sürücü bir reysdən qazandığı 30 manatı dükanda ailəsinə ərzaq alırdı, dükan qazanırdı, dükan qazananda satıcıya maaş verirdi, məktəbə 3 manat süpürgəpulu göndərirdi müəllim də qazanırdı, banka krediti var idi, o puldan gündə 5 manat kreditə ayırırdı, bank da qazanırdı, işçilərinə maaş verirdi – bütün bu obyektlər isə qazanaraq vergi verirdi – büdcədə qazanırdı. İndi məhz bu sxem dağılıb, bu primitiv model çöküb, ona görə də iqtisadi aktivlik dibə vurub. Gələn il də 38% belə xərclərin azalması, iqtisadi aktivliyi quyunun lap dibinə salacaq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA