Neft Fondu Beynəlxalq Maliyyə Korporasiyasının Afrika, Latın Amerikası və Karib Fonduna sərmayə yatıracaq

img

26-04-2010 [05:36]


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Holland Təqaüd Fondunun meneceri ?PGGM?, Koreya İnvestisiya Korporasiyası və Səudiyyə Ərəbistanı Fondu ilə birgə yeni yaradılmış Beynəlxalq Maliyyə Korporasiyasının Afrika, Latın Amerikası və Karib Fonduna sərməyə yatıracaq. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, BMK-nın Afrika, Latın Amerikası və Karib Fondunda 1 milyard ABŞ dolları həcmində vəsaitin toplanması nəzərdə tutulur və bu vəsait BMK-nın Aktivlərin İdarəedilməsi Şirkəti tərəfindən idarə ediləcəkdir. Bu isə öz növbəsində ilk dəfə olaraq BMK ilə birgə suveren və təqaüd fondları kimi investorlara özəl səhm şəklində sərmayə yatırmaqla inkişaf edən ölkə bazarlarında imkanların artırılmasına şərait yaradacaqdır. İlkin tranşda BMK-nın Afrika, Latın Amerikası və Karib Fondu 600 milyon ABŞ dolları məbləğində vəsaiti idarə edəcək ki, bu vəsaitin də 100 mln. dollarının ARDNF tərəfindən ayrılması nəzərdə tutulur. BMK ilə əməkdaşlıq inkişaf edən ölkələrə zəngin əməli təcrübə gətirir və bu bazarlarda investisiya keyfiyyətinin təsirli şəkildə yüksəldilməsinə imkan yaradır. ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bu məlumatla bağlı şərh verərkən bildirmişdir: ?Bu investisiya yatırımı Fondun ölkənin sərvətlərinin qorunması və artırılmasına yönəldilmiş uzunmüddətli strategiyasının qurulmasında mühüm mərhələdir və bu bizim digər mühüm suveren fondlar və beynəlxalq maliyyə qurumları ilə ilk əməkdaşlığımızdır.? Dövlət Neft Fondu Azərbaycan Respublikası Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə 1999-cu ildə təsis edilmişdir. Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA