Digər komunal xidmətlərin qiymətləri də qalxacaq - Ekspertdən xəbərdarlıq

img

15-07-2016 [11:11]


İqtisadçı Məhəmməd Talıblı Tarif Şurasının qərarını hökümətin enerji bölməsinin borclarını əhalinin üzərinə yükləməsi kimi qiymətləndirib.

Ekspert mia.az-a bildirib ki, qərar kommunal və istehlak bazarında qiymət artımı üçün əsas olacaq.

Onun sözlərinə görə, qərara sadəcə 1 qəpiklik artım kimi texniki yanaşmaq sadəlövlük olar: "Bunun digər sektorlara təsiri və "Azərişıq”ın özünün maliyyə durumunda axtarmaq lazımdır. Əvvəla, bu faiz etibarı ilə 17 faizlik artımdan söhbət gedir. İkincisi, bu ölkədə digər kommunal xidmətlərin, hətta istehlak bazarında psixoloji baxımdan digər mal və xidmətlərin artımı üçün baza rolunu oynayacaq və inflyasiya göstəricilərinə mənfi təsir göstərəcək. İki gün öncə Statistika Komitəsinin rəsmi açıqlamasında inflyasiya göstəriciləri açıqlandı. Məlum oldu ki, ölkədə 2 dəfə baş verən devaslasiyadan sonra belə 10,4 faizlik istehlak mallarının qiyməti cəmi bu qədər yüksəlib. Bu ələsalma və ya rəqəmlərlə oynamaq deyil bəs, nədir? Olkədə istehlak mallarının qiymətinin yüksəlməsindən sonra dövlət bu prosesdən vətəndaşlarını deyil, dövlət şirkətlərinin ziyanlarının necə kompensasiya etmək haqqında düşündüyü kimi, gərək vətəndaşların sosial müdafiəsi haqqında da düşünərdi”.

Məhəmməd Talıblı hesab edir ki, söhbət təkcə bir xidmət sektorunda 1 qəpiklik artımdan getmir. Bunun iqtisadi məntiqi odur ki, bu tipli addımlar digər təbii inhisarçı şirkətlər tərəfindən də atılacaq. Yəni, digər komunal xidmətlərin qiymətlərində də artımlar olacaq. Amma onun nə zaman atılası sadəcə zaman məsələsidir. Bir ay tez, üç ay gec. Çünki proses ona doğru gedir. Amma maraqlıdır ki, iri dövlət şirkətləri dövlət büdcəsindən həm 10 milyonlarla dotasiya almalıdır, həm beynəlxalq maliyyə qurumlarından kreditlər və texniki yardımlar almalıdır, həm də fürsət düşən kimi istehlakçılar üçün qiymət artımına getməlidir? Halbuki, Azərbaycanın xarici borclarının yüksəlməsində bu şirkətlər üçün dövlət zəmanəti ilə kreditlərin rolu az deyil. Əgər bütün bunlar pis idarəetmə, keyfiyyətsiz xidmət və qiymət artımları ilə müşahidə olunacaydısa, o zaman bütün bu illər ərzində bu qədər dövlət resursları nə üçün istifadə olunurdu? Müstəqil iqtisadçılar olaraq biz dəfələrlə deyirdik ki, dövlət şirkətlərinin bəziləri özəl şirkətlər tərəfindən iradəetməyə götürülməsinə start verilsin. Çünki bunu başa düşmək çətin deyildi ki, bu ağır yükü dövlət öz çiyinləri üzərində uzun müddət apara bilməyəcək. Onda bütün bunlara ciddi reaksiyalar olmadı. İndi gəlin baxaq görək yaxın qonşu ölkələrin hansında belə yüksək elektikdən istifadə tarifləri var? Neft-qaz ölkəsi kimi tanınan orta Asiya Respubliklarına baxmaq kifayət edir. Bizdə elektrik enerjisinin qiymət səviyyəsi resurs ölkəsi kimi tanınan Orta Asiya cumhuriyyətləri ilə müqayisə edəndə məlum olur ki, bizdəki hətta artım qiymətləri onları 4 dəfə qabaqlayır. Başqa sözlə indiki tariflərin yüksəldilməsi ölkədə inflyasiya təzyiqlərini gücləndirəcək. İqtisadiyyatın özündə əlavə bahalaşma tendensiyasını gücləndirəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA